Vəzifəli şəxs: “Mən vaxt verməyi sevmirəm, bu, təbiətimə yaddır”

25 İyul 13:20 Müsahibə 541
Vəzifəli şəxs: “Mən vaxt verməyi sevmirəm, bu, təbiətimə yaddır”

Sportinfo.az Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun müsahibəsini təqdim edir:

- “Araz-Naxçıvan” Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Aris”i 2:1 hesabı ilə məğlub etdi. Qələbəni necə şərh edərdiniz?

- Gərgin keçən oyunda qələbə qazandıq. Lakin hələ heç nə bitməyib. Düzdür, sevinirik. Avrokuboklarda debüt matçında komandamız qələbə qazandı. Lakin qarşıda cavab oyunu var. Həmin matça hazırlaşmaq lazımdır.

- Hesabda geri düşərkən düşünmədiniz ki, artıq oyun əldən getdi?

- Xeyr. Rəqib hesabda önə keçərkən belə, komandaya inanırdım. Düşünürdüm ki, uduzmayacağıq. Çünki matça yaxşı hazırlaşmışdıq. Düzdür, “Aris” güclü rəqibdir. Hətta deyərdim ki, bu mərhələdə Azərbaycan klubları arasında ən güclü rəqib bizə düşüb. Bununla belə, uşaqlar xarakter göstərdilər. Hesab arasındakı fərq daha artıq ola bilərdi. Sona yaxın iki dəfə 100 faizlik qol epizodunu dəyərləndirə bilmədik.

- “Aris”in baş məşqçisi oyundan sonra mətbuat konfrasında iddialı danışıb. Bildirib ki, cavab oyunu tam fərqli olacaq...

- Deməlidir, çünki məşqçi öz oyunçularına motivasiya verməlidir. Təbii haldır. Komandasını ruhlandırır. Səfər matçı bizim üçün çox ağır olacaq.

- Nəticə bir qırağa, oyundan razı qaldınız?

- Mövsümün ilk rəsmi oyunu idi. Müəyyən səhvlər oldu. Məşqçilər bunun üzərində işləyəcək. Komanda yaxşı toplanış keçib. Sadəcə istirahət üçün vaxt az oldu. Heyətdə dəyişikliklər baş verib. Məşqçilər korpusunun işi göz önündədir.

- Yeni oyunçuların çıxışını necə dəyərləndirirsiniz?

- Təbii ki, bəyəndim. Mən vaxt verməyi sevmirəm. Bu, mənim təbiətimə yaddır. Amma fikirləşirəm ki, bir aya komanda daha yaxşı vəziyyətdə olacaq.

- Yeni transfer gözlənilir?

- Sonuncu transferimiz yekunlaşmaq üzrədir. Milli komandamızın müdafiəçisi Rahil Məmmədovla anlaşmışıq. Bu gün-sabah komandaya qoşulacaq. Yəqin ki, tezliklə transfer rəsmən açıqlanacaq. Demək olar ki, keçid bitib. 99 faiz bütün məsələlər həll olunub.

- “Aris”i mübarizədən kənarlaşdırmaq mümkün olsa, “Neftçi” ilə müqavilə imzalayan İqor Ribeyro növbəti mərhələdə də “Araz-Naxçıvan”ın formasını geyinəcək?

- “Aris”i mübarizədən kənarlaşdırsaq, “Neftçi” ilə danışıqlar aparacağıq. Lakin indidən konkret nəsə demək istəmirəm. Hələ ki tezdir. “Aris”i keçək, sonra “Neftçi”dən xahiş edərik.

- Bu “Araz-Naxçıvan” yeni mövsümdə çempionluq uğrunda mübarizə apara bilər?

- Yox. Qarşıdakı mövsüm çox çətin keçəcək. Komandaların sayı artıb. Digər rəqiblər də güclənirlər. Ümumiyyətlə, hazırda çempionat barədə düşünmürük. Əsas fikrimiz “Aris”lə cavab oyunundadır.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!