
"Araz-Naxçıvan"ın müdafiəçisi Slavik Alxasov Premyer Liqanın 35-ci turunda "Şamaxı"nı məğlub etdikləri (1:0) qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.
- Qələbə şərhin maraqlı olardı...
- Vacib oyun idi. 3 xal arxasınca gəlmişdik. Görüşün əhəmiyyəti hamımıza aydın idi. Çox şadam ki, qələbə qazanaraq Konfrans Liqasına vəsiqə qazandıq.
- Vacib qələbə qazandınız, amma heç də yaxşı oyun keçirdiyinizi demək olmaz...
- Pis oynadığımızı deməzdim. Normal oyun getdi. Üzərimizdə psixoloji gərginlik yox idi. Rəqibi unutmaq olmaz. "Şamaxı" çox yaxşı futbol sərgiləyir. Hər iki komandada ciddi itkilər vardı. Əsas olan qələbəni qazanan tərəf biz olduq.
- "Araz"ın problemləri çox idi. Bəzən məşq etməyə stadion tapılmırdı. Azarkeş dəstəyindən, doğma meydandan uzaqda mübarizə aparmalı olurdunuz. Bu qədər çətin şərtlər altında uğurlu olmağı necə bacardınız?
- Futbolçular peşəkar davrandı. Bəli, pis meydanlarda məşq edirdik. Bəzən həftə ərzində 3-4 fərqli yerdə məşq etməli olurduq. Buna baxmayaraq, uşaqlar sona kimi vuruşdu. Rəhbərlik, məşqçilər bizə dəstək oldu. Hər şey bundan irəli gəlir.
- "Sabah", "Neftçi" kimi böyük büdcəli komandaları qabaqlaya bildiniz. Uğurun davamını Avropada gətirmək mümkün olacaq?
- Orada asan rəqib yoxdur. Bütün komandalar güclüdür. İlk dəfədir Konfrans Liqasına vəsiqə qazanırıq. Maksimum çalışacağıq. Əlimizdən gələni edəcəyik.
XANOĞLAN İMANOV