COP29

Almaniyada həftənin ən yaxşısı seçilən: "Azərbaycan millisində oynamaq ən böyük arzumdur "

16 May 00:50 Müsahibə 906
Almaniyada həftənin ən yaxşısı seçilən: "Azərbaycan millisində oynamaq ən böyük arzumdur "

Azərbaycanın U-15 yığmasının və “Herta Zelendorf”u (Almaniya)n futbolçusu Zeyd Nəsirulla Berlində AZƏRTAC-ın suallarını cavablandırıb.

Sportinfo.az həmin müsahibəni təqdim edir.

- Almaniyanın “Herta Zelendorf” klubunda işləriniz necə gedir?

- Hazırda hər şey qaydasındadır. Əsas heyətdə mərkəz müdafiəçisi kimi çıxış edirəm. Çempionat da artıq sona yaxınlaşır. Dörd turdan sonra çempion müəyyənləşəcək. Bu vaxta kimi üç qola imza atmışam. Müdafiəçi üçün yaxşı göstəricidir. Mövsümü özüm üçün yaxşı qiymətləndirirəm.

- Təhsilinizlə bağlı məlumat verərdiniz. Həm təhsil, həm futbol... Çətin deyil?

- Çıxış etdiyim klub aşağı yaş qruplarında olan futbolçuların təhsilinə çox böyük önəm verir. Günün birinci yarısında məktəbə gedirəm. Çalışıram ki, dərslərim də yaxşı olsun. Alman dilində artıq sərbəst danışıram. Bu da mənə məşqlərdə çox kömək olur.

- Səhv etmirəmsə, bu yaxınlarda turun oyunçusu seçilmişdiniz? Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Bəli, bu yaxınlarda səfərdə çox önəmli matça çıxdıq. Almaniyanın məşhur komandalarından biri olan “Union Berlin”lə qarşılaşdıq. 4:2 hesabı ilə qalib gəldik. İkinci qolun müəllifi özüm idim. Qarşımızda güclü rəqibin olmasına baxmayaraq, sona kimi mübarizə apardıq. Belə güclü rəqib üzərində əldə etdiyimiz qələbəyə görə çox sevincliyəm. Yaxşı çıxışım nəticəsində həftənin oyunçusu adına da layiq görüldüm. Komandama xeyir vermək məni çox sevindirir.

- Komandanız hazırda yuxarı pillələrdə qərarlaşıb. Komandanızın hədəfləri nədir?

- Regional Liqada çıxış edən bütün komandalar olduqca güclüdür. “Leyptsiq”, “Herta Berlin” və “Maqdeburq” kimi iddialı klubların adlarını çəkə bilərəm. Amma biz də bir o qədər təhlükəli rəqib hesab olunuruq. Hazırda ilk beşlikdə qərarlaşmışıq. Hədəf mövsümün sonuna kimi mövqeyimizi qoruyub saxlamaqdır. Eyni zamanda çempionatın ən az qol buraxan komandalarından biriyik. Bu da müdafiə xəttimizin çox güclü olduğunun göstəricisidir.

- Artıq mövsüm sona yaxınlaşır. Başqa təklifləriniz varmı? Hazırkı klubunuzda sizə yeni müqavilə təklif olunubmu?

- Düzdür, təkliflər var. Bəzi komandalarla danışıqlar gedir. Lakin rəsmi anlaşma yoxdur. Buna görə də konkret klub adı çəkməyim düzgün olmaz. Karyeramı hazırkı klubumda davam etdirsəm, gələn il bizi 17 yaşadək futbolçulardan ibarət komandada oynatmağı planlayırlar. Çünki Regional Liqa uşaqlar üçün olduqca güclülərdən hesab olunur. Almaniyada təxminən 7-8 liqa mövcuddur. Regional Liqaya çox önəm verilir. Nəzərə almaq lazımdır ki, bu, ən üst liqadır.

- Hazırkı klubunuzda sizə yeni müqavilə təklif olunubmu?

- Hələ mövsüm davam edir. Bütün diqqətimi son oyunlara yönəltmişəm. Mövsümün sonunda hər şeyə aydınlıq gələcək.

- Əvvəlki müsahibənizdə demişdiniz ki, Bundesliqada oynamaq ən yaxın hədəflərinizdən biridir. Bunun üçün təqribən neçə il lazımdır?

- Bəli, bu, hələ də əsas hədəflərimdən biridir. Bunun üçün də 16-18 yaş aralıqlarında keyfiyyətli komandada oynayıb, özümü yaxşı tərəfdən göstərməyi planlayıram. Bundesliqada oynamaq imkanı əldə etmək üçün öz üzərimdə fərdi olaraq çox işləyirəm. Qollar vururam, istəyimi reallaşdırmaq üçün əlimdən gələni edirəm. Səylərim nəticəsində məqsədimə çatacağıma inanıram. Azərbaycan millisində çıxış etmək də ən böyük arzularımdan biridir. U-17-nin heyətində Avropa çempionatına dəvət almaq istəyirəm.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:50 Çək və bizə göndər!
14 İyun 08:40 "Neftçi", EFA, ASTA...