Ağır məğlubiyyətdən sonra kapitan danışdı: "Qarabağ"a qarşı tam fərqli hazırlaşacağıq"

8 Sentyabr 19:09 Müsahibə 13
Ağır məğlubiyyətdən sonra kapitan danışdı: "Qarabağ"a qarşı tam fərqli hazırlaşacağıq"

"Zirə"nin kapitanı Qismət Alıyev Premyer Liqanın 4-cü turunda "Sabah"a məğlub olduqları (0:5) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

- Niyə belə məğlub oldunuz?

- İstəyirdik ki, bu oyunda da yaxşı nəticə əldə edək. Amma istədiyimiz kimi başlaya bilmədik. İlk hissədə buraxdığımız səhvlər buna təsir etdi. Sonradan oyunu dəyişmək çətin oldu.

- Ardıcıl 3 qələbə eyforiya yaratmamışdı?

- Əlbəttə, yox. Ümumiyyətlə, biz seriya barədə düşünmürdük. Bir-iki oyunda belə imkanımız olmuşdu, amma əsas fikrimiz qarşıdakı oyunlarda idi. "Sabah" və “Qarabağ”la ardıcıl oynayacağımızı bilirdik. Bütün diqqətimiz həmin görüşə yönəlmişdi.

- Komanda ağır oyunlar seriyasındadır. “Qarabağ” və daha sonra “Turan Tovuz"la oyunlarınız var...

- Təbii ki, belə görüşlərdə səhvə yol vermək olmaz. Bu gün də bir-iki səhv etdik və rəqib bundan maksimum istifadə etdi.

- Qarşıdan “Qarabağ”la görüş gəlir. Bu məğlubiyyət həmin görüşə psixoloji cəhətdən mənfi təsir göstərə bilər?

- Yox, düşünmürəm. Hər bir məğlubiyyət komandaya təsir edə bilər, amma biz bu oyunu artıq geridə qoymalıyıq. Qarşıda “Qarabağ”la başqa bir oyun var və həmin görüşə tam fərqli şəkildə hazırlaşacağıq. Komandamızda yeni futbolçular çoxdur, onların da uyğunlaşması üçün vaxt lazımdır. İndi əsas məsələ bu oyunu unutmaq və qarşıdakı görüşə köklənməkdir. Düşünürəm ki, “Qarabağ”la oyuna qədər komanda daha yaxşı vəziyyətdə olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti