"Sabah"ın futbolçusu: "Biz də günahkarıq, rəhbərlik də"

24 Sentyabr 2019 22:50 Müsahibə 736
"Sabah"ın futbolçusu: "Biz də günahkarıq, rəhbərlik də"

"Sabah"ın müdafiəçisi Kərim Diniyev Sportinfo.az-a müsahibə verib. Komandanın uğursuz çıxışını şərh edən futbolçu baş məşqçi dəyişikliyinə də münasibət bildirib.

- Mövsümün əvvəlində bir çoxları "Sabah"ın yüksək yerlər uğrunda mübarizə aparacağını gözləyirdi. Klub rəhbərliyi, baş məşqçi və futbolçuların mətbuata açıqlamalarında da bu iddia əksini tapırdı. Ancaq hər şey gözlənilənin əksinə oldu. Beş turdan sonra "Sabah" 2 xalla sonuncu pillədədir. Vəziyyət niyə bu yerə çatdı?

- Doğrudan da hamı "Sabah"dan daha artığını gözləyirdi. Buna "qara zolaq" da demək istəmirəm. Çünki hələ cəmi 5 tur keçib. Hardasa bəxtimiz də gətirmədi. Bəzi oyunlarda komanda zəif çıxış etdi. Ümumiyyətlə, ilk 5 turda bizdə heç nə alınmadı. Artıq irəliyə baxmalı, qarşıdakı oyunlara daha yaxşı köklənib istədiyimiz nəticələri qazanmalıyıq. Heyətimiz də buna imkan verir.

- Dördüncü turda "Qəbələ"yə ev məğlubiyyətindən sonra baş məşqçi Elşad Əhmədov istefa verdi və yerinə İqor Ponomaryov təyin olundu. Səncə, bu dəyişiklik "Sabah"a nə verə bilər?

- İndi bu barədə nəsə deyə bilmərəm. Gərək, komanda əvvəlcə onun başçılığı altında oyuna çıxsın. "Səbail"lə qarşıdakı matçdan sonra bununla bağlı fikir bildirmək olar ki, Ponomaryovun gəlişi komandaya nə verəcək. Hələ ki, məşqlərimizi edirik. Ümid edirəm ki, yaxşı olacaq.

- Elşad Əhmədovdan söz düşmüşkən, necə düşünürsən, "Sabah"ın uğursuzluğunun günahı təkcə baş məşqçidə idi?

- Yox, yox. Əlbəttə ki, problem təkcə Elşad müəllimdə deyildi. Bütün komandanın günahıdır. Hər şeyi Elşad Əhmədovun üstünə yıxmaq düzgün deyil. Məğlubiyyət, pis nəticə varsa, bu, hamının - futbolçuların, texniki heyətin, rəhbərliyin, bir sözlə, burada işləyən hamının günahıdır.

- Ponomaryov artıq komandanı ilk məşqə çıxarıb. Ümumi ab-hava, əhval-ruhiyyə necədir? Yeni baş məşqçinin futbolçulara ilk sözləri nə oldu?

- Hər şey normaldır. Yeni baş məşqçi komandadan pozitiv olmağı tələb edir. Deyir ki, hər şey yaxşıdır, uğursuz oyunlar geridə qalıb. Çox şey itirməmişik. Cəmi 5 tur keçib. Pis günləri unudub, qarşıdakı oyuna hazırlaşmaq lazımdır.

- Elşad Əhmədovun gedişindən sonra bir oyunluq baş məşqçi əvəzi təyin olunan Rövşən Babayev "Sumqayıt"la matçdan sonra mətbuat konfransında bəzi maraqlı fikirlər səsləndirmişdi. Legionerlərdən, xüsusilə də ön xətdə çıxış edən futbolçuların istənilən səviyyədə olmadığını bildirmişdi.

- Futbolçular haqda fikir bildirmək mənim işim deyil. Bunun üçün baş məşqçi var. Sadəcə onu deyə bilərəm ki, çempionatımıza yeni gəliblər. Onlar üçün yeni ölkə, yeni təcrübədir. İndi-indi bizi tanımağa başlayırlar. Ona görə də qol hesabını açmamaları normaldır. İnanıram ki, tezliklə öz oyunlarını tapacaqlar.

- Komandanın hazırkı durumu ilə bağlı rəhbərlik nə deyir? Yəqin ki, iclaslarda bu barədə söhbət gedir...

- Elə dünən Ponomaryovu komandaya təqdim edəndə klub prezidenti Maqsud Adıgözəlov da gəlmişdi. Komandaya güvəndiyini bildirdi. Dedi ki, inanmasaq, heç nə əldə edə bilmərik. Hər şeyi yaddan çıxarmağımızı, nəticələrin yaxşılaşacağını söylədi.

- Sonda özünlə bağlı soruşmaq istəyirəm. Niyə ehtiyatda qalırsan?

- Özümlə bağlı danışmasam, olar? Məşqçilərin qərarıdır, hörmətlə yanaşıram. Başqa nəsə demək istəmirəm.

- Oynamamağın səni narahat etmir?

- Əlbəttə, narahat edir. Sizcə, elə şey olar ki, narahat etməsin? Sadəcə, dediyim kimi, baş məşqçinin qərarıdır. Hörmət edirəm. Mən başımı aşağı salıb, məşqimi edirəm.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti