Elmar Baxşıyev, axır ki, sükutu “Sportinfo” ilə pozdu: “Kimisə söyməklə, nəsə dəyişir ki?”

13 Yanvar 22:40 Müsahibə 531
Elmar Baxşıyev, axır ki, sükutu “Sportinfo” ilə pozdu: “Kimisə söyməklə, nəsə dəyişir ki?”

Elmar Baxşıyevin “Araz-Naxçıvan”dan gözlənilməz ayrılığı futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.

Ötən mövsüm komandanı avrokuboklara daşıyan, Konfrans Liqasında “Aris” səddinin keçilməsində müstəsna xidmətləri olan təcrübəli çalışdırıcının özü də bəlkə də şəkildə ayrılığı gözləmirdi.

Çempionatın cəmi 16 turu geridə qalıb və 6-cı pillədə yer alan Naxçıvan təmsilçisini 3-cü sıradakı “Zirə”dən cəmi 2 xal ayırır.

Baxşıyevlə hələ dekabrın sonlarında danışmaq istəyirdik. Lakin abır-həya sahibi olan adam müsahibə verməkdən boyun qaçırır, yaşananlara münasibət bildirmək istəmirdi.

Təxminən üç həftə davam edən təkidlərdən sonra 45 yaşlı mütəxəssisi sualları cavablandırmağa razı salmaq mümkün oldu.

- 16 turdan sonra komandanın nəticələrini necə qiymətləndirirsiniz?

- Birmənalı fikir bildirməzdim. Fasiləyə avrokubok zonasına düşmək hüququ verən 3-cü yerdən 2, 4-cü yerdən isə 1 xal geridə yollandıq. Nəzərə alsaq ki, mövsümün hələ tən yarısı da oynanılmayıb, deməli, cədvəldə çox dəyişiklik olacaq. Zəif oyunlarımız da oldu, gözlənilməz xal itkilərinə də yol verdik, ancaq maraqlı, favorit olmadığımız görüşlərdən qalib ayrıldığımız da oldu. Elə oyun oldu ki, biz üstün oynasaq da, nəticə baxımından axsadıq. Zədəli futbolçularımızın çoxluğu da zamanla təsirini göstərdi. Ancaq bura qədər qazandığımız nəticələr onu deməyə əsas verir ki, çempionatda heç nə itirilməyib, əksinə, üst pillələrə qalxmağımız üçün şansımız kifayət qədərdir. Ancaq rəhbərlik fərqli qərar verdi. Onlara uğurlar arzulayıram.

- “Araz-Naxçıvan”ı növbəti dəfə avrokuboklara daşımaq nə dərəcədə real görünürdü?

- Futbolda heç kim əvvəlcədən nəyin necə olacağını deyə bilməz. Ehtimallar, proqnozlar verə bilər, ancaq nəticənin və yekunda komandanın hansı pillədə yer alacağını ancaq mövsüm başa çatdıqdan sonra bilmək mümkündür. Ötən mövsümün əvvəlində komandaların avrokuboklara vəsiqə ilə bağlı şansıları dəyərləndiriləndə “Araz-Naxçıvan”a çox az şans tanınırdı. Ancaq biz addım-addım irəlilədik və yekunda büdcəsi və heyəti azı bizdən 2-3 dəfə artıq və geniş olan komandaları qabaqladıq. Konfrans Liqasının püşkü atılanda da yenə “Aris”i keçəcəyimizə çox adam inanmırdı. Biz həm oyunumuzla, həm də nəticəmizlə onları yanıltdıq. Birinci sualda komandanın cari mövsümdəki çıxışı barədə qısa şərh verdim. Yəni turnir cədvəlindəki mövqeyimiz pis deyildi. Hər şeyi dəyişə bilərdik. Şansımız da kifayət qədər yüksək idi. Qış hazırlığını da buna uyğun quracaqdıq. Qismət deyilmiş.

- Rəhbərliyin sizinlə yolları ayırmaq fikrində olduğunu nə vaxt hiss etmişdiniz?

- Bununla bağlı detallara varmaq istəmirəm. Ancaq son 2-3 oyunda demək olar bunu hiss edirdim. Çünki əvvəliki dəstəyi hiss etmirdik.

- Klub rəhbərliyi sizinlə görüşüb istefa məsələsini müzakirə etdi, yoxsa kiminsə vasitəsi ilə xəbər göndərildi?

- Məni komandaya Zaur Axundov dəvət etmişdi. Onunla görüşüb, nəyi necə edəcəyimizi danışmışdıq. Ötən ildə də kifayət qədər dəstək verdi, daim yanımızda idi. Düzdür, bütün klublarda olduğu kimi, bizdə də müəyyən problemlər olurdu. Onda da çalışırdıq ki, rəhbərlik-məşqçi heyəti problemi qısa vaxtda həll edək. İstefaya göndərilməyimlə bağlı isə özü ilə söhbətimiz olmadı. Dostu Elşənlə görüşdük, bildirdi ki, rəhbərlik səninlə işləmək istəmir. Mən də uğurlar arzuladım və sağollaşdım. Gedəndə Zaur Axundovla görüşümüz olmadı.

- Ölkə kubokunda “Kəpəz”ə məğlubiyyətin verilən qərarda əsas rol oynadığını düşünürsünüz?

- Dəqiq bir söz deyə bilmərəm. Bu məsələ harada, kimlərlə müzakirə olunub, bilmirəm. Ancaq mənə hansısa irad bildirilmirdi. Futboldur, nəticə elə də olur, belə də. Kubokdakı yenilgiyə bəraət qazandırmıram. Baş məşqçi olaraq məsuliyyəti üzərimə götürürəm. Səbəbləri barədə nəsə demək istəmirəm, bunu komanda ilə müzakirə etdik, səhvlər çatdırıldı. Hər kəs öz payını götürdü və cəmi 4-5 gün sonra həmin “Kəpəz”i çempionatda məğlub edik.

- Böyük əksəriyyət Elmar Baxşıyevə qarşı ədalətsiz davranıldığını iddia edir. Siz də bu fikirdəsiniz?

- Ayrıldığım yer haqda çox danışmaq istəmirəm. Elin gözü tərəzidir. Elə düşünürlərsə, deməli, fəaliyyətimizi yaxından izləyiblər. Ancaq qərar verən onlarla eyni fikirdə olmayıb...

- “Araz-Naxçıvan”dan ayrılandan sonra hansısa klubdan təklif almısınız?

- Hələ ki, hansısa klubdan təklif almamışam. “Araz-Naxçıvan”dan ayrılmağım da 20 gün əvvəl baş verib. Həqiqətən də bir qədər dincəlməyə ehtiyacım var.

- Xarici klubdan dəvət olsa, ölkədən kənarda işləmək variantına necə yanaşarsınız?

- Onu təklif aldıqdan sonra demək olar. Əlbəttə, ölkə xaricinə yollanmaq da lazımdır. Ancaq baxır hansı klubdan təklif alırsan, səndən nə istəyirlər, şəraiti necədir. Ortada real təklif olmasa, konkret fikir bildirmək mümkün deyil.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 17:30 Çək və bizə göndər!