Sənan Qurbanov: "Görünür, Qriqorçuku həddən artıq "kopyalamışam" - MÜSAHİBƏ

28 Sentyabr 2019 11:20 Müsahibə 1 532
Sənan Qurbanov: "Görünür, Qriqorçuku həddən artıq "kopyalamışam" - MÜSAHİBƏ

Ötən ayın sonuncu günündə "Qəbələ"nin baş məşqçi postundan istefa verən Sənan Qurbanov Sportinfo.az-a müsahibə verib. Digər klublardan təklif gözlədiyini deyən mütəxəssis maraqlı fikirlər səsləndirib.

- Sənan müəllim, "Qəbələ"dən ayrıldıqdan sonra nə işlə məşğul olursuz?

- Hələ ki, bekarçılıqdır. Futbol oynayıram, qaçıram, tərləyirəm. Arada kitab oxuyur, vacib oyunlara baxıram, yerli çempionatı izləyirəm.

- Yəni, futbolda olduğunuz illərin yorğunluğunu çıxrırsız...

- (Gülür). Cavanam, enerjiliyəm. İşsiz qalmaq bir az çətindir. Darıxıram, işləmək istəyirəm. Boşluğu nə iləsə ört-basdır etməyə çalışıram. Yenə də asan deyil.

- "Qəbələ" ilə bağlarınızı tamam qoparmısız?

- Fariz müəllimlə görüşdüm, çox yaxşı söhbətimiz oldu, halallaşdıq. Onunla bir-birimizə böyük hörmətimiz. Yaxşı ayrıldıq. Artıq məni "Qəbələ"yə bağlayan heç nə yoxdur.

- "Qəbələ"nin oyunlarını izləyirsiz?

- Belə canlı 90 dəqiqə oturub izləməmişəm. Cəmi bir oyunun 45 dəqiqəsinə baxmışam. Onda da rayondan gəlirdim. Ancaq çatdırdım.

- Yəqin ki, nəticələrdən xəbəriniz var. Komanda sizin gedişinizdən sonra uduzmayıb - bir qələbə, bir heç-heçə. Əyalət təmsilçisinin oyununda nə dəyişiklik var?

- Hə, nəticələrdən xəbərim var. Yaxşıdır, uşaqlar mübarizə aparırlar. Komandaya uğurlar arzu edirəm. "Qəbələ"nin könlümdə başqa bir yeri var. Əsas dəyişiklik odur ki, komanda həvəslə, canla-başla oynayır. Futbolçularla əlaqələrim qalır, danışırıq. Ancaq sistemdə hər hansı ciddi dəyişiklik görmürəm. Cavan futbolçulardır, istək var, oynayırlar. Bundan başqa, Anar Nəzirovla İvan Zuniçin komandaya qoşulması da futbolçulara yaxşı stimul oldu. Mənim vaxtımda onların komandada yeri görünürdü. Çünki heyət geniş deyildi.

- Bəs siz işlədiyiniz son dönəmdə futbolçularda o istək niyə yox idi?

- Futbolda belə şeylər çox olur. İndi boş vaxtım çox olur. Hər şeyi oturub analiz edirəm ki, niyə belə oldu. Syomin, Munteanu, Qriqorçuk... Çox məşqçilərlə işlədim. Hərdən futbolçularda bu cür uzunmüddətli eniş olur. Nə etsək də, fayda vermir. Uğursuz zolaq kimi gedir. Ona görə həmin vaxt belə qərar verdim ki, getsəm, daha yaxşı olar. Görünür, bu addım komandaya yaxşı təsir edib.

- Zahirən sakit adama oxşayırsız. Amma eşitdiyimizə görə, məşqlərdə, futbolçularla iclaslarda çox aqressiv olmusuz. Hətta oyunçulara sərt şəkildə irad bildirir, onlara qışqırırdız...

- Həyatda hər bir insana, onun şəxsiyyətinə böyük hörmətlə yanaşmağa çalışıram. Amma mənim də öz iş prinsipim var. Bilmirəm, deyəsən, Qriqorçukdan keçib. Dörd il onun yanında olmuşam. Bəlkə də cavan olmağımdan irəli gəlir, bir şeyi mən daha tez istəyirəm. Hansısa tapşırığı verəndə, çalışıram ki, onu ciddi qəbul etsinlər və tam yerinə yetirsinlər. Videoanalizlər zamanı bəzən olurdu ki, epizodları saxlayırdım, futbolçulara izah edirdim. Bu isə bəzən çılğınlığa gətirib çıxarırdı. Hətta o dönəm Qriqorçuk komandadan ayrılanda futbolçular deyirdilər ki, bir Qriqorçuk getdi, o biri gəldi (gülür). Sanki yerdəyişmə oldu. Görünür, onu həddən artıq "kopyalamışam".

- Qriqorçuk hərdən futbolçuları söyürdü. Sizdə belə bir şey olmayıb?

- (Gülür). Əlbəttə, futbolçuları təhqir etmək olmaz. Hər birinə böyük hörmətim var. Onlar tapşırığı meydançada icra edənlərdir. Düzdür, Qriqorçuk bəzən çox çılğın olurdu. Amma iclasdan sonra futbolçunu bağrına basıb qucaqlayırdı. Həqiqətən oyunçuları çox istəyirdi. Elə mən özüm də. Hərdən özünə idarətetməni itirirsən. Bunu da mənim gəncliyimə bağışlayın. Baş məşqçi kimi bir ildən elə də uzun müddət işləmədim. Bu müsahibədən sonra nəsə bir təklif, qığılcım olsa, işləməyə hazıram. Çünki bəzi müşahidələr aparmışam. Harada səhvlər buraxdığımı bilirəm.

- Sizdə PRO kateqroiyası yoxdur. Bu məsələni həll etmək haqda düşünürsüz?

- Bu məsələ qüvvədə qalır. Ya burada, ya da xaricdə oxumağa çalışacam. PRO kateqoriyasını almaq istəyirəm. Mənə çox lazımdır. Əslində yazılmışdım, oxumalıydım. Sadəcə, “Qəbələ”dən çıxmağım planları dəyişdi. Ancaq hansı yollasa həmin kateqoriyanı almağa çalışacam.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti