Mirəli Əhmədov - Bu ad yaxın keçmişdə istedadlı gənclər arasında ön sıralarda çəkilirdi.
"Neftçi"nin yetirməsi hələ 18-19 yaşlarında Premyer Liqa klublarının diqqətini üzərinə çəkə bilmişdi.
"Ağ qaralar"ın əsas komandasında şans almayınca "Sabah" "Səbail", "Şamaxı" və "Araz-Naxçıvan" kimi digər Premyer Liqa klublarına üz tutmalı olmuşdu.
Bütün aşağı yaş millilərimizdə çıxış etmiş Mirəlinin karyerasında bir anda eniş yaşandı.
Birinci Liqa təmsilçisi MOİK-ə üz tutan müdafiəçi ardınca gözdən tamamilə uzaq düşdü.
İnternet qaynaqlarında hazırda klubsuz olduğu yazılır.
Əhmədovu axtarmaqda məqsədim cəmi iki il əvvəl gənclər millimizin əsas heyət üzvü olan 22 yaşlı oyunçunun indi nə işlə məşğul olmasından məlumat almaq idi.
Onun Sportinfo.az-a verdiyi müsahibə bizi bir çox mətləblərdən məlumatlı etmiş oldu.
- Mirəli, cəmi 2 il əvvəl gənclər millimizin əsas üzvü idin. Bir anda nə baş verdi, niyə kölgəyə çəkildin?
- MOİK klubunda hərbi xidmətdə oldum. 2024-cü ilin iyul ayında MOİK-lə müqavilə imzaladım ki, oktyabr ayında da əsgər kimi burada olaram. Düşündüm ki, belə olsa əsgərlik vaxtı çatanda mənə daha rahat olar. Yanvar ayına kimi normal qaydada hərbi xidmət keçdim. Sənəd işlərim bitməmişdi. Yalnız Yanvarın sonunda sənədlər yekunlaşdı və yenidən kluba qayıdıb məşqlərə başladım.
- Futbolçu MOİK-ə gedir ki, futbol oyansın. Amma səndə əksi olub...
- Bəli.
- İlk üç ayda hansı rayonlarda xidmətdə oldun?
- Andiçməyə qədər Gəncədə oldum. Oradan Tovuza apardılar. Yalnız 3 aydan sonra yenidən MOİK-ə qayıtdım.
- İdman forman hansı vəziyyətdə idi?
- Artıq çəkim yarandı. Qayıdanda 6-7 kq artıq çəkim vardı. Məşqlər edib formaya düşməyə çalışırdım, amma çox çətin idi. Çünki davamlı məşq edə bilmirdim. Bəzən bir neçə gün məşqlərdən kənarda qalmalı olurdum.
- Sonrakı müddətdə davamlı klubda qala bildin?
- Təəssüf ki, yox. Mayda mövsüm başa çatdı və məni yenidən göndərdilər xidmət etmək üçün Sabirabada. Məndən başqa bir basketbolçu üçün də eyni qərar verildi.
- Bu dəfə səbəb nə göstərildi?
- Dedilər mövsüm başa çatıb, klublar ayyarımlıq fasiləyə gedir. Siz burda qala bilməzsiniz. Yalnız sentyabrda kluba qayıda bildim. Oktyabrda da əsgərlik müddətim başa çatırdı.
- Beləcə yeni mövsümə hazırlıq mərhələsindən də kənarda qalmalı oldun...
- İcazə verilmədi. Dedim ki, heç olmasa mövsümün əvvəli keçirilən təlim-məşq toplanışında iştirak etməyə şərait yaradın. Onu da etmədilər.
- Bəs sonradan komanda ilə məşqlərə qatılmadın?
- Oktyabrda əsgərlik müddətim bitdi və bir müddət MOİK-də məşqlərimi etdim. Sifariş olunmağımı özüm istəmədim. 2 ay olar MOİK-dən ayrılmışam.
