Bakını görüb şoka düşən yunan “Sportinfo”ya MÜSAHİBƏ VERDİ

24 İyul 17:20 Müsahibə 1 423
Bakını görüb şoka düşən yunan “Sportinfo”ya MÜSAHİBƏ VERDİ

“Araz-Naxçıvan” – “Aris” qarşılaşmasını işıqlandırmaq üçün Yunanıstandan ölkəmizə dörd jurnalist təşrif buyurub.

Onlardan biri – “Ert Nasiinal Tv and Radio” telekanalının təcrübəli əməkdaşı Tasos Paklatsizdir.

Oyundan bir gün əvvəl Tasosla “Liv Bona Dea Arena”dakı görüşümüzdə matçla bağlı təəssüratlarımı bir-birimizə bölüşəndən sonra Sportinfo.az-a müsahibə verməyə “yox” demədi.

- Püşkün nəticəsinə əsasən “Aris”in rəqibinin “Araz-Naxçıvan” olduğunu biləndə, reaksiya necə oldu?

- “Araz”ın avrokuboklarda debüt etməsi işimizi çətinləşdirir. Çünnki bu komanda barədə geniş məlumatlara sahib deyilik. Başa çatan mövsümdə 3-cü yeri tutubsa, deməli, avrokuboklara layiq kollektivdir. Digər tərəfdən, komandada dəyişikliklər olub, yeni futbolçular gəlib. Tanıdığımız rəqib olsaydı, nəyisə təxmin etmək olardı. İndiki məqamda çox danışmaq olmur.

- “Aris”də vəziyyət necədir?

- Qarışıq vəziyyətdir. Bir tərəfdən sevinirsən ki, büdcə artıb, səviyyəli futbolçular cəlb olunub. Digər tərəfdən düşünürsən ki, qısa müddətdə 15 yeni futbolçu ilə nə etmək olar? Aparıcı oyunçuların çoxu “Arid”dən ayrılıb. Yenilərin uyğunlaşması üçün vaxt lazımdır. İndiki vəziyyətdə “Aris” avrokuboklara hazır deyil. Ən böyük problem budur.

- Yunan azarkeşlər, futbol ictimaiyyəti yenilənmiş “Aris”in mərhələ adlayacağını düşünür, yoxsa?

- Yunanıstanda beş böyük klub var, onlardan ikisi Salonikini təmsil edir – PAOK və “Aris”. Bu klubların böyük azarkeş kütləsi var ki, onlar heç vaxt mərhələ adlamamağı, yaxud məğlub olmağı təsəvvür etmirlər. Hər zaman qələbə istəyirlər. Üzücü məqam odur ki, bu oyunun canlı yayımı sual altındadır. İndiki vəziyyətə görə “Aris” – “Araz” matçı Yunanıstanda canlı yayımlanmayacaq. Bəlkə də bir neçə saatdan sonra yaxşı mənada irəliləyiş olar. Telefonlarımız susmur, insanlar zəng edib canlı yayım barədə soruşurlar.

- İnsanlar bir tərəfə, siz özünüz yekun nəticəni necə təxmin edirsiniz?

- Dediyim kimi, bir tərəfdə tanımadığımız “Araz”dır, digər tərəfdə hazır olmayan “Aris”. Belə olduğu halda ehtimal irəli sürmək çətinləşir. Məncə, matçın taleyini təcrübəli futbolçuların ustalıq səviyyəsi həll edəcək. Lakin hesab təxminim yoxdur.

- Azərbaycana, Bakıya ilk səfərinizdir?

- Bəli.

- Gördükləriniz sizdə hansı fikirlər formalaşdırıb?

- Bura gəlməmişdən əvvəl Bakı haqqında müəyyən məlumatlar toplamışdım. İnternetdə kifayət qədər bilgilər mövcuddur. Müəyyən fikirlərim olsa da, açığı, şəhəri bu dərəcədə böyük təsəvvür etmirdim. Uca göydələnlər, enli yollar, qonaqpərvər insanlar var. Bakı çox möhtəşəmdir və deyərdim ki, əsl Avropa şəhərini xatırladır. Bəzi yerləri ABŞ-dəki küçələrə oxşayır.

- Hansısa çalarlarda Afinaya bənzərliyi var?

- Deməzdim. Yunanıstanın demək olar bütün şəhərlərində qədimlik, tarix, incəsənət var. Afinada bu qədər göydələn yoxdur. Hamısı köhnə binalardır. Oxşarlıq odur ki, həm Afinada, həm də Bakıda çimərliklər var (gülür).

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!