"Bakı"nın dağılmasına o qədər üzülürəm ki, sanki doğma övladımı itirmişəm"

30 Sentyabr 2019 17:18 Müsahibə 1 143
"Bakı"nın dağılmasına o qədər üzülürəm ki, sanki doğma övladımı itirmişəm"

Vaxtı ilə ölkəmizdə "Bakı"nı çalışdırmış, hazırda isə Region Liqasında mübarizə aparan "Şahdağ Quba" klubunun baş məşqçisi İbrahim Uzunca Sportinfo.az-a müsahibə verib.

- Yenidən Azərbaycan futbolundasız. Əvvəlcə təəssüratlarınızı bilmək maraqlı olar...

- Açığı, çox xoşbəxtəm. 2008-ci ildən bu yana Azərbaycanda işləyirəm. Yetişdirdiyimiz futbolçuların indi peşəkar klublarda oynadığını görmək məni sevindirir. Bu hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Həmin oyunçuları izləməkdən zövq alıram. Yenidən mənə burada işləmək imkanı yaradıldığı üçün çox sevincliyəm.

- Sizə bu imkanı kim yaratdı? Necə oldu ki, yenidən ölkəmizdə işləməyə qərar verdiz?

- Buna görə klubun prezidenti olan Xanbaba qardaşımıza (klubun prezidenti Xanbaba Daşdı nəzərdə tutulur - red) təşəkkürümü bildirirəm. Onunla əvvəllər oyunçular haqda telefon danışıqlarımız olurdu. Ona Türkiyədə köməklik göstərirdik. Kluba rəhbər təyin olunduqdan sonra bizi düşünüb, nə qədər ciddi çalışdığımızı görüb, belə bir təklif göndərdi. Mən də təklifi geri çevirmədim. Azərbaycan futboluna əlimdən gəldiyi qədər fayda vermək istəyirəm. Ona görə də təklifi qəbul etdim. Liqanın səviyyəsini düşünmədən bura gəldim. Xeyirlisi nədirsə, o da olsun. Komandanı müəyyən yerlərə qaldırmaq üçün burdayam.

- 2014-2015-ci illərdə "Bakı"da, Azərbaycandan gedəndən sonra isə Türkiyənin aşağı liqalarında çalışmısız. Sizi həvəskar səviyyədə olan Region Liqasına gətirən başlıca səbəb nə oldu?

- Azərbaycanlı qardaşlarıma kömək etmək üçün gəldim. Xanbaba qardaşımın təklifini aramızdakı münasibətə görə qəbul etdim. Hədəfim bu komandada uzun illər işləmək, onu yaxşı yerlərə gətirməkdir. Quba rayon İcra Hakimiyyəti, yerli iş adamları dəstək versələr, bəlkə də klub yuxarı səviyyələrə qalxa bilər. Bunun üçün əlimdən gələn hər şeyi edəcəm.

- Həyat yoldaşınız azərbaycanlıdır. Yenidən bura qayıtmağınızda bu amilin nə dərəcədə rolu var?

- Övladım burada məktəbə başladı, oxuyur. Çətin günlərində onun yanında olmaq atalıq vəzifəmdir. Əlbəttə, bu amilin də rolu oldu. Türkiyədən də təkliflərim var idi. Amma mən buranı seçdim. Azərbaycanda işlədiyim üçün xoşbəxtəm.

- Vaxtı ilə işlədiyiniz "Bakı" artıq yoxdur, fəaliyyətini dayandırıb. Bu, sizə necə təsir edir?

- O vaxt necə işlədiyimizi siz də görürdünüz. Mehriban kollektivimiz var idi, ailə kimiydik. Belə bir mühitdə Azərbaycan futbolu üçün dəyərli oyunçular yetişdirdik. Həqiqətən həmin futbolçuların üzərində əməyimiz çoxdur. Özləri də hər dəfə söz düşəndə bunu etiraf edir, danmırlar. "Bakı" klubunun dağılmasına o qədər üzülürəm ki, sanki doğma övladımı itirmişəm. Ümid edirəm ki, ən azı o komanda səviyyəsində digər klublarımız da Azərbaycan futbolu üçün oyunçu yetişdirərlər. Futbolunuzun inkişafında az da olsa əməyimiz varsa, buna ancaq sevinə bilərik.

- "Bakı" klubunda yetişən, üzərində əməyiniz olan futbolçulardan indi sizinlə əlaqə saxlayan varmı?

- Region Liqası, digər həvəskar liqalar, birinci divizionda oynayan bəzi futbolçularla danışırıq. Düzdür, indi başqa komandalarda oynayırlar. Amma söz verdilər ki. ehtiyac olarsa, bizim komandaya da kömək edəcəklər.

- Sizin "Bakı"da işlədiyiniz dönəmlə müqayisədə indi Premyer Liqada cəmi 8 komanda qalıb. Bu barədə nə deyə bilərsiz?

- Əlbəttə, klubların sayının azalması futbolun səviyyəsini və keyfiyyətini də aşağı salır. Əgər say artarsa, bunun Azərbaycan futboluna çox faydalı olacağını düşünürəm.

- Region Liqasında yeni mövsümün startına çox az qalıb. Qarşıda duran əsas hədəflər nədən ibarətdir?

- İlk növbədə yaxşı komanda hazırlamağa çalışırıq. Əsas hədəfimiz diviziona çıxmaqdır. Mənim gəlişimdən sonra bəzi dostlarımız gəlib burda oynamaq üçün xəbər göndərirlər. Təbii ki, buna görə sevinirik. Onların haqqımızda müsbət düşüncədə olması bizim də işləmək həvəsimizi artırır.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti