Son illər ölkə futbolunda qapıçı problemi yaşanır. Xüsusilə Kamran Ağayevin karyerasını bitirməsindən sonra çərçivə qoruyucuları ilə bağlı narahatlıq hər ötən gün böyüyür. Əbəs deyil ki, bu gün ölkənin bir nömrəli komandası layiqli kiper tapmaqda acizdir.
Əbəs deyil ki, baş məşqçi Ayxan Abbasov klublarda ehtiyat qapıçı statusunda olanlara möhtacdır.
"Cəbrayıl"ın qapıçı məşqçisi Toğrul Əhmədovla müsahibəmiz də bu istiqamətdə oldu.
Təcrübəli mütəxəssis hazırda ölkə futbolunda yaşanan ciddi qapıçı problemindən danışıb, həlli yollarını göstərib.
- "Cəbrayıl"da işlər necə gedir?
- Mövsümün gedişində bura gəldim. Yaxşı komandamız var. Çempionatın ikinci yarısı üçün ciddi şəkildə hazırlaşırıq. Daha çox gənclərə üstünlük veririk.
- Birinci Liqada ümumi vəziyyət necədir?
- Ötən mövsüm çempionat daha güclü idi. Bu ili ikinci liqa səviyyəsində qiymətləndirərdim. Çünki ötən sezon "Qəbələ", "İmişli" və "Karvan-Yevlax" kimi güclü rəqiblər vardı. Heyətlərində yaxşı oyunçular çıxış edirdi. Bu da çempionatın ümumi səviyyəsini qaldırırdı. Oyunlara gedəndə özünü səfərdə hiss edirdin.
- Xüsusilə İmişli və Yevlaxda bu daha çox hiss olunar...
- Bəli. Hər zaman oyunlarında tribunalar dolu olurdu. Hətta "Qəbələ"nin görüşündə də tribunalarda azarkeş olurdu. Meydançanın vəziyyəti əla idi. İndi gələn yoxdur. Ancaq oyunçuların qohum-əqrəbası, dost-tanışları gəlir. Azarkeşlərsiz futbol kimə lazımdır? Heç kimə. Futbol onlara görə oynanılır.
- Bəs infrastrukturla bağlı vəziyyət necədir?
- Azərbaycan futbolundakı ümumi durum hamıya məlumdur. Bizdə Şahin müəllim sağ olsun maksimum nə lazımdırsa edir. Klub AFFA-nın verdiyi maliyyə və Şahin müəllimin öz hesabına ayaqda qalır. Belə insanlar çox olmalıdır. Ən azı 2-3 sponsor olsa daha yaxşı olar.
- Gələk birbaşa sizin sahəyə - Ölkədə qapıçılarla bağlı vəziyyət necədir?
- Ciddi problemlər var. Məsələn, bu gün bizə qapıçı lazımdır, amma normal birini tapa bilmirəm. Birinci Liqa səviyyəsində bir gənc yoxdur ki, şans verək, inkişaf etsin. Təəssüf ki, belə biri yoxdur. Premyer Liqada ehtiyatda qalan qapıçılar da bizə gəlmir. Orada aldığı maaşı da biz verə bilmirik. Onlar da gəlməkdə maraqlı deyil. Ehtiyatda qalmaqdan narahat deyillər. Futbolu düşünən yoxdur. Futbol qalıb ikinci planda.
- Fərman Bayramov komandadan niyə ayrıldı?
- Fərman yaxşı idman forması yığmışdı. Bizə çox köməyi dəyirdi. İnkişafında rol aldıq. Yaxşı təklifləri vardı. Gedəcəyi yerdə alacağı pulu biz verə bilməzdik. Uğurlar arzulayıb, yola saldıq. İndi də yerinə yaxşı gənc birini tapa bilmirik.
- Bizim yaxşı qapıçılarımız olub. Bəs indiki problemlərin səbəbi nədədir?
- Yaxşı qapıçı olmaq üçün ilk öncə uşaqlar üzərində çox işləməlidir. Akademiyalarda qapıçı məşqçilərinə 20 dəqiqə zaman ayrılır. Bunun yarısı isinməyə gedir. Digər 10 dəqiqədə 3 qapıçı ilə nə etmək olar? 20-30 dəqiqə ilə qapıçı necə inkişaf edə bilər? Mümkün deyil.
- Çıxış yolu nədir?
- Düşünürəm ki, komanda məşqlərindən əlavə elit qruplar yaradılmalıdır. Perespektivli qapıçılar orada əlavə məşqlər etsin. Həftədə ən azı 2-3 məşq təşkil edilməlidir. Çox geri qalırıq. Sadə tapşırıqlarda uşaqlar əziyyət çəkir.
- Deməli, yaxşı qapıçılar var, sadəcə şərait yoxdur...
- Əlbəttə, var. İşləmək lazımdır. Yola vermək olmaz. Mən hər zaman deyirəm ki, əgər müqaviləyə qol çəkmişəmsə, məşqdə bütün gücümü qoymalıyam. Verilən maaşın haqqını vermək lazımdır. Əksəriyyəti kasıb ailələrin uşaqlarıdır. Böyük çətinliklə məşqə gələn uşaq özü ilə evə nəsə aparmalıdır axı. Mən əziyyət çəkmirəmsə, ona nəsə vermirəmsə, deməli, aldığım pul mənə haramdır. Hər zaman belə belə fikirdə olmuşam, belə düşüncə ilə işləmişəm. Həm də yanaşma elə olmadır ki, uşaqlar məşqdən həzz alsınlar.
- Bu gün qapıçılardan ən vacib tələb nədir?
- Ayaqla yaxşı çıxış etmək. Futbol çox dəyişib. Əvvəl deyirdilər qapıçı durur, ancaq indi deyillər qapıçı oynayır. Birinci tələb ayaqla yaxşı oynamaqdır. Hücumları qapıçılar başlayır.
- Ən çox danışılan məsələ 17-18 yaşında istedadlı uşaqların itməsidir. Bu barədə sizin fikirləriniz necədir?
- Əsgərlik ciddi maneədir. Bir il xidmətdə olan uşaq necə olmalıdır? Təbii ki, itəcək. Əvvəllər "Ədliyyə", MOİK, "Qara Bəbir" var idi. Uşaqlar xidmət vaxtını bu klublarda futbol oynayaraq keçirirdilər. İndi heç biri yoxdur. Yalnız MOİK var. Ora da neçə nəfər gedə bilər ki... Maksimum 1-2 nəfər. Qalanları kənarda qalır. 17 yaşa qədər valideyn əziyyət çəkir sonda da belə. Belə olmalı deyil. 17 il puç olur. Yaşar Seyidovdan Allah razı olsun. Mübarizə aparır, danışır, can atır ki, uşaqlar "Dinamo"da oynasın. Şərait yaratmırlar. Bu yaşda uşaqları çox itiririk.
- Siz Birinci Liqadan danışdınız. Bəs Premyer Liqadakı qapıçılar necə, sizi qane edir?
- İranda, Özbəkistanda 19-20 yaşında uşaqlar əsas heyətdə qapıçıdır. Orada legioner yoxdur. Bizdə tam tərsinədir. Əksər klublar əcnəbilərə meydan verir. Bu gün milli komandaya qapıçı tapa bilmirik. Premyer Liqadakı 12 komandadan yalnız "Qəbələ" və "Kəpəz" yerli qapıçıya güvənir. Rza Cəfərov "Neftçi"də dayanırdı, yeni-yeni üzə çıxırdı. Onu da siyahıdan çıxardılar. Niyə axı? Ehtiyatda oturanlar milli komandaya dəvət alır. Futbolun inkişafından danışırıq. Belə inkişaf olur? Futbol qapıdan başlayır. Bizdə o da yoxdur.
- Legioner limitin ləğvinin prosesə təsiri necədir?
- Əlbəttə, var. Çox mənfi təsir edir.
- Sizcə, bu gün ən yaxşı qapıçımız hansıdır?
- Rza Cəfərovun yaxşı perespektivi var. Təcrübəlilərdən Aydın Bayramovu, Səlahət Ağayevi qeyd edərdim.
- Amma heç biri Kamran Ağayevdən sonrakı boşluğu doldura bilmir...
- 100%. Böyük boşluq var. Yalnız Şahruddini qeyd etmək olar. Kamran Ağayev başqa səviyyə idi.
XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

