“Hər ikisi peşman idi, qınamaq olmaz” – MÜSAHİB

22 Mart 2024 22:30 Müsahibə 970
“Hər ikisi peşman idi, qınamaq olmaz” – MÜSAHİB

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Nicat Süleymanov Sportinfo.az-a müsahibə verib.

25 yaşlı futbolçu “Qəbələ”ylə 1:1 hesablı heç-heçə haqda sualları cavablandırıb.

- Hesabı açdığınız, ilk hissədə üstün göründüyünüz halda qələbə qazana bilmədiniz. Nə mane oldu?

- Meydana 3 xal həvəsi ilə çıxmışdıq. Gördüyünüz kimi, ilk hissədə oyunumuz yaxşı gedirdi, qol da vurmuşduq. Ancaq son 30-35 dəqiqədə azlıqda qalmağımız işimizi çətinləşdirdi. “Qırmızı” almasaydıq, sonluq fərqli ola bilərdi.

- Komandanı azlıqda qoyan Numan Kurdiç və buraxılan qolda kobud səhv edən Miço Kuzmanoviç – hər ikisi bosniyalı. Oyundan sonra paltardəyişmə otağında nə dedilər? Üzr istədilər komanda yoldaşlarından?

- Hər ikisi peşman idi. Qınamaq olmaz, onları da başa düşməliyik. Heç kim bilərəkdən səhv etmir. Bu gün onlar səhvə yol verdi, sabah bunu biz edə bilərik. Futbolda heç kim səhvlərdən sığortalanmayıb.

- Avrozonadan qopmamaq üçün vacib 2 xal itirdiyinizin fərqindəsən?

- Heç-heçə etsək də, bizi həmin siyahıdan silmək olmaz. Qarşıda 9 oyun var və aradakı xal fərqi elə də çox deyil. 2-3 ardıcıl qələbə ilə üst pillələrə yüksələ bilərik. Hələ heç nə bitməyib, əsl mübarizə bundan sonra başlayır. Qələbələrə köklənib, uğur haqda düşünməliyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”