Qarabağ qazilərinin klubu: "Məqsədimiz çempionluq olacaq"

23 Fevral 21:15 Müsahibə 4 334
Qarabağ qazilərinin klubu: "Məqsədimiz çempionluq olacaq"

Xəqani Məmmədovun gedişindən sonra "Difai"də baş məşqçi səlahiyyətlərini yerinə yetirən Aydın Qasımovun burada işləri pis getmir.

"Fədailər" onun gəlişindən sonra Birinci Liqada keçirdiyi 2 matçda aktivinə qızıl dəyərində xallar yazdıra bilib.

Öncə ağır Zaqatala səfərində 1 xala sevinən "fədailər" ardınca "Qaradağ Lökbatan"la görüşdə 2:1 hesabı ilə qalib gəlməyi bacardı.

Aydın Qasımov Sportinfo.az-a verdiyi müsahibədə Qarabağ qazilərinin qurduğu komandanın mövcud durumu və hədəfləri barədə danışıb.

- "Qaradağ Lökbatan"la matçda əldə olunan vacib qələbəni necə şərh edərdiniz?

- Rəqibin turnir cədvəlindəki yerinə baxmayaraq, çox yaxşı kollektivdir. Arada olan xal fərqi də bizi yalnız qələbə qazanmağa vadar edirdi. Şükür Allaha uşaqlar tapşırıqları düzgün yerinə yetirdilər və layiqli qələbə qazandıq.

- Son iki turda komanda önəmli xallar qazana bildi. Gəlişinizlə nəyi dəyişdiniz?

- İlk öncə psixoloji durumu düzəltdik. Müəyyən çətinlik vardı. Zədəli futbolçularımız var. Zədə və cəza səbəbindən son görüşdə 6 əsas heyət üzvü yox idi. Vəziyyəti dəyişmək çətin idi. Amma uşaqları oyunlara kökləmək mümkün oldu.

- Qarşıdakı turda rəqib "Mingəçevir"dir. Uğurlu çıxışı davam etdirmək mümkün olacaq?

- Maksimum nəticə üçün meydana çıxacağıq. Qarşıdakı bütün oyunlar bizim üçün finala bərabərdir.

- "Mingəçevir" ev oyunlarını Zaqatalada keçirir. Qısa müddətdə ikinci dəfə uzaq səfərə yollanmaq komandaya mənfi təsir edə bilər?

- Hər matça qələbə üçün çıxacağıq. Yəqin ki, oyundan 1 gün öncə səfərə yollanacağıq. Komanda rəhbərliyi sağ olsun, kollektiv üçün hər cür şərait yaradır. Ötən dəfə də 1 gün əvvəldən yola çıxmışdıq. Bu, futbolçuların meydana daha rahat çıxmasına hesablanıb. Klubun prezidenti Asəf müəllim "Difai" üçün əlindən gələni edir. Bu komandanın adının yaxşı yerlərdə olması üçün lazım olan bütün şəraiti yaradıb. Hər şey qaydasındadır. Əhval-ruhiyyənin yüksək olduğunu deməliyəm.

- Həqiqətən, Asəf Məlikovun "Difai" üçün xidmətləri böyükdür. Biz bunu kənardan izləyirik, amma siz klubun içindəsiniz. Maraqlıdır, döyüş meydanında qəhrəmanlıq göstərən, Asəf müəllim rəhbər kimi futbol meydanında necə biridir?

- Məncə, döyüş meydanında necədirsə, futbol meydanında da elədir (gülür). Məğlub olmağı sevmir. Ciddi bir insandır. Amma çox mehriban insandır. Komandanın məşqlərinə, oyunlarına davamlı gəlir. Futbolçular ilə yaxından maraqlanır. Kimin nə problemi olursa, hər birini həll edir. Bir sözlə, bizdən biridir. Buna görə də kollektivin ona böyük hörməti var. Mehribançılıq olanda nəticələr də olur. Əldə etdiyimiz uğurları buna bağlayardım.

- Qarşıdakı dönəm klubun hədəfi nədən ibarət olacaq?

- Maksimum nəticə əldə etməyə çalışacağıq. "Difai" ən üst sıralarda olmağa layiqdir. Ən azı ilk "5-lik"də olmaq istəyirik. Növbəti mövsümdə məqsədimiz çempionluq olacaq.

- "Difai" qısa müddətdə Region Liqasından Birinci Liqaya kimi yüksəlməyi bacardı. Növbəti mövsüm çempion olmağı hədəfləyəcəyinizi dediniz. Premyer Liqa xəyalının çox uzaqda olmadığını demək olar?
- "Difai" komandası Premyer Liqaya ancaq rəng qata bilər. Bu ad ən yüksək yerlərdə olmağa layiqdir. Asəf müəllim və bütün kollektiv bunun üçün əlindən gələni edir. İnşallah, istəyimizə çatacağıq.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 20:20 Mahir niyə AĞLAYIB?
17 Aprel 09:00 Qəpik-quruş BAZARI