"Mənə dedi ki, nə qədər buradayam, sən heç vaxt..." - MÜSAHİBƏ

10 Avqust 19:00 Müsahibə 6 754
"Mənə dedi ki, nə qədər buradayam, sən heç vaxt..." - MÜSAHİBƏ

“Sumqayıt”a transferi səssizliklə müşahidə olunan Nikola Ninkoviçin karyerası ilə bağlı eyni sözləri demək olmaz.

Onun futbol həyatı ilk gündən çox səs-küylü olub.

Problemlər, qalmaqallar bu adamı gənc yaşlarından sakit buraxmayıb.

Hələ 17 yaşında Serbiyanın əsas millisinə namizəd sayılıb.

18 yaşında "Partizan"la Serbiya çempionu olub. 21 yaşında bu cür tarixi klubda qoluna kapitanlıq sarğısını taxıb.

O, təkcə ölkəsində yox, bütün Avropada istedadından ağızdolusu danışılan gənclərdən biri olub.

1993-cü il təvəllüdlü legioneri bir zamanlar hətta İspaniyanın nüfuzlu “Don Balon” nəşri 1993-cü ildən sonra doğulan ən istedadlı 100 gəncin siyahısına daxil edib.

Bir sözlə, “Sumqayıt”ın yeni siması ilə danışmalı, soruşmalı çox mövzu vardı.

Müsahibə istəyimizə ilk fürsətdə razılıq verincə, onunla Qəbələ toplanışında görüşməyə qərar verdik.

“Şamaxı” ilə yoxlama görüşündən sonra gerçəkləşən sual-cavabı sizə təqdim edirik.

- "Sumqayıt"a gəlişində həmyerlin Saşa İliçin rolu nə qədər oldu?

- Saşa məni dəvət edəndə şad oldum. Mənim kumirim olub. Futbola yeni başlayanda o hələ də "Partizan"da idi. 4 il birgə çıxış etmişik. "Partizan"ın əfsanəsidir. Kim "Partizan"ı sevirsə, deməli Saşanı da sevir. Həmçinin mənim yaxın dostumdur. Həm Saşa, həm də onun yardımçıları ilə burada birgə olmaqdan şadam. Möhtəşəm bir korpusdur.

- Əfsanə oyunçu olduğunu dediyin Saşa İliçi baş məşqçi kimi necə təqdim edərdin?

- "Çukaruçki"də yaxşı işlər görüb. Bolqarıstanda "ÇSKA"nı uzun illərdən sonra çempion edə bilərdi. Sadəcə sonda 1 xal yetmədi. "Atromitos"da da fəaliyyəti müsbət olub. "Sumqayıt"da 24 saat köməkçiləri ilə yalnız iş barədə düşünür. Biz futbolçular lazım olan hər şey üçün ona yaxınlaşa bilirik. Futbolu çox yaxşı bilir. İnsan onunla işləyəndə rahat olur. Düşünürəm ki, potensialını hələ tam açmayıb. Gələcəkdə böyük klublardan birində baş məşqçi olacağına əminəm.

- Serbiyanın bütün aşağı yaş millilərində çox yaxşı çıxış etmisən. Əsas komandada forma geyinməyinə nə mane olub?

- 17 yaşım olanda U-21 millisinə dəvət alırdım. Bir dəfə İngiltərədə oyuna çıxmışdıq. Orada kütləvi dava baş verdi. Mən də qalmaqalın iştirakçısı oldum. Buna görə uzunmüddətli cəza aldım. Həmin dönəmdə əsas millinin idman direktoru olan şəxs açıq şəkildə dedi ki, mən nə qədər burdayamsa, sən heç vaxt milli komandanın üzünü görməyəcəksən. Məhz bu səbəbdən milli həyatı başlamadan bitdi.

- Karyerana ciddi zərbə vuran həmin qalmaqalı xatırlayanda nələr keçirirsən?

- Təbii ki, çox pis oluram. Amma sıradan qalmaqal deyildi. Böyük bir dava idi. Tək mən yox, bir neçə nəfər bunun əziyyətini çəkmiş oldu.

- Dünya futbolunda serbiyalı ulduzlar az deyil. Yaxşı münasibətin olan kimlərsə var?

- Uşaqlıqdan hazırda "Əl Hilal"da çıxış edən Aleksandr Mitroviçlə birgə oynamışıq. "Yuventus"un forvardı Duşan Vlahoviçlə aram yaxşıdır. Duşan Tadiç, Saviç və başqa bir çoxları ilə dostam.

- Azərbaycanda da çox sayda serbiyalı legioner həyatı yaşayıb. Arasında dostların var?

- "Qarabağ"dan Marko Yankoviçi qeyd edərdim. Uşaqlıqdan bir-birimizi tanıyırıq. Hər gün mənə yazır.

- Bura gəlməmişdən öncə sənə nə məsləhət verdi?

- Bəli, söhbətimiz oldu. Uzun müddətdir "Qarabağ"da çıxış edir. Buranı çox yaxşı tanıyır. Mənə ancaq pozitiv şeylər dedi.

- Uşaqlıq dostundan nə zamansa "Qarabağ"da oynamaq təklifi almısan?

- Xeyr, belə bir şey olmayıb.

- Bura gəlmədən öncə Azərbaycan futbolu barədə nələr bilirdin?

- Çox şey bilmirdim. Saşa Stamenkoviçi tanıyırdım. Onunla "Partizan"da oynamışıq. Saşa İliçlə birgə Stamenkoviçin çıxış etdiyi "Neftçi"yə qarşı iki oyun keçirmişəm.

- "Empoli", "Askoli" və "Genoa"dan fərqli olaraq "Breşiya"da heç nə ilə yadda qalmağı bacarmadın. Halbuki “Askoli”də əla mövsüm keçirmişdin. Ardını “Breşiya”da gətirməyə nə mane oldu?

- Bilmirəm bunu necə izah edim, amma cəhd edəcəm. Ora getmədən iki ay öncə ağır avtomobil qəzası keçirdim. Çox şükür ciddi bir şey olmadı. Möcüzə sayəsində sağ qaldım. Sadəcə bir neçə yüngül xəsarət almışdım. 2 aylıq aradan sonra şəxsi məşqçim ilə fərdi məşqlərə başladım.(qəza keçirdiyi maşının fotosu)

Hətta "Askoli"dən zəng etdilər ki, geri qayıt. Bu sırada "Breşiya"nın prezidenti şəxsən mənimlə danışdı. Bildirdi ki, baş məşqçi səni çox istəyir. Bütün komanda sənə görə qurulub. Oyun planında əsas fiqur sən olacaqsan. Mütləq burada olmalısan. Menecerim emaillə müqaviləyə imza atdı. Serbiyadan İtaliyaya yola düşdüm. Sloveniya ərazisində olanda baş məşqçi mənə zəng vurdu. Bildirdi ki, həftəsonu oyuna hazır ol. Sənə ehtiyacım var. Mən isə son 6 ayda oynamadığımı ona xatırlatdım. Əlavə etdi ki, meydanda olmağın mənim üçün yetərlidir. Mən də razılaşdım. Otelə çatdım, sənədimi resepşına təqdim etdiyim anda komandanın votcap qrupuna mesaj gəldi ki, həmin məşqçi ilə yollar ayrıldı. Düşündüm ki, futbolda baş verə biləcək hallardır. Məni istəyən baş məşqçi getsə də, hamı məni yaxşı tanıyır. Əvvəlki mövsüm komandamın ən yaxşısı olmuşam. Yeni gələn baş məşqçi də yəqin ki, məndən imtina etməz. Bir gün sonra başqa otelə köçdük. 2-3 gün üzərindən keçəndən sonra başladılar məni müayinələrə göndərməyə. Gah başımı, gah dizimi yoxlatdılar. Başımda çox kiçik hematoma olduğu aşkar oldu. Qəzada aldığım zərbədən sonra normal bir haldır. Buna görə məşqlərə buraxılmadım, günüm oteldə keçirdi. Menecerimə bildirdim ki, belə olmaz, nəsə etmək lazımdır. İtaliyalı agentim məni Milana çağırdı.

- Bu cür zədəyə görə niyə belə qərar verildi?

- 2018-ci ildə "Fiorentina"nın oyunçusu Davide Astorinin ölümündən sonra çıxarılan qərara görə, İtaliya klublarında bütün oyunçuların həyati məsuliyyəti klub həkimlərinin üzərindədir. Bu səbəbdən ürək əməliyyatından sonra Kristian Eriksen "İnter"dən ayrılıb, "Mançester Yunayted"ə keçməli oldu. Digər ölkələrdə futbolçu həyatı ilə bağlı məsuliyyətə özü imza atır. Yalnız İtaliyada klubun həkimi bunu üzərinə götürür. Ona görə də tam sağlam deyilsənsə, həkimlər məsuliyyəti üzərinə götürmür. Mənim keçirdiyim qəzaya görə ehtiyat etdilər. Eriksendə olduğu kimi.

- Belədə sən hansı addımı atdın?

- Belqradda olan həkimimlə vəziyyəti danışdım. O da dedi ki, orada çox mənasız adamlar var. Səninlə zarafat edirlər? Əlbəttə, sənin oynamağında problem yoxdur. Hematoma zərbədən yaranan kiçik zədədir və keçib gedəcək. Bunun ardınca Milandan xüsusi komissiya dəvət olundu. Mən bütün müayinələrdən təkrar keçdim. Orada da məlum oldu ki, mən oynamağa hazıram. Başverənlərdən 5 il ötür, hələ də "Breşiya"dan müqavilə ilə mənə çatacaq pulumu ala bilməmişəm. Bu barədə FİFA-ya şikayət etmişəm. İş hazırda CAS-dadır. Öz tərəfimdən hər şeydən əminəm. Təəssüf ki, buna rəğmən pulumu ala bilmirəm. Agentim işlərin ləng getdiyini bildirdi. Bəlkə də 2-3 ildən sonra pulumu alacam. Amma böyük problem bu deyil.

- Bəs bundan böyük problem nədir?

- Ən böyük problem odur ki, İtaliyada oturum icazəmi itirdim. B Seriasında Avropa Birliyi vətəndaşı olmayın şəxs oynaya bilməz. A Seriasında 3 oyunçuya icazə var. B Seriasından dəvətlərim olduğu halda gedə bilmədim.

- Oturum icazəsini niyə itirdin?

- İtaliyaya ilk dəfə gedəndə "Genoa" gənc oyunçu kimi bu icazəni mənim üçün almışdı. Orada belə qayda var ki, oturum alandan 6 ay sonra istədiyin kluba keçə bilərsən. Amma 6 ay işsiz qalanda bu icazən qüvvədən düşür. Mən "Breşiya"da 6 oynamadığım üçün həmin icazəm ləğv edildi. İndi yalnız A Seriasından bir klub məni heyətinə qata bilər və 6 aydan sonra istədiyim kluba keçə bilərəm. Oradan da təklif yoxdur. Məni İtaliyada o qədər çox istəyirlər ki... Hətta başqa şeylər də təklif olundu.

- Nə kimi?

- Təklif etdilər ki, səni İtaliyada rəsmi olaraq administrator kimi sənədləşdirək. 6 ay tamam olandan sonra oynamaq icazəsini həll edək. Bu qanunsuz işdir. Mən buna gedə bilməzdim. Böyük problemlər yaşanar. Həmçinin restoranda veriləcək maaşla futbolçu kimi oynamaq olmaz (gülür).

- Maraqlıdır İtaliya B Seriasından hansı klublar təklif göndərib?

- "Katanzaro" və "Frozinone". Burada digər problem odur ki, insanlar mənim futbol oynaya bilmədiyimi düşünür. Mən hər kəsə - agentlərə, məşqçilərə bir-bir fikrimi izah etməyə çalışıram ki, mən oynaya bilirəm. Sadəcə "Breşiya"da yaşananlar məni İtaliyadan uzaq saldı.

- Apenin yarımadasında bir çox ulduzlara qarşı oynamısan. Kimləri xüsusi qeyd edə bilərsən?

- Əlbəttə, Françesko Totti mənim üçün bir nömrədir. Bir də Di Balanı qeyd edərdim. "Yuventus" qarşı oyunda gördüm ki, vəhşi kimidir.

- İnternet qaynaqlarında universal oyunçu olduğun görünür. Sənin üçün harada oynamaq daha rahatdır?

- 10 nömrə mövqeyində.

- İtaliyadan 5 il oynadıqdan sonra Serbiya, Gürcüstan, Bosniya və Herseqovinada uzun müddət qalmağına nə mane oldu?

- "Breşiya"da baş verənlərdən sonra hardasa oynamalı idim. Serbiyaya formamı bərpa etmək üçün qayıtdım. O da uzun çəkmədi. Sonra düşündüm ki, əgər "Partizan"da oynamıramsa, başqa klubda oynamağım mənasızdır. Bosniya və Herseqovina da Serbiyaya çox yaxındır. 1.5 il Gürcüstanda oynadım. "Torpeda"da qalmağımı istəyirdilər. Son ana qədər danışıqlarımız davam etdi. Ancaq bəzi səbəblərdən alınmadı. Ümid edirəm ki, burada hər şey daha yaxşı alınar.

- Serbiya, Gürcüstan və İtaliyada titul qazanmısan. Azərbaycanda hədəflərin nədir?

- Şəxs olaraq ilk hədəfim kluba kömək etməkdir. Komanda olaraq etiraf edək ki, qarşımıza çempionluq hədəfi qoyulmayıb. Mütləq çempion olmalıyıq fikri ilə yola çıxmırıq. Amma o demək deyil ki, biz 2-ci, 3-cü, 4-cü pilləni də tuta bilmərik. Əsas hədəfimiz oyunlara fərdi yanaşmaqdır. Hər matça final görüşü kimi çıxmalıyıq. Ancaq bu halda irəli gedə, uğur qazana bilərik.

- Çətin günlərində sənə doğma olan "Partizan"dan "gəl bizdə oyna" jestini edən olmadı?

- "Partizan"da mürəkkəb vəziyyət var. Maliyyə problemləri yaşanır. Təklif olmadı. "Tekstilaç"a keçəndə artıq "Partizan"la görüş keçirilmişdir. Buna çox sevinmişdim (gülür). "Partizan"a rəqib olmağı heç arzulamıram.

- Serbiya futbolu deyəndə "Partizan"la "Srvena Zvezda" arasında keçirilən "Əbədi derbi" yada düşür. Nələr deyə bilərsən?

- Möhtəşəm anların yaşandığı matçdır. Həftələr öncədən tərəflər bu görüşə köklənir. Hətta baş məşqçi xahiş edirdi ki, derbini unudun, qarşıda başqa görüşlər var. Amma bunu etmək mümkünsüz idi. Çünki media, azarkeşlər "Əbədi derbi"dən yazır, danışır. Həyəcanlı, bəzən də əsəbi olursan. Çox möhtəşəm anlardı. Bu dəqiqə danışıram həyəcan boğur. Fikirlərimi, keçirdiyim hissləri tam ifadə edə bilmirəm. Bir futbolçu üçün o anları yaşamaq əvəzolunmaz hadisədir.

- Həmin oyunlardan hər zaman xatırladığın bir hadisə varmı?

- İki oyunu xüsusi vurğulaya bilərəm. Birində cərimə zərbəsindən vurduğum qolla qalib gəlmişdik. Çempionluq uğurunda görüş idi. Bir başqa çempionluq matçında isə son dəqiqədə qələbə qolunu vurmuşdum. Heç vaxt unuda bilməyəcəyim oyunlardı. Son dəqiqədə vurduğum qoldan sonra Saşa İliçlə dəli kimi sevindiyimiz fotomuz da var. Telefonumdan tapa bilsəm, mütləq göstərəcəm.

- Bunlar xoş hadisələrdir, bəs səni üzən, pis hadisə olmayıb?

- Mən "Partizan"da olduğum dövrdə komanda ardıcıl 6 mövsüm çempion oldu. Böyük üstünlüyümüz olduğu üçün xoş anlar daha çox idi.

- Məsələn, radikal rəqib azarkeşlərlə problemin olub?

- Hər klubun öz məhəlləsi var. Rəqibə aid ərazilərə getmirdik. Ona görə də hər hansı problem olmayıb.

- "Partizan"la bağlı böyük sevgi ilə danışırsan. Karyeranı doğma klubda başa vurmağın planları hazırdır?

- Ailəmdən sonra "Partizan" mənim üçün ən böyük dəyərdi. Ümid edirəm ki, orada karyeramı bitirmək qismət olar. Mənim ən böyük arzumdur. Bəlkə də nə vaxtsa məşqçi kimi orada çalışdım.

- İspaniyanın nüfuzlu “Don Balon” nəşri səni 1993-cü ildən sonra doğulan ən istedadlı 100 gəncin siyahısına daxil edib. Səncə, niyə istedadını ulduza çevirə bilmədin?

- Bir çox hadisələr yaşadım. Keçirdiyim qəzanı qeyd edə bilərəm.

- Avtomobil qəzasını 26 yaşında keçirmisən. Görünən odur ki, ona qədər də nələrsə düz getməyib axı...

- Bəli, razıyam. Təbii ki, mənim də çoxlu səhvlərim var (gülür). Ən böyük səhvlərimdən biri odur ki, "Askoli"də olanda yaxşı təkliflərim vardı. Heç özüm də anlamadım ki, nələr baş verdisə keçidim alınmadı. Burada pandemiya amili də rol oynadı. "Askoli"də o qədər çox sevilirdim ki... Restoranlarda hesabımı belə azarkeşlər ödəyirdi. Fanatlar məni çox sevirdi.

- "Askoli"də hər şey bu qədər yolunda getdiyi anda, İtaliya nəhənglərində oynamağın xəyallarını qururdunmu?

- Bəli.

- Özünü hazır hiss edirdin, yoxsa sadəcə arzu idi?

- Bir şeyi sizə danışım. "Genoa"da yaxşı mövsüm keçirmişdim. "Genoa"nın "Milan"la yaxşı münasibətləri var. Bildiyim qədəri ilə həmin dönəm "Milan" tərəfindən mənə maraq olub, barəmdə "Genoa"dan bəzi məlumatları soruşublar. Yaxşı mövsümü arxada qoydum, yeni sezona hazırlaşırdıq. Hər şey qaydasında gedirdi. Çempionatın başlamasına bir həftə qalmış ilk oyun üçün yazılan 20 nəfərlik siyahıda adımı görmədim. Buna çox əsəbiləşdim. Baş məşqçidən soruşdum ki, məni niyə iştirak ərizəsinə salmamısan? Səmimi bildirdi ki, Niko, incimə. Seçim mənim yox, rəhbərliyindir. Argentinadan yeni oyunçu gəlib. Onun mövsüm ərzində 20 görüşdə meydana çıxması lazımdır. Çünki yekunda böyük məbləğ qarşılığında "İnter"ə transfer ediləcək. Ona görə də sənin yerinə onun adını yazmaq məcburiyyətindəyəm. Mənim üçün sən daha güclüsən. Lakin bağışla ki, edə biləcəyim nəsə yoxdur. Tapşırıq belədir. Sənə yalnız ehtiyat oyunçu kimi baxa bilərəm. Mən də mövsümün başlamasına 5 gün qalmış "Empoli"yə getməyə qərar verdim.

- Mətbuatla aran necədir?

- Normaldır. Onlar da mənim kimi özü işini görməyə çalışır. Mən də hər zaman onlara kömək etməyə çalışıram. Əsas işim futbol oynamaqdır. Ehtiyac olarsa danışmağa hazıram. Ancaq tez-tez danışmaq da mənlik deyil. Çünki işim daha çox meydandadır.

- Futbolçu kimi səni meydanda nə qəzəbləndirə bilər?

- Məsələn, "Şamaxı" ilə yoxlama oyununda rəqib mənim ayağıma zərbə vurdu. Mən onu arxada qoymuşdum, formamı tutaraq qaydanı poza bilərdi. Buna bir şey deməzdim. Ola bilər xoşlamır onu kimsə aldadtsın. Amma ayağıma zərbə vurması zədələmək niyyətindən xəbər verir. Bu da doğru deyil. Hakim səhvləri məni bərk əsəbiləşdirir. Ötən mövsüm Gürcüstanda bunu yaşadım. Sadəcə dəhşət idi. O cür qeyri-peşəkar hakimliyi heç bir ölkədə görməmişdim.

- Karyeran ərzində 70 sarı vərəqə, 7 qırmızı vərəqə almısan. Ağır statistika intizamsız olmağından, yoxsa döyüşçü ruhundan irəli gəlir?

- Hakim səhvləri məni çox əsəbiləşdirir. Əksər vərəqləri də buna görə almışam. Ola bilər hakim düz qərar verər, mən bunu doğru görmərəm. Yaxşı olar ki, hakim bunu normal qaydada izah etsin. Mən də onu başa düşərəm. Hətta səhv etsə belə. Bəzən oyunçudan susmağı, sakit qalmağı sərt tələb edirlər. Belədə dəli oluram. Gənc vaxtlarında buna çox yer verirdim. Artıq yaş artdıqca daha səbrli olmağa başlamışam. Mümkün qədər özümə nəzarət etməyə çalışıram.

- Hansı sualın önəmini özün üçünü xüsusi qeyd edərdin?

- "Breşiya" ilə bağlı suala görə təşəkkür edirəm. Mənim oradakı hekayəmi çox adam bilmir. Çox sağ ol bu sualı verdiyin üçün. Ürəyimi boşalda bildim. Artıq rahatam ki, bütün azərbaycanlı azarkeşlər, futbol adamları orada başverənlərdən agah olacaqlar. Təbii ki, bir də "Partizan"la bağlı suallar eşitmək xoş oldu.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu