
Son ilyarımı Polşada keçirən Rahil Məmmədov yenidən Azərbaycanda oynayacaq.
Vaxtilə “Neftçi” və “Qarabağ” kimi klubların uğurları üçün tər tökmüş təcrübəli müdafiəçi “Araz-Naxçıvan”ın şərəfini qoruyacaq.
Rahilin yeni komandasındakı debütü uğursuz alındı. Naxçıvan təmsilçisi Konfrans Liqasında “Omoniya” ilə qarşılaşmada meydanı 0:4 hesablı yenilgi ilə tərk etdi.
Sportinfo.az-a müsahibə verən Məmmədov maraq doğuran sualları cavablandırıb.
- “Araz-Naxçıvan”da debütün istədiyin kimi alındı?
- Burada olduğuma görə sevinirəm. Xeyli vaxtdır futbolsuz idim. Bu cür atmosfer üçün darıxmışdım. Təəssüf ki, nəticə belə oldu.
- Polşa çempionatından sonra yenidən Azərbaycana qayıtmaq necə hisdir?
- Bu, avrokubok qarşılaşması idi. Bilirik ki, beynəlxalq oyunlarda maraq və ajiotaj başqa cür olur. Çempioatda meydana çıxmamışam. Oynayandan sonra hansı hislər yarandığını deyə bilərəm. Polşada olanda da Premyer Liqanı diqqətdə saxlayırdım. Deyərdim ki, çempionatımızın səviyyəsi yüksəlib, komandalar arasında rəqabət artıb. Bu da legionerlərin sayının çoxalmasıyla bağlıdır.
- Polşa karyerası sənə nə verdi?
- Təcrübə deyərdim. Ordakı futbol daha sürətli və atletikdir.
- “Omoniya” ilə görüşdə ehtiyatda qalmağı nə ilə əlaqələndirə bilərsən?
- Baş məşqçinin qərarıdır, hörmət etməyə borcluyuq. Komandayla hazırlıq keçməmişəm deyə, tam hazır deyiləm. Yəqin ki, buna görədir.
- Bu cür ağır hesabla məğlub olacağınızı təxmin edə bilərdin?
- Düzünü desəm, xeyr. Belə olacağına inanmırdım. Futboldur, dünən uda, bu gün uduza bilərsən.
- Qələbə qazanmaq, ən azından heç-heçə etmək üçün nə çatmadı?
- Bunu yorğunluqla əlaqələndirə bilərəm. “Aris”lə matçda azlıqda qaldıqdan sonra daha çox güc sərf etməyimiz komandada yorğunluq yaratmışdı. Bir həftə içində bu cür tempdə iki oyun keçirmək həqiqətən ağırdır.
HƏBİB