
Belajdi Pusinin gedişindən sonra “Şamaxı”nın qol yükü Maykıl Tuikin çiyinlərinə düşəcək.
Litva çempionatından gələn braziliyalı forvard yeni komandasında qol hesabını aça bilməsə də, meydanda çox çalışır, rəqib müdafiəçilərə baş ağrısı yaradır.
“Səbail” üzərində qələbədən sonra hamı kimi, Tuikin də əhvalı yerində idi. Sportinfo.az-a verdiyi müsahibə də həmin ərəfədə baş tutdu.
- Bu qələbə sizin üçün nə deməkdir?
- “Səbail”lə matç bizim üçün olduqca vacib idi. Turnir cədvəlinə baxanda “Səbail”lə xal fərqimizin az olduğu görünürdü. Ona görə də bütün diqqətimizi qələbəyə ayırmışdıq ki, təhlükəli zonadan uzaqlaşaq. Futbolda deyim var, 6 xallıq oyun. Bu, məhz həmin qarşılaşma idi. Bəlkə də mövsümün ən vacib qələbələrindən birini qazandıq.
- Məğlubiyyət ehtimalını təsəvvür edirdin?
- Yenilgi barədə düşünsəydik, sizi inandırım, uduzardıq. Onu qətiyyən ağlımızdan keçirmirdik. Nə mən, nə də digər komanda yoldaşlarım. Bakıya yalnız 3 xal dalınca gəlmişdik.
- Oyunun ilk 25-30 dəqiqəsində “Şamaxı” meydanda yox idi. Oyunun gedişatı və reallaşan epizodlar ev sahiblərinin qələbəsindən xəbər verirdi. Nə baş vermişdi?
- Bunu hardasa taktiki plan kimi də dəyərləndirmək idi. “Səbail”in necə oynamasını, gücü hansı nöqtəyə verib, hansı yerlərdə boşluq buraxmasını görmək istəyirdik. Digər tərəfdən, rəqibin üstünlük yaratması sonrakı dəqiqələr üçün bizə motivasiya verdi. Adətən, ilk 15-20 dəqiqə hər zaman belə olur, meydan sahibləri pressinq edir, hücumda çoxluq yaradır.
- Belajdi Pusinin gedişindən sonra “Şamaxı”nın yeganə hücumçususan. Rəqabət hiss etmədiyin halda arxayınlaşmağın qarşısını necə alırsan?
- Arxayınlaşmaq üçün nə etmişəm ki? O futbolçu arxayınlaşa bilər ki, böyük işlər görüb, özünü əvəzolunmaz sayır. Əksinə, mən daha çox çalışıram, bütün motivasiyamı futbola ayırıram ki, “Şamaxı”ya faydalı olum. Oyunda canımı qoymasam, mübarizə aparmasam, heç nə ilə yadda qalmasam, kimsə əsas heyətdəki yeri əlimdən alacaq. Nə olsun ki, nominal hücumçu yoxdur. Başqaları da həmin mövqedə çıxış edə bilər. Bu, ən böyük təhlükədir. Ona görə də dayanmadan məşq edirəm.
HƏBİB