COP29

Gecənin ulduzu ilə tet-a-tet – O, matçdan əvvəl anası ilə sevgilisinə nə deyibmiş?

21 Avqust 19:40 Müsahibə 897
Gecənin ulduzu ilə tet-a-tet – O, matçdan əvvəl anası ilə sevgilisinə nə deyibmiş?

“Zirə”nin Konfrans Liqasının pley-off mərhələsinə yüksəlməsində Tyaqo Silva əsas pay sahibi oldu.

Portuqaliyalı qapıçı penalti seriyasında dörd zərbəni dəf etməklə komandasını növbəti mərhələyə daşıdı.

Tyaqo ilə şəkil çəkdirmək, imza almaq üçün növbəyə düzülənlər çox idi. Bununla belə, Sportinfo.az-a müsahibə verməkdən boyun qaçırmadı.

- Oyundan əvvəl qarşılaşmanın qəhrəmanı olacağını hiss etmişdin?

- Hər bir futbolçu bu cür hallara hazır olmalıdır. Anamla və sevgilimlə danışanda dedim ki, mənə elə gəlir, bu axşam uzun olacaq və biz mərhələni adlayacağıq. Açığı, penaltiləri tam olaraq təsəvvür etməsəm də, içimdə məsələnin 90 dəqiqə ərzində olunmayacağına dair düşüncə var idi. “Osiyek” kimi komandanı mübarizədən kənarlaşdırmaq həqiqətən böyük uğurdur. Və bu uğurda tək mən yox, bütün komanda üzvləri qəhrəmandır. Çünki məsələnin penaltiyə qədər daşınmasında onların böyük rolu oldu. Azərbaycan futbolunun və “Zirə”nin adını yüksəklərə qaldırmaq üçün əlimizdən gələni edirik.

- “DAC 1904”lə Bakıdakı qarşılaşmadan sonra hədəfinizin qrup mərhələsi olduğunu deyəndə, açığı, təəccüblənmişdim. Artıq buna çox yaxınsınız.

- Bəli, demişdim, sözümün üstündəyəm. Məqsədimizə çatmaq üçün sona qədər mübarizə aparacağıq.

- Penalti seriyasından əvvəl tapşırıqları qapıçılarla çalışan Fərhad Vəliyevdən yox, baş məşqçidən aldın. Sanki əlləri ilə sənə nəyisə izah edirdi, istiqamətləri göstərirdi.

- (gülür) İlk növbədə “Şerif”lə oyundakı penaltiləri xatırlatdı. Dedi, bu dəfə sənə ümidim böyükdür, bilirəm ki, bacaracaqsan. Həmin anda “Şerif”lə oyundan sonra insanların haqqımda yazdıqları yadıma düşdü. Sosial şəbəkələrdə yazırdılar ki, Tyaqonun boyu balacadır, ona görə də “11 metrliklər”də uğursuz oldu. Rəşad Sadıqov məni çox yaxşı tanıyır. Ona görə də fərdi söhbət edib penaltilərə kökləməyi bacardı. Dedim, “Şerif”lə alınmadı, bu dəfə bacaracağam.

- 4 penaltini qaytarmaq reallıqdan uzaqdır, adamın inanmağı gəlmir. Bunu bacarmaq üçün nə etdin?

- Bu, karyeramın rekordu idi. Portuqaliya kubokunda bir oyunda 3 zərbəni dəf etmişdim, amma 4 olmamışdı. Sonuncu penalti vuranı tanımırdım, necə vuracağını bilmirdim. Həmin an gözlərinə baxdım və nə edəcəyimi müəyyənləşdirdim. Penaltilər zamanı rahat olmaq böyük amildir. Bu dəfə çox rahat idim və özümə güvənirdim.

- Həlledici anda azərbaycanlı futbolçular 3 zərbəni dəqiq yerinə yetirə bilmədi. Əvəzində iki braziliyalı hədəfi dəqiq nişan aldı, portuqaliyalı qapıçı isə xilaskar rolunu oynadı. Yerli futbolçuların bu durumla üzləşməsinin səbəbini nədə görürsən?

- Bunu millətlər üzrə bölməyin tərəfdarı deyiləm. Penalti elədir ki, istənilən millətin nümayəndəsi vura və ya qaçıra bilər. Bəxtsizliyi adlara ayırmayaq. Onlar vura bilmədi, digərləri vurdu və biz mərhələni adladıq. Burada söhbət kollektivdən, ailədən gedir. Heç nə olmaz, növbəti oyunlarda vurarlar.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Oktyabr 08:50 Santuşa Fernandesi verin...