.jpg)
Konfrans Liqasında mübarizə aparan “Araz-Naxçıvan” öz meydanında böyük hesabla uduzdu.
III təsnifat mərhələsinin ilk matçında Bakıda “Omoniya” ilə üz-üzə gələn təmsilçimiz meydanı 0:4 hesablı yenilgi ilə tərk etdi.
Sportinfo.az-a müsahibə verən Ba-Muaka Simakala sualları cavablandırıb.
- Ağır yenilginin səbəbini nə ilə izah edə bilərsən? “Araz”a nə oldu?
- Oyundan əvvəl əhval-ruhiyyəmiz yaxşı idi və uğurlu nəticəyə ümid edirdik. Lakin oyuna yaxşı başlaya bilmədik. Nə deyəcəyimi bilmirəm. Belə vəziyyətdə danışmaq ağırdır. Həqiqətən acı yenilgi oldu.
- Komanda kənardan yorğun görünürdü.
- Bəlkə də. Yunanıstandan Bakıya uzun yolçuluq olmuşdu. Ancaq ordan qayıdandan sonra kifayət qədər məşq etmişdik. Nə baş verdiyini anlaya bilmirəm.
- Bəlkə “Omoniya” rəqibi lazımınca analiz etmişdi deyə, sizə əl-qol açmaq imkanı vermədilər?
- Sən 100 faiz hazırsansa, rəqib heç nə edə bilməz. Ancaq bu gün onlar bizdən daha yaxşı idi.
- İqor Ribeyronun yoxluğu yekun nəticədə özünü göstərdi?
- İqorun müdafiə keyfiyyətləri inanılmaz dərəcədə yüksəkdir. Çox yaxşı futbolçudur. Onun yoxluğu bizim üçün ciddi itkidir. Təəssüf ki, səfər qarşılaşmasında da bizə kömək edə bilməyəcək. Çünki artıq “Neftçi”nin futbolçusudur.
- Nikosiyaya da tranzit reyslə uçacaqsız?
- Təşkilati məsələlərlə klub rəsmiləri məşğul olur. Açığı, xəbərsizəm.
HƏBİB / SPORTİNFO.AZ