Bu komanda üçün 10 oyunda 4 qələbə az deyil? - MÜSAHİB

26 Oktyabr 2024 23:00 Müsahibə 1 004
Bu komanda üçün 10 oyunda 4 qələbə az deyil? - MÜSAHİB

“Sabah” ardıcıl üçüncü oyunda qələbəyə həsrət qaldı.

Krunoslav Renduliçin çalışdırdığı kollektiv əsas rəqiblərindən olan “Zirə”ylə qarşılaşmada 3 xalı son anda əldən verdi – 1:1.

Slovakiyalı hücumçu Pavol Şafranko Sportinfo.az-a verdiyi müsahibədə oyunla bağlı sualları cavablandırıb.

- Qələbə qazanmağınıza nə mane oldu?

- Fikrimcə, komanda olaraq 92 dəqiqə yaxşı oynadıq. Son dəqiqələrdə yol verdiyimiz səhv oyunu 3 xalla başa vurmağımıza mane oldu. Lakin nəzərə almalıyıq ki, “Zirə” də çox yaxşı komandadır və onlar da bizim kimi bu oyundan qələbə ilə ayrılmaq istəyirdilər.

- Sanki qələbəyə əminlik var idi. Rəqib əvəzetmələr edəndən sonra təhlükəli görünürdü. Bu cür sonluğu təsəvvür edirdin?

- Biz bütün oyunlarımıza qələbə üçün çıxırıq. Əlbəttə, hər oyunumuzu qələbə ilə başa vurmağa çalışırıq. Lakin nəzərə almalıyıq ki, rəqiblərimiz də yaxşı komandalardır. Onlar da bunun üçün sona kimi mübarizə aparırlar. Oyunda qələbəyə tam köklənmişdik. Son dəqiqələrdə qol buraxmağımız üzücü oldu. İndi bu barədə düşünməkdənsə, öz üzərimizdə çalışmalı və maksimum hədəfə çatmaq üçün tam konsentrasiya olmalıyıq.

-10 oyunda cəmi 4 qələbə. Az deyil? Geridə qalan müddət üçün çempionatın gedişatını “Sabah” üçün necə dəyərləndirirsən?

- Bizim komandanın yaxşı potensialı var və tezliklə daha yaxşı nəticələr qazanacağımıza inanıram. Əlbəttə, biz də komanda olaraq daha çox qələbə qazanmaq və daha yüksək pillədə qərarlaşmaq istərdik. Hazırda da bunun üçün çalışırıq və inanıram ki, buna nail olacağıq.

- 3 aydır Azərbaycan Premyer Liqasını yaxından görürsən. Rumıniya elitası ilə Azərbaycan çempionatı arasında fərqlər nələrdir? Hansı daha çətin və maraqlıdır?

- Hər çempionatın spesifik xüsusiyyətləri olur. Hər iki çempionatda keyfiyyətli komandalar, futbolçular çıxış edir. Lakin ətraflı müqayisəni, məncə, hər iki çempionatı yaxından izləyən ekspertlər edə bilərlər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu