Kapitan “Qarabağ”ın sirrini açdı, inanılmaz etiraf etdi, “başqa iş”dən danışdı

19 Mart 20:00 Müsahibə 5 004
Kapitan “Qarabağ”ın sirrini açdı, inanılmaz etiraf etdi, “başqa iş”dən danışdı

“Qarabağ”ın kapitanı Maksim Medvedev Sportinfo.az-a müsahibə verib.

34 yaşlı müdafiəçi “Turan Tovuz”la oyun (3:1) haqda sualları cavablandırıb, bir sıra maraqlı məqamlara toxunub.

- Qələbəni sanki gözləniləndən çətin əldə etdiniz.

- Elədir. Ağır qrafikdə oynamaq asan deyil. Leverkuzendən qayıtdıq, bir gündən sonra Tovuza gəldik və alışmadığımız saatda meydana çıxdıq. Süni örtüklü meydanda mübarizə aparmağın çətin olacağını da göz önünə almışdıq. “Sintetika”da ortaya keyfiyyət qoymaq asan deyil. Əsasən ikili mübarizələr çox olur. “Turan Tovuz” “fizika” baxımından hazırlıqlı komandadır. İkinci hissədə daha az səhv edib, topa sahibolma sayəsində lazım olan qələbəni əldə etməyi bacardıq.

- Penaltiyə səbəbkar olduğun epizodda Luka Quqeşaşviliyə kəskin etiraz bildirdin. Gərəksiz anda topu sənə ötürdüyünə görəydi?

- Baş məşqçi oyundan əvvəl müdafiədə, xüsusən də cərimə meydançasında çox risk etməməyi tapşırmışdı. Süni örtüklü meydanda ötürmə səhvləri qaçılmazdıq. Luka topu Riçarda verdi, o da mənə ötürəndə top çatmadı deyə, rəqibin ayağına toxundum. Təmiz penalti idi.

- “Turan Tovuz” ilk hissədə hesabı açmışdı, üstəlik, real qol şansları vardı. Sonluğu necə təsəvvür edirdin?

- Bizim üçün vacib olan oyunumuzu tapmaq idi. Topa sahib olmaqla istədiyimizi edəcəyimizi bilirdim. Açığı, ön xətdə pressinqi də artırdıq. Fasilədən sonra rəqibə topla hərəkət etmək imkanı vermədik. Onlar da məcbur olub topu irəli vururdular ki, buna hazır idik. Əvəzetmələrdən sonra tempi qaldırmaqla rəqibin yorğun müdafiəçilərinin səhvlərindən istifadə etdik.

- “Qarabağ” sanki çempionluğu 8 tur əvvəl bayram etməyə köklənib. Rəqiblərinizə qarşı amansız olmağınızın səbəbi çempionatın sonuna iki ay qalmış qızıl medalları təmin etməklə bağlıdır?

- Vaxtından əvvəl çempion olmaq xoşdur. Həm də bu gün komandanın potensialı yüksəkdir. Gördüyünüz kimi, çempionatın son oyunlarında əsasən az şans qazananlar meydana çıxır. Qurban Qurbanov bu qədər rotasiyalar etsə də, oyun səviyyəsi aşağı düşmür. Çünki sistem var. Amansız olduğumuzu deməzdim, sadəcə, komandanın potensialı böyükdür.

- 2006-cı ildən “Qarabağ”ın əsas komandasındasan. İndiki “Qarabağ”ı son 15 ilin ən güclü “Qarabağ”ı adlandırmaq olar?

- (düşünür) Mənə görə bəli. Üç cəbhədə - Premyer Liqa, Azərbaycan kuboku, Avropa Liqası – mübarizə aparırıq və hər cür rotasiyalara baxmayaraq, yenə ən yaxşıyıq. Avropa Liqasında hara qədər irəlilədiyimizi gördünüz, Premyer Liqada finişə 9 oyun qalmış “Neftçi”dən 26 xal öndəyik, kubokda yarımfinala yüksəlmişik. “Qarabağ”da indiyə qədər bu cür statistika olmamışdı. Bu gün komandada 25 sağlam futbolçu yer alıb ki, hər mövqedə 2-3 nəfər rəqabət aparır. İndiyə qədər bu da olmamışdı. Tibb baxımından inkişaf etmişik, dietoloqlarımız var, xüsusi aşpaz dəvət olunub. Bazanın daxilində müasir standartlara uyğun dəyişikliklər edilib. Hətta fiziki hazırlıq üzrə proqram da dəyişib. İndi əvvəlki ilə müqayisədə iki dəfə çox işləyirik. Kənardan görünməyən dəyişikliklər çoxdur. Bu da meydanda özünü göstərir.

- Yayda “Qarabağ”la müqavilənin müddəti başa çatır. Yeni sözləşmənin “qoxusu” gəlir?

- Bu dəqiqə o barədə düşünmürəm. Bütün diqqətimi oyunlarımıza ayırmışam. İndiyə qədər heç vaxt klubla müqavilə problemim olmayıb. Lazım olsam qalacağam, olmasam başqa işlə məşğul olacağam. Mövsüm başa çatsın, nə baş verəcəyini görəcəyik. İndi bu haqda dəqiq fikir səsləndirmək çətindir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"