"Biz "Neftçi"dən daha yaxşı oynadıq" - Con Kamara

23 Sentyabr 2019 11:03 Müsahibə 657
"Biz "Neftçi"dən daha yaxşı oynadıq" - Con Kamara

"Keşlə"nin yarımmüdafiəçisi Con Kamara Premyer Liqanın V turunda "Neftçi" ilə oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb. Sierra-leoneli futbolçu əvvəlcə 0:0 hesablı heç-heçəni şərh edib.

- Düşünürəm ki, hər iki komanda yaxşı təsir bağışladı. Hesab 0:0 olsa da, məncə, qələbəyə yaxın tərəf biz idik. 3 xal qazana bilərdik. "Neftçi"yə hörmət edirik. Yaxşı komandadır. Tanınmış oyunçuları var. Bununla belə, biz rəqibdən daha yaxşı oynadıq. Təəssüf ki, qol vura bilmədik.

- Sizcə, nəticə ədalətli oldu?

- Bu, futboldur. Bəzən qələbə gözləyirsən. Əgər qalib gələ bilmirsənsə, 1 xalla kifayətlənməyi bacarmalısan. Dediyim kimi, "Neftçi" əla komandadır. Onlara hörmət edirik. Buraya 3 xal üçün gəlmişdik.

- Paltardəyişmə otağından alqış və gülüş səslərinizi eşidirdik. Bu, 1 xala görə idi?

- Əlbəttə. "Neftçi" Azərbaycanda ən yaxşı futbol oynayan komandalardan biridir. Onlarla oyunda 1 xal belə bizim üçün vacibdir. Nəticəyə görə xoşbəxtik.

- Açığı, "Neftçi" meydanda azlıqda qalandan sonra "Keşlə"nin pressinq edəcəyi gözlənilirdi. Amma nədənsə müdafiəyə çəkildiniz. Bu, nə ilə bağlı idi?

- Haqlısınız, hər kəs bizdən bunu gözləyirdi. Ancaq bu, futboldur. Çempionlar Liqasının oyunlarında da belə hallar müşahidə olunur. Gördüyünüz kimi, azlıqda qalandan sonra da "Neftçi" hücum edib, hesabı aça bilərdi. Biz intizamlı komandayıq. Məşqçimizin tapşırıqlarına qulaq asırıq. Sonda xal qazana bildik. Düşünürəm ki, ən əsası uduzmamaq idi.

- Bu yay bir çox oyunçu "Keşlə"ni tərk etdi. Onların arasında sizinlə eyni vaxtda heyətə cəlb olunan legionerlər də var idi. Tərlan Əhmədov onları göndərsə də, sizi komandada saxladı...

- Düşünmürəm ki, onu nəyləsə təəccübləndirdim. Bəzən dəyişikliklər edilir. Komandam üçün əlimdən gələn ən yaxşısını etməyə çalışıram. Düzdür, bir çox oyunçu "Keşlə"ni tərk etdi. Ancaq mən hələ də komandamlayam. Məşqçilər heyəti komandanı yenidən qurmaq üçün belə addımlar atır.

Digər Xəbərlər
Xəbər Lenti