“Qarabağ”a məxsus gənc qapıçı Sadiq Məmmədzadə Sportinfo.az-a müsahibə verib.
Hazırda icarə əsasında I Liqa təmsilçisi "Difai"də çıxış edən 19 yaşlı kiper ölkə kubokunda “Sumqayıt”la baş tutan qarşılaşmadan sonra (1:3) suallarımızı cavabladı.
- Yaxşı mübarizə aparsanızda sonda məğlub oldunuz. Nələr deyə bilərsiniz?
- “Sumqayıt” yaxşı komandadır. Ancaq biz də yaxşı dirəniş göstərdik. Amma təəssüf ki, məğlub olduq Bu oyunla kifayətlənmək olmaz. Hər qurtarışım yüksəlmək üçün bir şansdır.
- Öz performansın barədə nələr deyə bilərsən?
- İlk öncə onu deyim ki, böyük təcrübə idi. Uzun müddətdir Premyer Liqa klubuna qarşı oynamırdım. Fərdi baxası olsaq, pis keçirmədiyimi deməliyəm. Ancaq mükəmməl oyun keçirməmişəm. Əks halda məğlub olmazdıq. Ümumi baxası olsaq görüşdən həzz aldığımı deməliyəm. Uzun müddətdir belə təzyiqli oyun keçirmirdim.
- Həqiqətən, yaxşı oyun keçirdin. Premyer Liqada çıxış etməyə hazır olduğunu demək olar?
- Böyük danışmaq istəmirəm. Amma hər zaman buna hazır olmuşam. Təbii ki, cavanam, hələ çox çalışmalıyam. Çatışmayan cəhətlər çoxdur. Zamanla işləyərək düzəldə biləcəyimi düşünürəm. Əsas mental olaraq hazıram.
- "Difai"də işlər necə gedir?
- Bildiyiniz kimi turnir cədvəlində aşağı sıradayıq. Amma çempionatın bitməsinə hələ çox var. Komandanı bu yerə layiq görmürəm. Çünki oyunlarda çox əziyyət çəkirik. Müəyyən şeylər çatmır, lakin düzəltmək olar. İnanıram ki, qarşıdakı oyunlardan müsbət nəticə əldə edərək turnir cədvəlində yerimizi yaxşılaşdıra bilərik.
- Birinci Liqanın səviyyəsi necədir? Premyer Liqa ilə nə kimi fərqlər var?
- Açığı, belə gözləmirdim. Yaxşı mənada təəccübləndim. Oyunların hər biri ağır keçir. Zəif komanda yoxdur. Amma Premyer Liqa ilə fərqlər göz önündədir, mənim deməyimə ehtiyac yoxdur. Lakin ümumi olaraq Birinci Liqada oynamağın çətin olduğunu deməliyəm.
- Gələcək planların nədir?
- Gələcək planlarım ilk növbədə legioner həyatı yaşamaqdır. Bunun üzərində menecerim Emil Asadov işləyir, əziyyət çəkir. İnşallah, yaya doğru yaxşı xəbərlər gözləyirəm. Amma əsas proritetim oynaya biləcəyim yerə getməkdir. Ölkə xarici olsa əla olar, amma digər variant kimi Premyer Liqa klubları da olsa yaxşı olar. Menecerim məşğul olduğu üçün geniş nəsə deyə bilmərəm.
- "Qarabağ"a qayıtmaq fürsətin olsa necə, bir gün bu klubun əsas heyət üzvü olmağı xəyal edirsən?
- Əlbbəttə, istəyərəm. “Qarabağ”I kim istəməz ki? Nəinki Azərbaycanda, hətta Avropada sözünü deyən klublardan biridir. Düşünürəm ki, “Qarabağ”da oynamaq çox gəncin xəyalıdır.
XANOĞLAN İMANOV

