O, Azərbaycan pasportuna görə Rusiya vətəndaşlığından imtina etməyə hazırdır

3 Aprel 21:20 Müsahibə 3 759
O, Azərbaycan pasportuna görə Rusiya vətəndaşlığından imtina etməyə hazırdır

“Turan Tovuz”un şərəfini qoruyan azərbaycanlı Ayxan Hüseynov ölkəmizdə legioner statusu ilə oynayır.

24 yaşlı Rusiya vətəndaşlığını daşıdığına görə xarici şəxs hesab olunur. Və bu hal artıq iki ildir davam etməkdədir.

Halbuki, son 4-5 il ərzində başqa ölkələrin vətəndaşlığını daşıyan Rəhim Sadıxov, Rüstəm Əhmədzadə, Anatoli Nuriyev, Eldar Quliyev, Filip Ozobiç kimi futbolçular Azərbaycan pasportuna yiyələnib.

Onlara vətəndaşlıq verildiyi halda, Ayxanın ata-baba torpağlarında legioner kimi oynamasının səbəbi nədir? Bu işdə ona kim, yaxud nə maneə yaradır?

Səbəbkar Sportinfo.az-a nüsahibəsində məlum mövzu ilə bağlı sualları cavablandırıb.

- Vətənində legioner statusu ilə oynamağının səbəbi nədir?

- Tər-təmiz azərbaycanlıyam və Azərbaycan vətəndaşı olmaq istəyirəm. Bunu hamı bilir. Pasport üçün işlər gedir, lakin yenilik yoxdur. Açığı, səbəbi özümə də maraqlıdır.

- Legioner sayılmağın təbii ki, əsas heyətdə yer almağına da təsir göstərir.

- Əlbəttə. Bu, birmənalıdır. Baş məşqçimiz limitə görə addım atanda bəzən kənarda qalmalı oluram. Edə biləcəyim bir şey yoxdur.

- Bununla bağlı müvafiq orqanlara, yaxud AFFA-ya müraciət olunub? Səbəb nə göstərirlər?

- Özüm də bilmirəm. Bəlkə də siyasi məsələdir. Ona görə də bu mövzuya çox qarışmaq istəmirəm.

- Klub rəhbərliyindən soruşmursan, maraqlanmırsan?

- Soruşmuşam. Mənə dedilər ki, məsələnin həlli yolunda çalışırıq. Onlar da nəsə etməyə çalışırlar. Ancaq səbəbin nədən qaynaqlandığını heç kim bilmir.

- Rusiya, Ukrayna vətəndaşı olan çox sayda futbolçu Azərbaycan pasportuna yiyələnib. Onlardan buna necə nail olduqlarını soruşmusan?

- Bildiyimə görə, bir neçə il əvvəl həll etmək olurmuş. İndi çox çətindir. Yəqin ki, ümumi vəziyyətlə bağlı olan məsələdir.

- Birdən qarşına Rusiya pasportundan imtina etmək şərti qoyulsa, onda necə?

- Əlbəttə, ikili vətəndaşlıq yaxşı olardı. Ancaq şərt qoyulsa, vətənimin vətəndaşı olmaq üçün Rusiya pasportundan imtina etməyə hazıram. Təmiz azərbaycanılyam və bununla qürur duyuram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti