"Bir-iki real təklif var idi, razılaşmadıq" - EMİLİN ATASI

25 Sentyabr 2019 20:45 Müsahibə 1 136
"Bir-iki real təklif var idi, razılaşmadıq" - EMİLİN ATASI

Emil Balayevin atası Nazim Balayev Sportinfo.az-a müsahibə verib.

- Yəqin ki, Emillə tez-tez danışırsız. "Tobol"dakı vəziyyətindən razıdır? Qazaxıstanda darxımır ki?

- Yox, darıxmır. Heç darıxmağa vaxtı olur ki? Hər gün məşq edirlər. Ora Azərbaycan kimi deyil. Bilirsiz ki, Qazaxıstanın ərazisi böyükdür. Karaqandanın aeroportu işləmir deyə ora qatarla gedib-gəldilər. Hərdən bu cür çətinliklər də olur. Amma darıxmaq söhbəti yoxdur. Yaxınlarda millinin toplanışı üçün Bakıya gəlməlidir.

- Belə çətinlikləri görəndə hardasa heyfslənirmi ki, kaş "Tobol"a keçməzdim?

- Yox, yox, heyfslənmir. Həyatdır, bu da onun yoludur. Bu çətinlikləri tək o yaşamır ki. Komanda şəklində gedib-gəlirlər. Bu da onun işidir. Pəşəkar futbolçudur, özü bilir, hara və niyə gedib. Qarşısına məqsəd qoyub, ona çatmaq lazımdır.

- Emilin "Tobol"la müqaviləsi nə vaxt başa çatacaq? Ümumiyyətlə, klubdan yeni sözləşmə təklif olunubmu?

- Emilin müqaviləsi, səhv etmirəmsə, 2020-ci ilin qışında başa çatracaq. Amma digər məsələdən xəbərim yoxdur. Həm də indi o haqda danışmaq bir az tezdir. Ayrı-ayrı klublardan təkliflər var. Amma Emil hələ ki, hazırkı komandasının uğurları üçün çalışır. Yəqin ki, "Tobol" müqavilənin bitməsinə 3 ay qalmış müəyyən addım atacaq. Bu dəqiqə onların fikri yalnız və yalnız çempionluqdadır.

- Dediz ki, Emilə bəzi klublardan təkliflər var. Saytımızda oğlunuzun "Konyaspor"un maraq dairəsində olması ilə bağlı xəbər gedib. Bununla bağlı nə deyə bilərsiz?

- Təkliflər gəlir, amma inanın ki, nə oğlumun xəbəri var, nə də mənim. Ola bilsin, klubun seleksiyaçıları izləyirlər. Bir-iki real təklif var idi, razılaşmadıq. Orada bəzi məsələlər var idi, ona görə alınmadı. "Konyaspor"un Emillə maraqlandığını mətbuatdan öyrəndim. Rəsmi olmadığından belə şeylərə münasibət bildirmək istəmirəm.

- İki real təklif olduğunu bildirdiz. Maraqlıdır, Emili istəyən hansı klublar idi?

- Hardasa 4-5 ay bundan əvvəl olub. Üzərindən xeyli vaxt keçib. Heç açıqlamağa dəyməz. Biri Türkiyə, digəri isə Avropa klubu idi.

- Maraqlıdır, niyə həmin təkliflərə "yox" dediz?

- Hələlik Emil öz üzərində işləməlidir. Gedib-gəlməklə bağlı maliyyə məsələsi var idi, ona görə istəmədik. Bizə sərf edən təklif olmadı. Hələlik "Tobol"dadır. Görək, gələcəkdə necə olacaq? Mənimlə məsləhətləşir, amma qərarı özü verir. Çünki özü işini daha gözəl bilir. Onun fikrinə müdaxilə edə bilmərəm. Sadəcə, bir ata kimi, məsləhət verirəm. Daha sonra məşqçiləri ilə də məsləhətləşir.

- Yəqin ki, Emil ancaq irəliyə baxır, yaxın gələcəkdə Azərbaycana qayıtmaq haqda düşünmür...

- Hazırda əsas fikri ölkə xaricində çıxışını davam etdirməkdir.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti