“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovun AFFA Hakimlər Komitəsinə sədrlik etmək təklifi alması ilə bağlı xəbər maraqla qarşılandı.
Buna sevinənlər də oldu, beynəlxalq dərəcəli hakimin komitədə çalışmaq həvəsində olmadığını deyənlər də tapıldı.
Ən doğrusunu səbəbkarın ağzından eşitmək niyyəti ilə Tahir bəylə əlaqə saxladıq.
- Bizdə olan məlumata görə, bu günlərdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə assosiasiyanın binasında görüşünüz olub və Hakimlər Komitəsinin sədri postu sizə təklif olunub. Uzun illərdən sonra futbola qayıdırsınız?
-- Biz ruhən hər zaman futboldayıq və bu illər ərzində istər AFFA-dan, istərsə də müxtəlif yerlərdən təkliflər olub. Müxtəlif səbəblərə görə dəvətləri dəyərləndirməmişəm. Əsas məqamlardan biri keçmiş AFFA rəhbərliyinin futbola olan yanaşması idi. Hakimlər Komitəsinə gəldikdə isə, beynəlxalq dərəcəli hakim həmkarlarım və maraqlananlar bilir, heç vaxt komitəyə rəhbərlik etmək istəyim olmayıb. Bu günlərdə AFFA-da olmağıma gəldikdə, məşhur hakimimiz Eldar Əzimzadənin 90 illik yubileyi ilə bağlı referilərlə veteran futbolçular arasında mini-futbol görüşü keçirildi və yenidən meydana çıxmaq, müəllimlərimizlə yanaşı, həmkarlarla, dəyərli futbolçularımızla görüşmək çox xoş oldu.
- Dəvət olmayıb sizə?
-- Bu barədə geniş danışmaq istəmirəm. Bir daha vurğulayım, özüm istəməsəm də, Hakimlər Komitəsinə yerli mütəxəssislər arasından seçim edilməsinin tərəfdarıyam. 5-6 ildir hakimlər korpusuna əcnəbilər rəhbərlik edir və idarəçiliklə bağlı narazılıqların hansı həddə olduğunu futbol ictimaiyyəti bilir. Yerli mütəxəssislərə şərait yaratmaqla yanaşı, AFFA strukturunda obyektiv olaraq nəzarət mexanizmi çox güclü olmalıdır. Ümumiyyətlə, tək hakimlər sektorunun müsbət fəaliyyəti ilə futbol dirçələ bilməz. İllərdir qalaq-qalaq yığılmış problemlərin həlli üçün futbola kompleks yanaşma mütləqdir. Yerli mühitə, şəraitə, maliyyə imkanlarına uyğun olaraq, futbolun bütün sahələri üzrə inkişafına nail olunmalı, futbol bölgələrə daşınmalı və görülən işlər bir-birini tamamlamalıdır. Ancaq bu halda futbolumuz dirçələ bilər. BFF-n prezidenti kimi yeni AFFA rəhbərliyi ilə görüşlərimiz, fikir mübadilələrimiz olur.
- Təcrübəli mütəxəssis kimi fikriniz maraqlıdır. Futbolumuzu dirçəltmək olarmı?
- Nəinki olar, çoxdan olmalıydı. Biz sözümüzü zamanında davamlı olaraq demişik, bu gün yenidən problemləri sadalamağa ehtiyac yoxdur. İndi söz demək yox, qəti, əməli, doğru addımların, seçimlərin edilməsi vaxtıdır. Düzgün qərarların veriləcəyi halda, ölkə futbolu qısa müddətdə sistemli hala gətirilər, tədricən inkişaf görünər, dirçəliş özünü çox gözlətməz.
HƏBİB / SPORTİNFO.AZ

