COP29

Ardıcıl 4 oyunda uduzan komandanın hücumçusu: “Onda bu qədər səhvlərə yol vermirdik”

6 Noyabr 20:20 Müsahibə 541
Ardıcıl 4 oyunda uduzan komandanın hücumçusu: “Onda bu qədər səhvlərə yol vermirdik”

Sonuncu dəfə sentyabrın 20-də “Kəpəz”i məğlub edən “Şamaxı”nın qara günləri davam edir.

Bölgə təmsilçisi həmin tarixdən bu yana Premyer Liqada keçirdiyi son 5 oyunda qələbə üzünə həsrət qalıb və ardıcıl 4 matçı məğlub başa vurub.

Ötən şənbə öz meydanında “Zirə”yə boyun əyən (0:2) “şirlər”in albaniyalı hücumçusu Belajdi Pusi Sportinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.

- Niyə məğlub oldunuz?

- Bu gün istədiklərimizi həyata keçirə bilmədik və buna görə də uduzduq. Çempionat davam edir və qarşıda bizi çox oyunlar gözləyir. Son yenilgilər bizi ruhdan salmamalıdır. Daha çox çalışmaqla növbəti oyunlarda itirilən xalları sığortalaya bilərik.

- İstədikləriniz nə idi ki, həyata keçirə bilmədiniz?

- Müəyyən tapşırıqlar var idi, həmin anlarda diqqətli olmalıydıq. Lakin bu dəfə də müəyyən səhvlərə yol verdik, tapşırığı yerinə yetirə bilmədik. Ən kiçik epizodlarda belə, sayıqlığı əldən verməməliyik.

- Mövsümə kifayət qədər yaxşı başlayaraq 7 oyunda 12 xal toplamışdınız. Sonra nə baş verdi?

- Həqiqətən yaxşı başlanğıc idi. 7 oyunda səhv etmirəmsə bir dəfə uduzmuşduq. Son matçlarda öz səhvlərimiz ucbatından bəsit qollar buraxdıq, bəzi oyunlara itkilərlə çıxdıq. Konkret səbəb göstərmək çətindir. Yenə deyirəm, xallarımızın sayını artırmaq istəyiriksə, çox diqqətli olmalıyıq. Futbolda bu cür hallar qaçılmazdır. Önəmli olan səhvlərdən ən qısa zamanda nəticə çıxarmaqdır.

- Bəlkə mövsümün əvvəli idi deyə, rəqiblər “Şamaxı”nı ciddiyə almadığı, komandanı yaxından tanımadığı üçün xal bazanızı artıra bilirdiniz.

- Belə olduğunu düşünmürəm. Çempionatın əvvəlində də çətin oyunlarımız olub və nəticə qazanmağı bacarmışıq. Lakin həmin vaxt itkilər olmurdu, bu qədər səhvlərə yol vermirdik. Ona görə deyirəm ki, əvvəlki kimi minimum səhv etsək, sonluq yaxşı olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi