
“Neftçi”nin legioneri Edvin Kuç Sportinfo.az-a müsahibə verib.
Monteneqro millisinin də şərəfini qoruyan yarımmüdafiəçi “Turan Tovuz”la oyunda qazanılan qələbədən sonra (2:1) sualları cavablandırıb.
Premyer Liqada 4 oyunluq qələbəsizlik seriyasına səfər matçında, süni örtüklü meydanda, rəqib azarkeşlərin qarşısında son qoyduz.
- “Turan Tovuz”u hansı cəhətlərdə üstələdiyinizi düşünürsən?
- Burada oynamaq həmişə çətindir. Dediyiniz kimi, sintetik meydanda, azarkeşlərin öz komandalarına olan dəstəyi və təbii ki, öryəşmədiyimiz dağ havası. Xeyrimizə işləyən ən vacib məqam ilk dəqiqələrdən nəzarəti ələ almağımız və qol vurmağımız oldu. Digər tərəfdən, hava toplarında effektli olan rəqibin ucaboy futbolçularının qarşısını almağı bacardıq.
- Bu qədər itkilərin və psixoloji yüklənmənin fonunda Tovuzdan qələbə ilə qayıdacağınızı təsəvvür edə bilərdin?
- Sizi inandırım, bu günə qədər bütün oyunlara qələbə istəyi və əzmi ilə çıxmışıq. Heç bir rəqibin adına və harada oynamağımıza önəm vermədən. Çünki biz “Neftçi”yik, sinəmizdə “Neftçi”nin loqosunu daşıyırıq. Bəli, nəticələr istədiyimiz kimi olmadı. Bu da yol verdiyimiz səhvlərlə bağlıdır. Ancaq istək və motivasiya həmişə yerində olub.
- Dayaq yarımmüdafiəçisi olsan da, “Neftçi”də oynamadığın mövqe qalmayıb. Bu dəfə “dördlü müdafiə”nin mərkəzində çıxış etdin. Öhdəsindən necə gəlirsən?
- Zədə və cəza səbəbindən 10-a yaxın futbolçu bizə kömək edə bilmirdi. Belə olduğu halda boşluq olan mövqeləri doldurmalıyıq. Etiraf edim ki, karyeramda ilk dəfə “dördlü müdafiə” sistemdə stoper mövqeyiində oynadım. Bundan öncə üç mərkəz müdafiəçili sistemdə sağ stoper kimi çıxış etməyim də ilk idi (gülür). Düzdür, alışmadığım mövqe və məsuliyyətdir. Lakin baş məşqçimiz mənə lazım olan məsləhətləri və tapşırıqları vermişdi deyə, işim bir az rahat idi.
- Həm də hava topları ilə oynayan rəqibə qarşı mübarizə aparmaq...
- Bəli, ən çətini də məhz bu idi. Bacardığı qədər effektli olmağa çalışırdım. Komanda yoldaşlarım da sağ olsunlar, mənə lazım olan köməkliyi göstərirdilər.
- Artıq mövsüm sona yaxınlaşır və “Neftçi”nin titulsuz, medalsız, avrokuboklara vəsiqəsiz qalması çoxdan dəqiqləşib. Mütləq ki, nələrisə dərindən düşünüb təhlil edirsiz. Medalçılar sırasına düşməyə, ölkə kubokunun finalına yüksəlməyə nə mane oldu?
- Çempionata necə başlamaq psixoloji baxımdan çox önəmlidir. İlk 9 matçda mümkün 27 xaldan cəmi 5-ni toplamağımız və turnir cədvəlində əsas rəqiblərdən böyük xal fərqi ilə geri düşməyimiz bizə ciddi zərbə vurdu. Hər dəfə meydana təzyiq altında çıxırdıq, səhv buraxmaqdan ehtiyat edirdik, bir sözlə, ciddi narahatlıq yaşayırdıq. Bu cür psixoloji yüklənmə ilə nəsə etmək çox çətindir. Kubokun yarımfinalında ilk oyunu zəif keçirdik, razıyam. Amma cavab qarşılaşmasında finala layiq olduğumuzu göstərdik. Sadəcə imkanları qola çevirə bilmədik. Yenə deyirəm, mövsümün əvvəlində üzləşdiyimiz vəziyyət bizə sonradan toparlanmaq baxımından problem yaratdı. Bir də, az öncə qeyd etdiyim zədəli futbolçularımızın çox olması.
HƏBİB