"Azərbaycanda futbol cüdo və gimnastikadan sonra gəlir" - Yurçeviçin köməkçisi

27 Sentyabr 2019 12:43 Müsahibə 765
"Azərbaycanda futbol cüdo və gimnastikadan sonra gəlir" - Yurçeviçin köməkçisi

Milli komandamızda Nikola Yurçeviçin köməkçisi işləyən Mario Tokiç Almaniyanın "spox.com" nəşrinə geniş müsahibə verib. Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis yığmamız və ölkəmiz haqda da danışıb.

- Heç vaxt Azərbaycanda olmamışdım. Ölkə haqda məlumatım az idi. Ona görə də həyəcanlı və təəccüblü idim. Baxmayaraq ki, yaxın futbolçular və məşqçilər mənə burada yaşadıqları üçün necə şanslı olduqlarını söyləmişdilər. Bura gələndən sonra özüm də buna əmin oldum. Azərbaycan böyük potensiala və gözəl insanlara sahib ölkədir. Neft və qazdan pul qazanırlar. Xüsusilə Bakı şəhəri çox gözəldir. Burada yaşamaq inanılmazdır. Hər şey xoşuma gəlir. İstər iqlimi, istər yeməkləri, istərsə də insanları. Yayda Xorvatiya və Vyanada da oldum. Amma əsas yaşayış yerim Bakıdır. Xüsusilə də payızda - beynəlxalq oyunların çox olduğu vaxtda Azərbaycanda oluram.

- Azərbaycana necə getdiniz?

- Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya televiziyalarından birində oyunların analizi üzrə həmkarım idi. Təklif alanda məndən onu müşayiət edə bilib-bilməyəcəyimi soruşdu. İdeya mənə maraqlı gəldi. Nikola əla insan və böyük təcrübəsi olan yaxşı məşqçidir. Düşündüm ki, ondan nələrsə öyrənə bilərəm. Bu, millidəki ilk işimdir.

- Klubda deyil, millidə işləmək xoşunuza gəlir?

- Qərarımdan razıyam. Vaxt ən böyük problemimizdir. Yeni komanda qurmaq istəyirik. Liqadakı oyunlara görə millinin matçlarına 4-5 gün qalmış yığışa bilirik. Bir də yanvar ayında futbolçularla işləmək üçün 3-4 həftəlik toplanışımız olacaq.

- Millidəki işləriniz necə gedir?

- AVRO-2020-nin seçmə mərhələsində 5 komandalı çətin qrupa düşmüşük. Bu mənada nisbətən asan rəqibimiz yoxdur. Çətin olacağını bilirdik. Hələlik 6-7 istedadlı futbolçunu milliyə cəlb etmişik. Yaxın 10 illik üçün Azərbaycan yığmasında yaxşı baza qurduğumuz görünür.

- Azərbaycanda futbol nə dərəcədə önəmlidir?

- Ölkədə futbola çoxlu pul qoyulur. Amma bir nömrəli idman növü cüdodur. Həmçinin gimnastika da populyardır. Dünya səviyyəli bir neçə idmançıları var. Daha sonra futbol gəlir. Reytinqimiz pisdir. Mənə Avstriya yığmasının ilk vaxtlarını xatırladır. Addım-addım yuxarı qalxmalıyıq. Rəhbər vəzifələrdə olan adamlar qarşılarına böyük hədəflər qoyur və idmana xeyli sərmayə ayırırlar. Bu cür insanlarla işləmək çox maraqlıdır. Onlar bilirlər ki, bizə inkişaf üçün vaxt lazımdır. Olduqca realist insanlardır. İstedadları üzə çıxarmalıyıq ki, müasir futbolla ayaqlaşmağa hazır olaq. Yaxşı futbolçular çoxdur. Yuxarı səviyyəyə çıxmaq üçün işləyirik.

- Avropada Azərbaycan futboluna olan təzyiqlər tənqid olunur. Ümumiyyətlə, ölkədə futbol sosial-siyasi problemlərdən yayınmaq üçün istifadə olunmur ki?

- Çox adam Azərbaycanı ümumiyyətlə, tanımır. Xeyli səhv məlumatlar yayılır. Ona görə də bura gələn hər kəs həyəcanlanır. Halbuki Bakı yaşayış səviyyəsinə görə Avropanın ən yaxşı şəhərlərindən heç də geri qalmır. Bütün uşaqlar və yeniyetmələr üçün təhsil pulsuzdur: uşaq baxçalarından məktəblərə, universitetlərə qədər. Hamının sosial təminatı var, tibbi müalicəyə görə narahat olmurlar. Təhlükəsizlik ən yüksək səviyyədədir. Buna görə də əhali prezidentdən çox razıdır. Bunu hər gün şəhər küçələrində eşitmək olur.

- Azərbaycanda futbolun durumu necədir?

- İnfrastruktur əla səviyyədədir. Hər kəs Avroliqanın Bakıda keçirilən finalından razı qalıb. Yalnız evdə oturan insanlar tənqid edirlər. UEFA-nın başlıca siyasəti yeni bazarların açılmasıdır. Azərbaycan böyük oyunlarda iştirak etməyə layiqdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"