“İmişli” çətin Zirə səfərindən xalla qayıtmağı bacardı.
Çempionatın sürpriz komandası medallara iddialı komanda ilə görüşdə qolsuz bərabərə qaldı.
Əyalət təmsilçisinin serbiyalı yarımmüdafiəçisi Nikola Karaklaiç Sportinfo.az-a verdiyi müsahibədə suallara aydınlıq gətirib.
- 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
- “Zirə” Premyer Liqanın ən yaxşı komandalarından biridir. Keyfiyyətli futbolçulardan qurulmuş, oyun intizamı olan kollektivdir. Belə rəqiblə görüşdə 1 xal əldə etmək təbii ki, bizim üçün qazancdır. Ardıcıl iki dəfə “Zirə”yə uduzmamaq hər birimizi məmnun edir.
- Heç-heçə istəyinizə çatmaq üçün nəyi doğru etdiz?
- Bilirdik ki, “Zirə” qalib gəlmək üçün hücum həmlələri edəcək. Məqsədimiz müdafiədə intizamlı oynamaqla qol buraxmamaq idi. Bununla yanaşı, əks-hücumlarda təhlükəli olmağa çalışırdıq ki, rəqib müdafiəçilər irəliyə çıxa bilməsin. Sərt, eyni zamanda taktiki baxımdan ağıllı oynamağımız bizə lazım olan xalı qazandırdı.
- “İmişli”nin səfər qarşılaşmalarında xoş təsir bağışlaması nə ilə bağlıdır?
- Bunun başlıca səbəbi Qubadakı qazonun vəziyyəti ilə əlaqəlidir. Orada yaxşı futbol nümayiş etdirmək mümkün deyil. Lakin səfər oyunlarının 95 faizini ideal meydanda keçirməyimiz yaxşı nəticələrə səbəb olub. Çünki keyfiyyətli örtükdə baxımlı futbol göstərmək bizim üçün daha rahatdır. Qubada futbol oynamaq mümkün deyil, dəhşətli vəziyyətdir.
- 16 turdan sonra 17 xal qazanmaq uğur hesab oluna bilər?
- “Sumqayıt”la qarşılaşmada qələbə qazandığımız halda texniki məğlubiyyət almağımızı nəzərə alsaq, indi 17 yox, 20 xalımız ola bilərdi. Digər görüşlərdə də gözləmədiyimiz xalları itirdik. “Sabah”la oyunda 0:3 hesablı məğlubiyyətə layiq deyildik. “Qarabağ”la dueldə penaltini qaçırdıq, qapımızdan sadə qollar buraxdıq. Bu isə 5 ay əvvəl yığılmış komanda üçün yaxşı nəticədir. Bu cür davam etsək, çempionatın ikinci yarısında daha çox xal toplaya bilərik. Yanvardan sonra daha artığına ümid edirəm.
HƏBİB

