“Neftçi”nin baş məşqçisi “Sportinfo”ya danışdı: "Bu, bizi çox narahat edir"

13 Avqust 18:20 Müsahibə 733
“Neftçi”nin baş məşqçisi “Sportinfo”ya danışdı: "Bu, bizi çox narahat edir"

"Neftçi"nin baş məşqçisi Samir Abbasov Sportinfo.az-a müsahibə verib.

- "Neftçi" son vəziyyət necədir?

- Vəziyyətimiz yaxşıdır, yaxşı məşqlər etmişik. Hazırlığımız yüksək səviyyədə keçib. Düzdür, yoxlama oyunları başqa, çempionatın təzyiqi başqadır. Bunu anlayırıq. Düşünürəm ki, çempionata yaxşı başlayacağıq.

- Cenk Sümer bildirdi ki, çempionluğa namizədlərdən biri də "Neftçi"dir. Sizcə, komanda buna hazırdır?

- "Neftçi"nin adına görə oynayacağıq. Bu həvəslə oynasaq, mövsümün sonunda istədiyimiz hədəfə çatacağıq.

- Yeni oyunçular "Neftçi"də istəniləni verə biləcək?

- Digər komandalarla müqayisə aparanda görərik ki, problem yaşaya biləcək vəziyyətdə olan bizik. Həddindən artıq dəyişikliklər etdik. Demək olar ki, bütün komandanı dəyişdik. Bu da əlbəttə ki, təsirsiz ötüşməyəcək. Ümid edirik ki, hər şey yaxşı olacaq. Kimsə uyğunlaşma dövrünü tez keçə bilər, kimdəsə yubana bilər. Bu baxımdan risk zonasındayıq. Gətirdiyimiz futbolçular keyfiyyətli və səviyyəlidirlər. İnanıram ki, gücümüzə güc qatacaqlar.

- Üç komanda ev oyunlarını Şamaxıda süni örtüklü meydançada keçirəcək. Bu məqam sizi narahat edir?

- Bəli, çox narahat edir. İkinci turda biz Şamaxıya gedəcəyik. Süni örtüklü meydançalar ideal vəziyyətdə deyil. Hətta deyərdim ki, bərbad vəziyyətdədir. Həmişə belə meydançalarda oynayanda 2-3 futbolçu sıradan çıxır. Əlbəttə ki, qorxuruq. Amma edə biləcək bir şeyimiz yoxdur. Oynamağa məcburuq.

- Daha bir mərkəz müdafiəçisi transfer etməyi planlaşdırırsız?

- Transfer işlərimiz hələ də davam edir. Tək müdafiənin mərkəzinə yox, digər mövqelərə də baxırıq. Bizdə struktur elə qurulub ki, transferlə bağlı daim iş gedir. Axtarışdayıq, danışırıq. Görək nə olur.

- Ramil Şeydayevdən bu mövsüm nə gözləyirsiz?

- Bu gün kiminsə gedişi bizim üçün gündəmdə deyil. Hamısı bizimlə məşq edir. Təlim-məşq toplanışından təzə gəlmişik. Əminəm ki, hamısının durumu yaxşıdır.

- 2020/2021 mövsümündə çempion etdiyiniz komanda ilə indiki heyəti müqayisə edəndə, sizcə, hansı daha güclüdür?

- Çətin sualdır. Bu heyətlə ən yaxşısını etməyə çalışacağıq.

- Növbəti mövsümdə qapıda kimə şans verəcəksiz?

- Qapı xəttində yaxşı rəqabət yarada bilmişik. Emil Balayev təcrübəli oyunçudur, millinin üzvü olub. Həmçinin Rza Cəfərov bu gün millinin qapıçısıdır. Yeni transfer etdiyimiz Kenan Piriç də yaxşı qolkiperdir. Kimin mütəmadi heyətdə olacağını çempionat göstərəcək.

- Hansı mövqedə rəqabətsizlikdən əziyyət çəkirsiz?

- Belə bir mövqe yoxdur. Amma elə mövqelər də var ki, oranı yaxşı doldurmalıyıq.

- Hücumçu mövqeyi ola bilər?

- 2-3 mövqe var. Desəm, agentlər telefonda oyunçular məsləhət görəcəklər.

- İmad Farajın durumu necədir?

- Onu transfer edəndə hansı vəziyyətdə olduğunu bilirdik. Yüngül zədəsi var idi. Bizə Polşada qoşuldu. Artıq indi tam məşq edə biləcək formadadır. Qarşıdakı oyunlarda onu meydanda görəcəyik.

- Bu mövsüm "Neftçi"də kapitan kim olacaq?

- 1-ci oyunda görəcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 18:10 Çək və bizə göndər!
13 Avqust 09:00 "Sumqayıt"dan ilk satış
13 Avqust 08:00 Xəzərdə zəlzələ oldu
13 Avqust 05:00 Yeni müqavilə - 3 İLLİK