COP29

İlboyu ehtiyatda qaldı, pulunu qazanıb getdi, ürəyini “Sportinfo”ya boşaltdı

7 İyun 19:40 Müsahibə 6 212
İlboyu ehtiyatda qaldı, pulunu qazanıb getdi, ürəyini “Sportinfo”ya boşaltdı

“Araz-Naxçıvan”dan ayrılan Semir Bukviç Sportinfo.az-a müsahibə verib.

Premyer Liqanın ilk turunda “Turan Tovuz”la oyunda yol verdiyi kobud səhvlərə görə mövsümlük ehtiyat oyunçular skamyasına göndərilən bosniyalı qapıçı 1 il ərzində yaxşı pul qazansa da, oynamadı.

Semir müsahibəsində üstüörtülü bəzi maraqlı açıqlamalarla diqqət çəkib.

- Azərbaycanda oynadığın 1 il ərzində 3 oyunda meydana çıxmaq şansın olub. Kimdir günahkar?

- Bu, futboldur. Bəzən oynayırsan, bəzən yox. Günahkar axtarmıram, bir onu deyə bilərəm ki, mənim üçün çox uğursuz mövsüm oldu.

- “Turan Tovuz”la ilk oyunda ciddi səhvlərə yol verdin. O gün nə olmuşdu sənə?

- İlk rəsmi oyunumuz idi. Tək mənim üçün yox, bütün komanda üçün uğursuz oldu. Çoxlu qol şanslarımız var idi. Biz qol vura bilmədik, rəqib qollar vuraraq qələbə qazandı. Oyundan sonra hamı mənim səhvimdən danışdı. Ancaq heç kim əvəzetmələrdən və niyə qol vurmadığımızdan bəhs etmədi. Başa düşürəm, qapıçı olmaq çox çətindir, səhv edəndə heç kim səni xilas edə bilmir. Amma sən həmişə bütün komandanı xilas etməlisən.

- Bir oyundakı səhvlərə görə təcili başqa qapıçının gətiriləcəyini gözləyirdin?

- Mənim üçün gözlənilməz oldu. Dünyadakı bütün qapıçılar kobud səhvlər edib. Bir səhvdən sonra dəyişmək ədalətli və peşəkar yanaşma deyil. Bu mövsüm liqamızda qapıçılar çoxlu səhvlərə yol verdilər. Heç bir komandada bir səhvdən sonra qapıçını dəyişdirdiklərini görmədim.

- İlboyu ehtiyat oyunçular skamyasında oturacaqdınsa, sənə bu qədər maaş verməyə nə gərək vardı?

- Bunun üçün onlardan soruşmalısınız. Sözsüz, ehtiyat oyunçular skamyasında oturduğum üçün xoşbəxt deyiləm. İndi başqa klub tapmaq çətin olacaq. Çünki başa çatan mövsümdə heç nə göstərə bilmədim. Amma göstərməli olduğum çox şey var. İnşallah, bu, növbəti klubda olacaq.

- Kristian Avram da kobud səhvləri ilə yadda qalırdı. Amma növbəti oyunda yenə qapıda dayanırdı. Bu, səni qıcıqlandırmırdı?

- Çünki onun başqa tərəfdən yaxşı dəstəyi var idi. Amma məndə o dəstək yox idi. Bu, futbolda yaxşı haldır, təəssüf ki, məndə belə deyildi. Niyə? Bilmirəm və bilmək də istəmirəm. Hər şey bitdi. Mənim üçün Avram çox yaxşı qapıçıdır və onun üçün ən yaxşısını istəyirəm. İşimizdə səhvlər normaldır. Yüksək səviyyədə olan qapıçılar dəhşətli səhvlərə yol verirlər. Futboldan anlayışı olanlar buna normal yanaşır. Başa düşməyənə və heç vaxt futbol oynamayana bunu izah edə bilməzsən.

- Azər Bağırovla Elmar Baxşıyevdən sənə niyə şans verməmələrinin səbəbini soruşmadın?

- Məşqçidən nəsə soruşmaq mənim üslubum deyil. Yaxşı məşq etsəm, oyunda yaxşı ola biləcəyimə inanıram. Onlar çalışqanlığımı niyə görmədilər, bunu bilmirəm. Bu, onların problemidir. Mən elə bir xarakter deyiləm. Məşqçi ilə hər gün niyə oynadığımla bağlı danışan deyiləm. Əgər mənə ehtiyacları yoxdursa, öz problemləridir. İlk gündən son günə qədər peşəkarlığımı qoruyub saxladım.

- “Araz-Naxçıvan” dönəmini karyeranızın ən uğursuz dövrü adlandırmaq olar?

- Həyatda heç nə pis deyil. Hər şeyə görə Əlhəmdulillah deyirəm. Əskinə, yaşadıqlarım mənim üçün yeni bir təcrübə oldu. Futbolda və həyatda hər şeyi gördüyünü düşünəndə həyat sənə yeni nələrisə bəxş edir.

- Azərbaycan Premyer Liqası haqda fikirlərin necədir?

- Çempionatınız çox yaxşıdır. Çox sayda yaxşı komandalar və keyfiyyətli futbolçular var. Stadionlar da çox yaxşıdır. Düşünürəm ki, hər növbəti mövsüm daha yaxşı olacaq. Klublar buna layiqdirlər, çünki rəhbərlər çox pul xərcləyiblər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?