COP29

"Ən böyük arzum "Qarabağ"da kapitan kimi meydana çıxmaqdır"

26 May 17:45 Müsahibə 9 046
"Ən böyük arzum "Qarabağ"da kapitan kimi meydana çıxmaqdır"

Uzun müddətdir “Qarabağ”ın akademiyasından əsas komandaya Qara Qarayev, Maksim Medvedev kimi istedadların yüksəlməsinə şahidlik etmirik.

Amma aşağı yaş qruplarında yaxın gələcəkdə bunun baş verəcəyinə ümid yaradan gənclər də yox deyil.

Məsələn, Qazibeyov Əli kimi. Gənc istedad “Qarabağ”ın U-16 komandasının kapitanı olmaqla bərabər, həm də Azərbaycanın 17 yaşlılardan ibarət millisinin üzvüdür.

Əli ilə söhbətdə onun futbola gəlişi və gələcək planları barədə danışdıq.

- Əli, ilk ondan başlayaq ki, futbola gəlişin necə baş tutub?

- İdmanın bu növünə marağım lap kiçik yaşlarımdan yaranıb. Valideynlərim 6 yaşımda artıq məni futbola yazdırıb. İlk addımlarımı da elə “Qarabağ”da atmışam.

- Niyə məhz “Qarabağ”?

- Uşaq yaşlarımdan bu komandanın oyunlarını izləmişəm. Hər zaman Avropadakı görüşlərinə baxırdım. Yəqin ki, bu məqam seçimdə əsas rol oynayıb.

- “Qarabağ” həmin vaxt Avropda yeni uğurlar qazanmağa başlamışdı. Həmin dönəm komandada azarkeşlik etdiyin futbolçu vardı?

- Bəli. Bu, Riçard Almeyda idi. Hətta “Qarabağ” akademiyasına seçiləndən sonra bir müddət 20 nömrəli formanı geyindim.

- Braziliyalı oyunçu ilə sonradan üz-üzə gəlmək, görüşmək imkanın olub?

- Akademiya uşaqlarını “Qarabağ”ın hansısa oyununa aparmışdılar. Futbolçularla bir yerdə meydana çıxmışdıq. İlk dəfə onda Almeydanı yaxından görə bilmişdim. Hətta meydançaya onunla bərabər çıxmışdım.

- Hələ də 20 nömrəni daşıyırsan?

- Xeyr, artıq 8 nömrəli formada çıxış edirəm (gülür).

- İndiki nömrə seçimindən nə rol oynayıb?

- 3 ildi bu nömrə altında çıxış edirəm. Bu nömrə mənə çox uğur gətirdi. Həm də ad günüm 8 noyabrdadır.

- 6 yaşında futbola başladığın "Qarabağ"ın artıq U-16 komandasında kapitansan. Gələcək arzun nədir?

- Sevdiyim komandanın kapitanı olmaq mənə xoşdur. Bu, həm də böyük məsuliyyətdir. Ən böyük arzum isə əsas komandaya yüksəlmək, orada kapitan kimi meydana çıxmaqdır. İnşallah, bu xəyalım da gerçək olar.

- Adətən uşaqlar hücumçu olmağı, qollar vurmağı xoşlayır. Sən isə dayaq yarımmüdafiəçisi olaraq çıxış edirsən. Bu nə ilə bağlıdır?

- Açığı, futbola başlayanda hücumçu idim. U-12 komandasına kimi forvard mövqeyində çıxış edirdim. İndi də qollar vurmağımda bunun rolu var. Amma nədənsə orta xəttə çıxış etməyi çox istəyirdim. Sonda da qismət oldu.

- Əli, 6 yaşında Riçard Almeydanın oyununu bəyənirdin. Bəs böyüyəndə hansı futbolçunun yerində olmaq istərdin?

- Toni Krosun adını çəkə bilərəm.

- Deməli, həm də “Real” azarkeşisən…

- Bəli.

- Əli, məşqlər, oyunlar yəqin ki, gücünü çox alır. Bu məqam təhsilinə necə təsir edir?

- Həqiqətən, çox güc sərf etməli oluram. Hər ikisini bir arada bacarmaq çətindir. Amma bacardığımı deyə bilərəm. Məncə, dərslərim də pis getmir.

- Futbolçu olmasan, hansı peşəda olmağı istərdin?

- Dövlətin işində çalışmağı seçərdim.

- Hansı peşədə olmağından asılı olmayaraq sənə karyeranda uğurlar.

- Çox sağ olun.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"