“Onun üçün darıxıram, meydanda gözlərim onu axtarır”

16:40 Müsahibə 269
“Onun üçün darıxıram, meydanda gözlərim onu axtarır”

“Araz-Naxçıvan” 3 oyunluq qələbəsizlik seriyasına “Kəpəz”lə qarşılaşmada son qoymağı bacardı - 2:0.

Sonuncu dəfə noyabrın 8-də “Karvan-Yevlax”ı çətinliklə məğlub edən (2:1) “qırmızı-qaralar” son 1 ayda “Turan Tovuz”la 1:1 bərabərə qalıb, çempionatda “Qəbələ”yə (1:2), Azərbaycan kubokunda “Kəpəz”ə uduzmuşdu (0:1).

Odur ki, oyundan sonra məmnun görünən futbolçulardan Ramon Maçado ilə həmsöhbət olduq.

Cari mövsümdə qol hesabını aça bilməyən braziliyalı hücumçu Sportinfo.az-a səmimi etirafları ilə diqqət çəkdi.

- 1 aydan sonra qələbə qazanmaq sevindiricidir, yoxsa üzücü?

- Həqiqətən çətin dönəmdə idik. Gözləmədiyimiz halda məğlub olub, xallar itirmişdik. Xüsusən kubokda “Kəpəz”ə yenilgi hər birimizə pis təsir etmişdi. Artıq buna “dur” deməyin vaxtı çatmışdı. Yığışıb danışdıq ki, belə davam edə bilməz, nələrisə dəyişməliyik. Bu günlərdə iclasların və təhlillərin sayı çox oldu. Nəticəsini isə meydanda olduq. Qış fasiləsinə qədər iki oyun qalıb. Uduzmaq fikrimiz yoxdur.

- İlk yarıda meydan sahibi olduğunuzu göstərə bilmirdiz. Fasilədən sonra mühərriki işə saldız sanki. Nə baş verdi?

- Bunun səbəbi “Kəpəz”in müdafiədə sıxlıq təşkil etməsəydi. Ara-sıra hücumlar qursaq da, real təhlükə yarada bilmirdik. Lakin hesab açılandan sonra üstünlüyü ələ aldıq. Çünki rəqib hesabı bərabərləşdirmək üçün hücuma atılanda müdafiədə boşluqlara yol verirdi. Ona görə də real qol imkanlarının sayı çoxaldı. Hesabı 2:0 etdik, ardınca bir neçə 100 faizlik şansları qaçırdıq. Fikrimcə, layiqli qələbə qazandıq.

- Kubokda məğlub olduğunuz rəqibdən revanş almaq hissi var idi?

- “Kəpəz”dən yox, özümüzdən revanş almaq istəyirdik. Çünki “Kəpəz”ə məğlubiyyətin günahkarı özümüz idik. Bu gün özümüz özümüzə nələrisə göstərmək arzusundaydıq. Sübut etdik ki, qalib gələn “Araz” uduzan “Araz”dan daha güclüdür.

- “Araz”a nə olub? Ötən mövsüm avrokuboklara vəsiqə qazanan komandadır. Əksinə, indi bir az da güclənib.

- Futbolun maraqlı tərəfi də budur. Bir komanda heç vaxt eyni idman formasında olmur. Bu gün uğur qazanır, sabah büdrəyir. Bəli, həmin komandadır, həmin məşqçi və futbolçulardır. Və biz bu heyətlə Konfrans Liqasına vəsiqə qazanmışdıq, mərhələ adlamışdıq, mövsümə yaxşı başlamışdıq. Keyfiyyət olmasaydı, “Aris” kimi rəqibi mübarizədən kənarlaşdıra bilməzdik. Sadəcə qara günlər yaşayırıq. Əminəm ki, işıqlı günlərə çıxacağıq.

- “Araz”ın ən güclü tərəfi Felipe Santos – Ramon Maçado cütlüyünün iş başında olmasıydı. Çünki bir-birinizi gözüyumulu başa düşürsüz. Yayda sən zədələnəndə Felipe meydanda tək qaldı, indi sən qayıtmısan, o, zədəlidir.

- Felipe məni digərlərindən daha yaxşı tanıyır. Çünki “Qəbələ”də və “Araz”da birlikdə 2 il çıxış etmişik. Artıq üçüncü mövsümdür. Açıq deyirəm, onun üçün darıxıram, meydanda gözlərim onu axtarır. Felipe mənim oyun üslubumu bilir, hansı anda hansı istiqamətə hərəkətlənəcəyimi hiss edir və buna uyğun oötürmə edir. Yəqin ki, mən olmayanda da, o, mənim üçün darıxırdı. Cari mövsümdə eyni anda meydanda olmamışıq.

- İqor Ribeyronun “Neftçi”yə keçidi də sanki müdafiə xəttindəki etibarlılığı azaldıb.

- İqor ötən mövsüm inanılmaz mövsüm keçirmişdi. Həqiqətən güclü müdafiəçidir, meydanın hər yerində onu görmək olar. Əlbəttə, yeri görünür. Ancaq indiki məqamda İqorsuz bu işin öhdəsindən gəlməliyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti