“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi Andrey Demçenko Sportinfo.az-a müsahibə verib.
Naxçıvan təmsilçisinin 49 yaşlı yeni çalışdırıcısı komandasının yoxlama görüşündə “Qəbələ”yə uduzduğu oyundan sonra (0:1) sualları cavablandırıb.
-Azərbaycana xoş gəlmisiniz. Özünüzü necə hiss edirsiniz?
- Ooo, hava küləklidir, soyuqdur. Hiss olunur ki, küləklər şəhəridir. Neçə gündür məşqlərdə küləyi hiss edirdim, amma məncə, bu dəfə sürəti daha çox idi. Həm də çiskinli, yağışlı. İşləməliyik.
- Qazaxıstanın iqlimi də bizimkinə yaxındır.
- Razıyam, Qazaxıstanda da soyuq olur, küləklidir. Ancaq sizdə yəqin ki, dənizə görə belədir. Astanada işləyəndə “Astana Arena”da məşq edirdik. Ora isə hər tərəfdən qapalıdır. Bu baxımdan işimiz asan idi.
- İnsanlarımız necədir? Onlarda soyuqluq hiss edirsiniz, yoxsa əksinə?
- İnsanlar hər yerdə fərqlidir. Hər ölkənin özünə görə koloriti var. Qazaxlar, gürcülər, azərbaycanlılar – hərəsinin özünə görə xüsusiyyətləri var.
- “Araz-Naxçıvan”a gəlişiniz necə baş tutdu?
- “Jenis”lə müqaviləm başa çatandan sonra perspektivli görünən yeni variantları gözdən keçirirdik. Həmin anda agentim əlaqə saxlayaraq “Araz-Naxçıvan” barədə məlumat verdi. Araşdırmaq, özüm üçün maraq doğuran məlumatları öyrənmək üçün vaxt istədim. Baxdım ki, çempionatda çox yaxşı komandalar var, oyun üslubları xoş gəlir, maliyyə dayaqları etibarlı və sabitdir. “Qarabağ” hər il avrokubokların qrup mərhələsində mübarizə aparır, əlavə olaraq 4-5 komanda çox yaxşı səviyyədədir. Premyer Liqada vəziyyət elədir ki, istənilən komanda rəqibindən xal ala bilər.
- Qarşınıza konkret məqsəd qoyulub?
- Avrokuboklara vəsiqə qazanmaq. Bunu bacarsaq, müqavilənin müddətinin daha 1 illik uzadılması klubun ixtiyarındadır.
- Nəzərə alaq ki, avrokuboklara vəsiqə uğrunda 6-7 komanda mübarizə aparır. Çətin olacaq hər halda.
- Asan olmayacağı dəqiqdir. Rəqiblərimizin adlarına baxın – “Qarabağ”, “Sabah”, “Sumqayıt”, “Zirə”, “Turan Tovuz”, yeni baş məşqçiyə qovuşan “Neftçi”... Qarşımızda çətin hədəf dayanıb, amma əlçatmaz deyil.
- Rəhbərlikdən yeni transferlər istəmisiniz?
- Heyət komplektləşib. Hazırda 12 legionerimiz var. Növbəti əcnəbi üçün Peşəkar Futbol Liqasına rüsum ödəmək lazımdır. Bu yöndə iş gedir. Alınsa, nə yaxşı, alınamda da, belə davam edəcəyik.
- Komandanızın “Qəbələ”yə qarşı oyunu sizi nə dərəcədə razı saldı?
- İndiki məqamda mənim üçün önəmli olan topa nəzarət etmək, top itkisindən sonra pressinq etmək, verdiyim tapşırıqları qavramaq və icra etməkdir. Futbolçular texnika deyil, insandır. Ona görə də biri dərhal anlayır, digəri bir az gec başa düşür. Məqsədimiz “bir nömrə” ilə oynamaq, meydanda diqtə edən tərəf olmaqdır. Yavaş-yavaş müəyyən oyun cizgiləri görməyə başlayırıq.
- Bu gün daha çox hücumçulara qəzəbləndiyinizi gördük...
- Elə şeylər var ki, onları mən yox, müasir futbol tələb edir. Avrokubokları düşünürüksə, tələblərə cavab verməli, ona uyğun oynamalıyıq. Hücumçu hansı anda nə etməlidir, yaxud cinahdakılar hansı qərarı verməlidir – bunlar çox vacibdir. Hər mövqenin özünə görə qaydaları var. Əvvəl başqa futbol oynayıblar, indi nisbətən dəyişiklik etmişik. Ola bilsin, buna görə futbolçulara bir az çətindir.
- Oyunun məzmunu ürəyinizcə oldu?
- Hədəfimiz təkcə taktiki-texniki cəhətdən yox, həm də psixoloji baxımdan nəyəsə nail olmaqdır. Futbolçuları inamlı, gümrah olmağa səsləməli, hücum futbolu oynamaları üçün əlimizdən gələni etməliyik.
- Azərbaycan futbolu barədə məlumatlarınız zəngin idi, yoxsa “Araz-Naxçıvan”dan aldığınız təklifdən sonra zənginləşdi?
- Yalan danışmayım, xüsusi bilgilərə sahib deyildim. Bir ölkə, yaxud onun futbolu barədə nələrisə anlamaq üçün mütləq orada yaşamalı, yerində hiss etməlisən. Məlumatım “yutub” üzərindən əldə etdiyim analitika ilə bağlı idi. Hələ ki, dərindən heç nə bilmirəm. Zaman keçdikcə hər şey mənə məlum olacaq.
- Hazırda Azərbaycanda top qovan bir neçə ukraynalı futbolçu var. Onları şəxsən tanıyırsınız yəqin.
- Rüstəm Əhmədzadə ilə Aleksey Kaşuku tanıyıram. Anatoli Nuriyevlə Vladislav Veremeyev barədə də eşitmişəm.
HƏBİB