- MOİK-i seçdiyin üçün yəqin ki, peşmansan...
- Əsgər kimi o qədər də pis keçmədi. Amma idmançı kimi çətin idi. Oradakı 6 ay məni çox geri saldı. Ümumiyyətlə, əsgərlik yaşı mənim kimi bütün gənclərə ciddi problem yaradır. Əksəriyyət məhz bu yaşda futbolu atmalı olur.
- Bu vəziyyətdə baş məşqçi İlham Yadullayevin də köməyi dəymədi?
- Həm əsgərlik dönəminin əvvəlində, həm də sonunda eyni vəziyyəti yaşadım. 3 ay məşqlərdən uzaq qalandan sonra toparlanmaq çətin idi. Məni 6 ay geri saldılar. Belədə baş məşqçi mənə necə dəstək olsun? Öz komandasını artıq qurmuşdu. Açığı, İlham müəllim mənə çox dəstək olub. Onu əvvəl tanımırdım. MOİK-də tanıdım. Əlindən gələni edirdi. Yoxlama görüşlərində də şans verirdi. Amma hazır olmadığım halda o nəsə edə bilməzdi. Mən komandaya qoşulanda artıq heyət yığılmışdı.
- Millinin üzvü olmağın da nəzərə alınmadı?
- Xeyr. Əsgərlik vaxtıma 10 gün qalana kimi milliyə dəvət almışam. Bunu orda hər kəs bilirdi.
- Bundan sonrası üçün nə düşünürsən?
- Hazırda klubsuzam. Fərdi olaraq məşqlərimi edirəm. "İmişli" komandası sağ olsun bir müddət şərait yaratdı məşqlərdə iştirak etdim. Hazırda real təklifim yoxdur.
- Özünü oynamağa hazır sayırsan?
- Özümü hazır hiss edirəm. Özümə güvənirəm. Gedəcəyim yerdə fayda verəcəyimə əminəm.
- "İmişli"də qalmaq niyə alınmadı?
- Düzünü desəm mənə uyğun klub deyildi. Hazırda davamlı oynayacağım yerə getmək istəyirəm.
- Bir qədər də əsgərliyə qədər olan karyerandan danışaq. "Neftçi"nin yetirməsisən. Bəs oradan niyə ayrıldın?
- "Sabah"dan təklif aldım. Perepektiv gördüyüm üçün getdim. 1 il oynadım. Pis də alınmadı. Oradan milliyə dəvət aldım. Ardınca "Şamaxı" və "Səbail"də çıxış etdim. "Şamaxı"da olanda milli komanda ilə İslam Oyunlarında bürünc medal qazanmışdıq. Bütün oyunlarda meydanda olmuşdum.
- Tez-tez klubları dəyişməyin nə ilə bağlıydı?
- U-21 millimizdə baş məşqçi Samir Əliyev idi. Hər zaman bizimlə maraqlanırdı. Klublarla tez-tez danışırdı. İnkişaf etməyimiz üçün oynamalı olduğumuzu deyirdi. Mən də getdiyim hər yerdə məqsədim meydanda olmaq olurdu.
- "Sabah"dan yəqin ki, Xəyal Əliyevi tanıyırsan...
- Bəli.
- O da hərbi xidmətdə sonra peşəkar karyerasını uğurla bərpa edə bilib. Bu məqam sənə də gələcəklə bağlı yaxşı ümid verirmi?
- Bəli, Xəyal bu çətinliyi yaşayan oyunçulara bir nümunədir. Həm də Rəhman Daşdəmirovu deyə bilərəm. O da əsgərlikdən sonra futbola davam edib. Hər ikisi hərbi xidmət keçdikdən sonra futbolda qalıb və hətta də əsas milli komandaya kimi yüksələ biliblər. Bu nümunələr mənim kimi çətinlik yaşayan gənclərə əlavə stimuldur.
XANOĞLAN İMANOV

