Freddi Varqası “Neftçi” üçün faydalı tapıntı adlandıra bilərik.
Venesueladan olan yarımmüdafiəçi qış fasiləsinə qədər diqqətləri üzərinə çəkməyi bacarmasa da, yanvardan bu yana komandası üçün xilaskar rolunu oynamaqdadır.
Venesuellalı “10 nömrə” ağ-qara formada meydana çıxdığı 31 matçda 4 qol vurub, 8 qolun ötürməsini verməklə bacarığını ortaya qoymağı bacarıb.
Varqasla “Karvan-Yevlax” – “Neftçi” qarşılaşmasından sonra söhbətləşmək imkanım oldu.
27 yaşlı yarımmüdafiəçi Sportinfo.az-ın suallarını məmnuniyyətlə cavablandırdı.
- İsti hava şəraitində, süni örtüklü meydanda qazandığınız qələbəni sözlə necə ifadə edə bilərsən?
- Vaxt ayırıb məndən müsahibə aldığınız üçün təşəkkür edirəm. “Qarabağ” üzərindəki qələbədən sonra önəmli olan müvazinəti itirməmək idi. Ona görə də oyuna ciddi hazırlaşırdıq. Çünki kiçik diqqətsizlik bizə baha başa gələ bilərdi. Həm meydan, həm də hava amillərini nəzərə almışdıq. Yəni bizi nələrin gözlədiyini bilirdik. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməklə səfər qarşılaşmasında vacib 3 xal qazandıq.
- Qarşıda “Şamaxı”, “Sabah” v “Kəpəz”lə vacib oyunlar var. 9 xalı təsəvvür edə bilirsən?
- Hər bir rəqibin özünə görə üstün tərəfləri var. Çempionatın sonuna yaxın hər bir komanda hədəfə çatmaq istəyir. İndidən 3 oyunu düşünmək doğru olmaz. Qarşıda bizi “Şamaxı” ilə görüş gözləyir. Çalışıb qələbə qazanmalıyıq ki, motivasiya yüksək səviyyədə olsun. Daha sonra digər oyunlara hazırlaşacağıq. Hər şey öz əlimizdədir.
- Konfrans Liqasına vəsiqə qazanmaq üçün 4-cü pillə yetərli olmaya bilər. Xəbərdarsan yəqin.
- Əlbəttə, bilirəm.
- Ölkə kubokunun finalında “Zirə” “Sabah”ı məğlub etsə, avrokuboklara “Sabah”, “Zirə”, “Qarabağ” və “Turan Tovuz” vəsiqə qazanacaq. Bunu mümkün hesab edirsən?
- Meydanda iki komanda olacaq, hərəsinin heyətində 11 futbolçu yer alacaq. Ənənəvi yumru topla düz meydanda oynayacaqlar. Futbolda hər şey mümkündür.
- Bacarığına bələd olduğumuz əsl Varqası qış fasiləsindən sonra görməyə başladıq. O vaxta qədər hardaydın?
- Azərbaycana ilk dəfə gələndə ölkə, mühit, komanda, çempionat – hamısı mənə yad idi. Uyğunlaşmaq üçün vaxta ehtiyac duyurdum. Oynadıqca, kollektivlə daha çox məşq etdikcə özümü rahat hiss etməyə başladım. Futbolçu yoldaşlarıma öyrəşdim, rəqiblərin oyun üslubunu mənimsədim. Bir şey deyim, bu gün gördüyünüz Freddi əsl Freddi deyil. Əsl Freddini görəcəksiniz.
- Kürəyində gəzdirdiyin nömrə “10” olsa da, meydanda özünü “9” kimi aparırsan. Deməyim odur ki, hücumçu kimi daha faydalı görünürsən. Sanki nömrələrin yeri dəyişik düşüb.
- Nömrənin ciddi önəmi yoxdur. Əsas olan meydanda nə etməyin, komanda üçün nə dərəcədə faydalı olmağındır.
HƏBİB

