"Od püskürdü": "Qarabağ"a görə Azərbaycanda futbolu saxlamaq olar, yoxsa..."

25 Mart 11:55 Müsahibə 5 014
"Od püskürdü": "Qarabağ"a görə Azərbaycanda futbolu saxlamaq olar, yoxsa..."

"Qəbələ"nin kapitanı Asif Məmmədov Sportinfo.az-a müsahibə verib.

Yarımmüdafiəçi ilə söhbətimiz Azərbaycan millisinin “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Monqolustan üzərində qazanılan 1:0 hesablı qələbəsi ətrafında olub.

- Yığmamızın Monqolustanla matçını izləyə bildin?

- Bəli.

- Nə hislər keçirdin?

- Oyuna baxa-baxa çox üzüldüm. Bu səviyyədə komandanı belə udmağa nə deyəsən? Məhəllədən dost-tanışı yığıb, bəlkə də bu rəqibi udmaq olardı. İsveç üzərindəki qələbədən sonra azacıq inam yaranmışdı. Onu da yenidən məhv etdilər. Qol vurmaya bilərsən, çətinlik yaşaya bilərsən. Amma bu rəqiblə oyunda yox da. Rəqib futbolçular durduğu yerdə topu bizə verirdi. 90 dəqiqə top bizdə oldu, ancaq bir maraqlı hücum görmədik. Əlimizə düşən qol imkanlarını belə rəqiblə hansı komanda oynasa yaxalayacaqdı. Çox biabırçı oyun keçdi.

- Belə rəqiblə oyun bizə nə verdi?

- Məncə, Birinci Liqa təmsilçisi ilə yoxlama oyunu keçirilsəydi bundan faydalı olardı. Bu görüş vaxt itkisi oldu. Ziyandan başqa bizə heç nə vermədi.

- Sınaq xarakterli matçda 33 yaşına sayılı günlər qalmış Filip Ozobiçi start heyətində görmək səni təəccübləndirmədi?

- Filip dostumuz, qardaşımızdır. Xətrini də çox istəyirəm. Amma belə oyunda milliləşdirilmiş 32 yaşlı futbolçudansa, gənclərə şans vermək daha yaxşı olardı. Yox, Monqolustana qarşı da nəticə üçün oynayırıqsa, mənim daha deyəcək sözüm yoxdur. Yəqin ki, 1 ildən sonra Filip milliyə çağırılmayacaq. Millinin gələcəyini yaxşı görmək istəyiriksə, Filipə şans vermək doğru deyil.

- Oyundan sonra sosial şəbəkələrdə milli komanda məsxərə obyektinə çevrildi. Ölkənin bir nömrəli komandası nə vaxta kimi belə davam edəcək?

- Çox ağırdır, üzücüdür. Yaxşı ki, Azərbaycanda "Qarabağ" var. Məhz onlara görə ölkədə futbolu saxlamaq olar. Mən də futbolçuyam, ancaq səmimi deyim ki, "Qarabağ" olmasaydı, ölkədə futbolu yığışdırsalar daha yaxşı olardı. Görsənən odur ki, yaxın bir neçə ildə nəsə dəyişən deyil.

- Baş məşqçi postu boşdur. Yenidən əcnəbi mütəxəssislə yolların davam etdiriləcəyi iddia olunur. Deməli, zaman itirməyə davam edəcəyik?

- Onu indidən demək olmaz.

- Arxada qalan illərin təcrübəsi onu göstərir...

- Deməli, düzgün seçim etmək lazımdır. Cavan, enerjili məşqçi olmalıdır. Gününü Azərbaycanda keçirməlidir. 50 dənə bəhanə gətirməli deyil. Qərar verəndə hara gəldiyini bilməlidir. Media önündə də ilk gündən bura nə üçün gəldiyini deməlidir ki, sonra bəhanələr gətirməsin. Hə, belə bir əcnəbi gətirmək olar. Yoxsa 60-70 yaşlı əcnəbi gətirmək lazım deyil. O da sabah ağzına gələn sözləri danışmasın. Burda gününü keçirməyə gələn qocadansa, yerli məşqçilərimizi seçmək daha yaxşı olar.

- Millini çalışdırmağa layiq azərbayacanlı məşqçi yoxdur ki, ilk seçim əcnəbilər üzərindən aparılır?

- Niyə yoxdur ki? Son illər gələn əcnəbilərin heç biri azərbaycanlı məşqçilərdən yaxşı olmayıb.

- Qurban Qurbanovun milli komandada qarşılaşdığı haqsızlıqlardan sonra yenidən baş məşqçi postuna qayıdacağı real deyil. Bəs başqa hansı yerli məşqçini millimiz üçün uğurlu seçim adlandırmaq olar?

- Ad çəkməyəcəm. Birinin adını deyərəm, digəri incimiş olar. Mən iddia etmirəm ki, bu gün mütləq azərbaycanlı məşqçi olmalıdır. Məsələn, yaxşı xarici məşqçi gətirmək olar. Amma De Byazi, Nikola Yurçeviç kimilərdənsə istənilən azərbaycanlı məşqçini milliyə gətirmək olar.

- Siz ad çəkmədiniz, amma mən nümunə çəkəcəm. Məsələn, sərəncamında futbol oynadığınız Elmar Baxşıyev. Hazırda işsiz olan mütəxəssis yığmanın yükünü daşıyacaq gücdə deyil?

- Milli komandamızı çalışdıran əcnəbilərdən daha yaxşı bu işin öhdəsindən gələ bilər. Azərbaycanlı futbolçuları yaxşı tanıyır, onlarla necə rəftar etmək lazım olduğunu bilir. Eyni nəticələri, hətta daha da artığını Elmar müəllim verə bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!