“Sabah”ın nigeriyalı hücumçusu Emmanuel Apeh Premyer Liqanın son turunda keçirilən “Kəpəz”lə qarşılaşma (0:3) haqda Sportinfo.az-a müsahibə verib.
Qəbələdəki matçda komandasının ikinci qolun müəllifi olan afrikalı digər sualları da cavablandırıb:
- Bura qələbə dalınca gəlmişdik. Mövsümü ikinci pillədə başa vuracağımız dəqiqləşsə də, mövsümü qalibiyyətlərlə başa vurmaq istəyirik. İşim qol vurmaqdır. Vurduğum qolla komandama kömək etdiyimə görə sevincliyəm.
- Yekun nəticəsi turnir cədvəlində xüsusi önəm daşımayan oyunlara köklənmək çətin deyil?
- Əlbəttə, təminat olan yerdə oyuna motivasiya olmaq çətinləşir. Bilirsən ki, hədəfə çatmısan, işini görmüsən. Ancaq bu, bizim üçün fərqlidir. Klubla müqaviləmiz var və buna görə maaş alırıq. Maaşı hansı vaxta qədər alırıqsa, həmin zamana qədər də meydanda can qoymalıyıq. Şəxsən mənim üçün maraqlıdır, görəsən, mövsümün sonuna qədər neçə xal toplayacağıq və “Qarabağ”la xal fərqimiz neçə olacaq.
- Sona 3 tur qalmış “Sabah” çempionluğu “Qarabağ”ın əlindən ala bilər?
- Futboldur, hər şey mümkündür. Dediyim kimi, məqsədimiz mümkün qədər çox xal toplamaqdır. Sonluğun necə olacağını 36-cı turun yekunu göstərəcək. Biz öz oyunlarımıza baxırıq.
- “Sabah”dakı durumun səni razı salır?
- Əlbəttə. Çox yaxşı mövsüm keçiririk və qazanılan nəticələrə bacardığım qədər töhfə verməyə çalışıram.
HƏBİB