Ruslan Abışov: "Qol vurmaq, qələbə qazanmaq üçün darıxmışdıq"

29 Sentyabr 2019 20:57 Müsahibə 1 428
Ruslan Abışov: "Qol vurmaq, qələbə qazanmaq üçün darıxmışdıq"

"Sabah"ın kapitanı Ruslan Abışov Premyer Liqanın VI turunda evdə "Səbail"i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- İlk qələbənizi VI turda qazandız. Bu, qalibiyyət sizin üçün nə deməkdir?

- Bu qələbəni çoxdan gözləyirdik. Amma alınmırdı. Düzdür, ümidverici oyun oynamırdıq. Etiraf edim ki, qol epizodları yarada bilmirdik. Artıq hər şey keçmişdə qaldı. Hər gün yeni nəsə başlayır. Biz də oyuna o beyinlə çıxmışdıq. İlk 5 turu unudub, sıfırdan başlamaq istəyirdik. Bu gün əqiqətən yaxşı oynadıq. Vurduğumuz qollar da baxımlı alındı. Dəyərləndirə bilmədiyimiz fürsətlər də oldu. Qələbəyə layiq idik.

- Qısa müddətdə nə dəyişdi ki, komanda meydana yaxşı motivasiya ilə çıxdı və böyükhesablı qələbə qazandı?

- Qeyri-adi heç bir şey etmədik. Hər oyundan qabaq paltardəyişmə otağında danışırdıq ki, udmaq lazımdır. Nədənsə alınmırdı. Bu gün isə oyunumuz hərtərəfli alındı. Digər oyunlara hazırlaşdığımız kimi hazırlaşmışdıq. Nədənsə o partlayış bugünki oyunda oldu. İnanıram ki, bunun ardı gələcək.

- Demək olarmı ki, bu gün özünüzü gələcək baş məşqçiyə göstərmək istədiyiniz üçün oyununuz uğurlu alındı?

- İqor Panomaryov əvvəllər də baş məşqçi işləyib, futbolumuzu yaxşı bilir. Bizə dedi ki, özünüzə inanın, futbolunuzu oynayın, rəqibə üstünlüyünüzü göstərin. Bu gün az da olsa potensialımızı aça bildik.

- 2:0-dan sonra elə hücumlar qururduz ki, sanki uduzan tərəf siz idiz...

- Darıxmışdıq də (gülür). 3 oyundur qol vurmurduq. Komanda uğura ac idi. Artıq bu qələbəni unutmaq lazımdır. Qarşıda vacib oyunlarımız var.

- Demək olarmı ki, bu qələbə ilə psixoloji gərginliyiniz də aradan qalxdı?

- Düzdür, psixoloji amil çox önəmlidir. Qol buraxandan sonra tez ruhdan düşürdük. Bu baxımdan problemlərimiz var idi. Bu gün tilsimi qırdıq. İnanıram ki, qarşıdakı oyunlarda məğlub duruma düşsək belə, bu matçı yada salıb, vəziyyətdən çıxa biləcəyik.

- Qarşıdan ən çətin rəqib olan "Qarabağ"la oyun gəlir. Nə düşünürsən?

- İstərdim ki, çempionatda hər zaman "Qarabağ" kimi komandalarla oynayaq. Peşəkar futbolçu üçün bu cür rəqiblə qarşılaşmaq daha yaxşıdır. Düzdür, "Qarabağ" 6 oyuna 18 xal toplayıb. Çempionatın lideridir. Həqiqətən buna layiqdir. Amma bizim də itirəcəyimiz bir şey yoxdur. Sürprizə imza atmaq üçün meydana çıxacağıq. Rəqib "Qarabağ"dır, amma biz də sona qədər oynayacağıq.

Digər Xəbərlər
Xəbər Lenti