Xulio Rodriges: "Bilsəydim, sizə də cavab verərdim"

16 Sentyabr 2019 14:00 Müsahibə 824
Xulio Rodriges: "Bilsəydim, sizə də cavab verərdim"

“Zirə”nin hücumçusu Xulio Sezar Rodriges Sportinfo.az saytına müsahibə verib:


- “Sumqayıt”la görüşdə çətinliklə də olsa, qalib gəldiz. İstədiyiniz oyunu göstərə bildiz?

- Yaxşı və ya pis oynamaq mühüm deyil. Məncə, vacib olan oyunu qələbə ilə başa vurmaqdır. Hər görüş fərqlidir, yaxşı və ya pis oyun ola bilər. Ancaq biz matçın əvvəlindən qələbəyə can atırdıq. Heç-heçə bizi qane etmirdi. Bir sözlə, qələbə qazandığımıza görə şadam.

- Şafiq Tiqruca qol vurmamışdan əvvəl topa əlilə toxunmuşdu. Saytımıza müsahibəsində bunu etiraf edib. Həmin epizodu necə şərh edərdiz?

- Həmin epizodu görməmişdim. Amma ən önəmlisi həmin hücumu qolla tamamlamaq idi. Hakimlərin qərarı da lehimizə oldu.

- Cari mövsüm qol hesabınızı Sumqayıtda açdız. Nədənsə gec alındı qol vurmağınız...

- Əgər bilsəydim, sizə də asanlıqla cavab verərdim (gülür). Ancaq hər oyun müxtəlif cür olur. Meydanda daha çox müdafiəçi tərəfindən təzyiq olduğunu hiss edirəm. Yəqin ki, bu da ötən mövsüm epizodların çoxunu qola çevirməyimlə bağlıdır.

- “Zirə”nin bu mövsümkü məqsədi avrokuboklara çıxmaqdır: sizin üçün hansı yolla vəsiqə qazanmaq daha rahat olar - çempionat, yoxsa ölkə kubokundan?

- Fərq etməz, məqsədimiz istənilən halda avrokuboklarda mübarizə aparmaqdır. Hələ qarşıda çox oyun var. Ümid edirəm ki, istəyimizə nail olacağıq.

- Qarşıdakı turda rəqibiniz “Qarabağ”dır. Necə düşünürsüz, onları evdə məğlub etmək mümkün olacaq?

- Əla oyun olacaq. Həmişə böyük klublara qarşı oynamaq möhtəşəmdir. Onlar çempionatın əsas favoritidir. Ancaq komandamıza güvənim böyükdür. Hər oyunda bu dəyişməz qalacaq. Futbol 11 nəfərin 11 nəfər qarşı oynadığı oyundur. Meydandakı hər kəs öz işinin öhdəsindən yaxşı gəldiyi halda, uğurlu nəticəyə ümid etmək olar.

- “Qarabağ” sizinlə oyundan dörd gün əvvəl “Sevilya” ilə qarşılaşacaq. Rəqibin həmin oyunu düşünməsi, mümkün yorğunluq - bunları sizin üçün üstünlük saymaq olar?

- Bəlkə də üstünlük ola bilər. Amma “Qarabağ”ın heyəti genişdir. Bizim öhdəmizə düşən ilk məqsəd bu oyuna yaxşı hazırlaşmaqdır. Ümid edirəm ki, ev sahibi komanda kimi uğurlu nəticə əldə edə bilərik.


- “Zirə” sizin üçün Azərbaycanda maksimum səviyyədir, yoxsa “Neftçi” və ya “Qarabağ”a keçmək haqda düşünürsüz?

- İndiki halda yalnız “Zirə” haqqında düşünürəm. Çünki mayın sonuna kimi klubla müqaviləm var. Yaxın gələcəkdə nələrin olacağını isə görəcəyik.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti