Sportinfo.az xəbər verir ki, Almaniyada "Nürnberq" ilə müqavilə imzalayan Azərbaycan millisinin futbolçusu Mahir Emreli "report"a müsahibə verib.
27 yaşlı hücumçu yeni komandasındakı hədəflərindən və yığmanın qarşıdakı matçlarından söz açıb.
- Avqustun əvvəlində "Nürnberq"lə müqavilə imzaladınız. Klubla bağlı təəssüratlarınız necədir?
- Çox gözəl təəssüratlarım var. Şəraitimiz çox yüksək səviyyədədir. Rəhbərlik, məşqçilər və komanda yoldaşlarımın göstərdiyi diqqət məni çox qane edir. Burada olduğum üçün çox sevincliyəm. Zədəli olmağıma baxmayaraq, göstərdikləri inam məni daha da motivasiyalı edir. Qısa zamanda yaşıl meydanlara qayıtmaq üçün əlimdən gələni edirəm. Onların ümidlərini doğrultmağa çalışacağam. "Nürnberq"də göstərilən qayğı və diqqət baxımından özümü Azərbaycandakı kimi hiss edirəm.
- Daha əvvəl Polşada, Xorvatiyada və Türkiyədə legioner həyatı yaşamısınız. "Nürnberq"i əvvəlki klublarından fərqləndirən əsas amil hansıdır?
- Burada tamam fərqli ab-hava var. Avropanın mərkəzidir. Daha öncə də böyük klublarda oynamışam. Bunu deməyimə ehtiyac yoxdur. "Konyaspor"u çıxmaq şərti ilə "Qarabağ", "Legiya" və "Dinamo" ölkələrinin çempionlarıdır. Konya təmsilçisinə getməyimin səbəbi isə tam başqadır. "Nürnberq" Almaniyada ad baxımından böyük klubdur. "Bavariya"dan sonra ən çox titul qazanan komandadır. II Bundesliqada çıxış etsələr də, öz statuslarını, adlarını qoruyublar. Düşünürəm ki, çox oyunçu bu klubda oynamaq istəyər. Çıxış etdiyimiz çempionatın səviyyəsi daha əvvəl oynadığım liqalardan güclüdür. II Bundesliqa rəqabətli və maraqlıdır.
- Komandanızın cari mövsüm Bundesliqaya yüksəlmək hədəfi var?
- Əlbəttə. Hədəf və şans var. Bu turnirdə heç bir matçda favorit yoxdur. Çempionat da maraqlı başlayıb. Hər kollektivin yüksəlmək və aşağı liqaya düşmək ehtimalı var. "Nürnberq"in istəyi həmişə yüksəklərdə olmaqdır. Ümid edirəm ki, bunu bacaracağıq. Komanda olaraq tam formalaşmamışıq. İlk beş həftə bir az ağır keçir. Daha sonra ritmi tuta bilirsən. Məncə, vaxt keçdikcə daha da yaxşı olacaq.
- Ölkə xaricində çıxış edən futbolçularımızın sayı ötən mövsümlə müqayisədə xeyli azalıb. 4 ildən çox Azərbaycandan kənarda oynayan biri kimi bunun səbəbini nədə görürsüz?
- Bu barədə çox danışmaq istəməzdim. Hərənin bir cür xasiyyəti var. Yəqin ki, uyğunlaşmaq, Avropada, ölkədən kənarda yaşamaq məndə çətinlik yaratmır. Hardasa buna tab gətirə bilirəm, çətinliklər olanda buna sinə gərməyə çalışıram. Ailəm yanıma gəlir, az-çox tutuna bilirəm. Gedib qayıdanların pis addım atdıqlarını deyə bilmərəm. Bəlkə də düşünüblər ki, karyeralarında doğru addım budur. Bəzən nələrsə doğru getməyəndə insan geriyə bir addım atmalıdır. Çünki bu, onu daha sonra iki addım irəli ata bilər. "Dinamo"dan sonra Azərbaycana qayıtmamaq səbəbim var. Orada mənim üçün o qədər də yaxşı olmadı. Məndən asılı olan və olmayan səbəblər var idi. Həyatımda "kaş ki" demək və "bacarmadı" sözünü də eşitmək istəmirəm. Ən azından özümə inanıram. Bunu meydanda göstərmək və ümidləri doğrultmaq niyyətindəyəm. Alınmasa da, ən azından "çalışdım" deyə biləcəyəm.
- Digər futbolçularımıza bu yöndə məsləhət verə bilərsiniz?
- Bəlkə də hər kəsə öz evində rahatdır. Legioner həyatı yaşamaq həqiqətən çətindir. Çünki istər-istəməz komfort zonadan kənardasan və bu, rahat bir şey deyil. Azərbaycandan çıxmış bir insanam. Həmişə Avropada yaşamamışam. Sadəcə, ailəm də yanımda olduğundan bəlkə bir az baş çıxarda bilirəm. Ümid edirəm ki, mənim üçün yadda qalan mövsümlərdən biri olacaq. Fikrimi tam cəmləşdirmək və əlimdən gələnin ən yaxşısını etmək istəyirəm.
- Millimiz sentyabrda İsveç və Slovakiya ilə üz-üzə gələcək. Toplanışa qatıla bilməsəniz də, yığmadan gözləntiləriniz nədir?
- Yığmamıza hər zaman inanmışam. Son matçlarda yaxşı oyun sərgiləyirik. Komandamızda artıq uzun illər birlikdə çıxış edən oyunçular var. Orada ola bilməyəcəyim üçün təəssüflənirəm. Amma dəstəyimi tam şəkildə göstərəcəyəm. Qarşılaşmaları da izləyəcəyəm. Yaxşı nəticələr qazana bilərik. Artıq komandada yeni baş məşqçi var. Onun istəkləri də tam başqa ola bilər. Biz futbol oynaya bilərik. Yaxşı futbolçularımız var. Ümidvaram ki, milli ilə də artıq nəticələr əldə etmək mümkündür.