“Zirə”nin legioneri Brahim Konate Sportinfo.az-a müsahibə verib.
29 yaşlı fransalı yarımmüdafiəçi komandasının “İmişli” ilə qolsuz bərabərə qaldığı qarşılaşmadan sonra sualları cavablandırıb.
-Ardıcıl üçüncü oyunu qələbəsiz başa vurduz. 3 xalı bayram etməyinizə nə mane oldu?
- “İmişli”nin ağıllı müdafiə olunması. Bu komanda arxa xətdə intizamlı oynamağı bacarır. Əslində, qol vurmuşduq. Lakin referi çox düşünəndən sonra nədənsə qolumuzu ləğv etdi. Matçboyu topa nəzarət tərəfimizdə idi, hücumlar qurmağa, qol vurmağa çalışırdıq. Dediyim kimi, rəqib yaxşı müdafiə olundu.
- Məyusluq var, yoxsa buna da şükür?
- Əlbəttə, üzgünük. Öncəki iki görüşdə qalib gələ bilməmişdik deyə, qələbə qazanmaq istəyirdik. Həm də istirəhətə yüksək əhval-ruhiyyədə yollanmaq yerinə düşərdi. Təəssüf ki, öz meydanımızda vacib 2 xal itirdik.
- Rəşad Sadıqov hədsiz əsəbi idi yəqin.
- Göstərdiyimiz oyuna görə təbrik etdi. Qol vurmağın öhdəsindən gəlməli olduğumuzu söylədi. Ümumilikdə hər şey normaldır, hücum planında daha çox çalışmalı olduğumuzu bildirdi. Qış fasiləsində bu çatışmazlığın üstündə işləməliyik.
- Geridə qalan 16 turu və turnir cədvəlindəki mövqeyi “Zirə” üçün necə qiymətləndirirsən?
- Rəqiblərin adına və nəticələrinə baxsaq, nəticələrimiz heç də pis deyil. Hazırda “Sabah”la “Qarabağ”dan geri qalırıq ki, hər ikisi güclü komandadır. Bəzi oyunlarda itirdiyimiz vacib xallar olmasaydı, daha çox xal toplaya bilərdik. Əsl mübarizə qış fasiləsindən sonra olacaq. İnşallah, daha yaxşı “Zirə” görəcəyinizə ümid edirəm.
- Yeni komandanda öz yerini tapa bilmisən? “Şamaxı”dakı qədər rahatsan burada?
- Çox rahatam. Mütəmadi oynayıram və bacardığım qədər fayda verməyə çalışıram. Nədənsə narahat olduğumu deyə bilmərəm.
HƏBİB

