"Neftçi”nin adını eşidib nə dedi? – “Bunu mən yox, onlar bilər”

6 Avqust 20:40 Müsahibə 604
"Neftçi”nin adını eşidib nə dedi? – “Bunu mən yox, onlar bilər”

““Araz-Naxçıvan”ın yeni transferi Çarlez Boli ilk oyunlarda səviyyəsini ortaya qoymağı bacardı.

“Aris”lə Bakıdakı qarşılaşmada vurulan ilk qolda yaxından iştirak edən cinah yarımmüdafiəçisi səfər qarşılaşmasında adını qol müəllifi kimi tabloya yazdırdı.

Əslən Fil Dişi Sahilindən olan, Fransa vətəndaşlığını daşıyan, Şotlandiyada dünyaya gələn vinger Sportinfo.az-a ayaqüstü müsahibəsində meydandankənar sualları cavablandırıb.

- İki oyunda etdiklərin bacarığının maksimumudur, yoxsa daha artığı gözləyək?

- Xeyr-xeyr, bu, hələ başlanğıcdır. “Araz-Naxçıvan” üçün daha faydalı olub, daha yaxşı işlər görə bilərəm. Yeni ölkəyə, yeni komandaya gəlmişəm. Komanda yoldaşlarımla bir-birimizi tam tanımırıq. Zaman keçdikcə fiziki hazırlığımı və anlaşma səviyyəsini yaxşılaşdırıb daha artığını edəcəyimə inanıram.

- Atan, qardaşın, əmin oğlu – hamısı tanınmış futbolçular olub və ya olmaqdadır. Sizdə sanki hamı futbolçu olmaq istəyir, müəllim, həkim, polis olmaq ağlınızdan keçmir.

- Atamla əmim futbolçu olub və biz kiçik yaşlarımızdan onları top həvəskarı kimi görmüşük. Uşaq olanda böyük qardaşlarımın oyunlarına baxırdım və istər-istəməz özümü onlara oxşatmağa çalışırdım. Futbol bizim üçün sənət və iş yox, həyatdır. Bizdən sonrakı nəsillər də yəqin ki, bizə oxşamağa çalışacaq.

- Topla möhtəşəm davranırsan. Texniki bacarıq baxımından atanı və qardaşlarını üstələyirsən yəqin.

- (gülür) Bunu mən yox, onlar bilər. Qardaşım müdafiəçidir, əmim hücumçu olub, mən isə yarımmüdafiədə oynayıram. Fərqli mövqelərdə oynayırıq deyə, fərqli keyfiyyətlərə sahibik. Mən sadəcə, üzərimə düşəni etməyə çalışıram.

- Fransa vətəndaşısan, Fransada oynamısan. Azərbaycandakı futbolçuların arasında şəxsən tanıdıqların var?

- Ötən mövsüm “Neftçi”də oynamış Ervin Koffi ilə çox yaxınam. Vaxtilə Fransada eyni komandada çıxış etmişik. “Araz-Naxçıvan”dan təklif alanda Ervinlə söhbət etdim və mənə çox xoş sözlər söylədi. İstər ölkə, istər insanlar, istərsə də futbol haqda. “Qarabağ”da oynayan Abdullah Zubirlə ümumi tanışlığım var. Mən “Lans”ın akademiyasında olanda, Zubir əsas komandada forma geyinirdi. O vaxt zaman-zaman söhbətimiz olurdu.

- Bura gələnə qədər Azərbaycan barədə məlumatların hansı çərçivədə idi?

- Yəqin ki, dar çərçivəyə sığırdı. Çünki geniş bilgilərə sahib deyildim. Nələrsə eşitmişdim, ancaq tam olaraq bilmirdim. Açığı, gəlib görəndən sonra yaxşı mənada təəccübləndim.

- Nələrə təəccübləndin?

- Bakının gözəlliyi, müasirliyi. İnsanların xoş davranışı, qonaqpərvərliyi. “Araz”da gördüyüm birlik və komanda ruhu. Burada olmaqdan çox xoşbəxtəm.

- “Araz-Naxçıvan”a qədər ölkəmizin hansı klublarından təklif almışdın?

- Rəsmi olaraq heç birindən. Yalnız “Araz” ciddi addım atdı və anlaşdıq.

- “Neftçi”dən necə?

- Dediyim kimi, “Araz”dan təklif aldım və bu gün burada olmaqdan məmnunam.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
6 Avqust 16:30 Çək və bizə göndər!
6 Avqust 01:30 Avroliqada 1 qələbə
6 Avqust 00:40 Bu liqada püşk atıldı
5 Avqust 23:40 “Bu, məni qorxutmur”