İngiltərədə istədilər, Azərbaycana qayıtmağı lazım bildi - Tələbə futbolçu ilə MÜSAHİBƏ

20 Mart 22:20 Müsahibə 1 318
İngiltərədə istədilər, Azərbaycana qayıtmağı lazım bildi - Tələbə futbolçu ilə MÜSAHİBƏ

“Sumqayıt”ın gənc müdafiəçisi Ayxan Süleymanlı Sportinfo.az-a müsahibə verib.

“Kimyaçılar”la yeni 3 illik anlaşma imzalayan gənclər millimizin üzvü ilə söhbətə futbola necə gəlməsindən başladıq.

- İnternet qaynaqlarında 16 yaşında "Zirə" ilə müqavilə imzaladığın qeyd olunur. Maraqlıdır, bəs ona kimi futbolla harada, hansı səviyyədə məşğul olurdun?

- 7 yaşımda Bakının "İnter" komandasında (indiki "Şamaxı") futbola başlamışam. 13 yaşıma kimi orada olmuşam. Baş məşqçim Vəli Hüseynov olub. AFFA-nın "Mançester Yunayted Futbol Məktəbi" adlı layihəsi vardı. Daha sonra iki il həmin məktəbdə oldum. Layihə başa çatandan sonra "Neftçi"yə keçdim. Təxminən 2 il də burada oldum. Ardınca İngiltərəyə yollandım. Mançester şəhərindəki beynəlxalq futbol məktəbində məşqlərimi edə-edə həm də orada təhsil alırdım.

- Orada futbol həyatına davam etməyinə nə mane oldu?

- Bir neçə klubda yoxlanışda oldum. Mənimlə müqavilə imzalanmalı idi. Sadəcə viza probleminə görə alınmadı. Dedilər ki, 16 yaşın var. Sənin qalmağın üçün ailən də bura gəlməlidir. Ona görə də qalmağım alınmadı. Həm də koronavirus pandemiyası olduğu üçün Bakıya gələsi oldum. Təxminən bir il Bakıda karantin rejimi tətbiq olundu. Ondan sonra Rəşad Sadıqov məni "Qarabağ"a dəvət etdi. Qısa müddət sonra özü ilə "Zirə"yə apardı. Əsas komanda ilə müqavilə imzaladım. 1,5 ildən sonra klubdan ayrılıb, "Sumqayıt"a keçdim.

- Ayxan, bir il İngiltərə futboluna yaxın olmusan. Klubların düşərgəsində məşqlərdə iştirak etmisən. Orada futbola yanaşma necədir? Futbolun vətənindən bizə nələr danışa bilərsən?

- İngiltərədə fiziki futbola çox üstünlük verilir. Dözümlülük onlar üçün çox vacibdir. Həftəlik tsklda 2-3 dəfə fitnes məşqləri olurdu. Eyni zamanda təhsilə çox böyük önəm verilirdi. Çalışırdılar ki, qiymətlərini nəzarətdə saxlasınlar. Problem olanda bildirirlər ki, çalış məktəbdə dərslərini çatdır.

- Əgər qalmaq məsələn həll edilsəydi, özünü İngiltərə futbolunda görürdünmü?

- Əlbəttə. Məqsədim orada qalmaq idi. Həm də dil bildiyim üçün mənə rahat idi. Xeyirlisi Allahdan. Qismət belə oldu. Yenə istəyim nə zamansa legioner həyatı yaşamaqdır.

- Ayxan, ingiltərəli məşqçilərin sənin barədə düşüncələri necə idi?

- Fikirimcə, müsbət idi. Mütəmadi olaraq mənə və valideynlərimə durumum barədə məlumat verirdilər. Digər klublarda yoxlanışda olmağımı da məşqçilərim təklif etmişdi. Məncə, barəmdə yüksək fikirdə idilər.

- İngiltərədə birgə məşq etdiyin, təhsil aldığın futbolçulardan kimlərləsə hələ də əlaqən varmı?

"Bəli, var. Koreya, Panama, Özbəkistan vətəndaşı olan dostlarım var. Tez-tez hal-əhval tuturuq. Bir-birimizdən uzaq olsaq da, çalışırıq ki, dostluğumuzu qoruyaq.

- Aralarında nisbətən daha çox parlaq karyerası olan sima var?

- Xeyir, amma olar, inşallah (gülür).

- Səndən görək... İndi isə qayıdaq sənin karyerana. "Zirə" ilə 3 illik anlaşma imzalamışdın. Amma nə baş verdi ki, orada uzun müddət qalası olmadın?

- Düşündüm ki, gələcəyim üçün "Sumqayıt" daha uyğun komandadır. Buna görə qarşılıqlı razılıq əsasında müqaviləmə xitam verildi.

- "Sumqayıt"dakı çıxışından razısan? Qərarından peşman deyilsən?

- Fikrimcə, futbolçunun özündən razı olması düzgün deyil. Düşünürəm ki, hər zaman daha yaxşısını edə bilərəm. Meydana çıxanda da komandam üçün ən yaxşısını etməyə çalışıram. Məqsədim Samir müəllimin etimadını doğruldub əsas heyət üzvünə çevrilməkdir.

- Həm də gənclər millimizin üzvüsən. Gələcək planların nədən ibarətdir?

- Bəli, Samir Əliyev milli komandaya dəvət edir. Hər kəs kimi mənim üçün də qürurvericidir. Çalışıram ki, Samir müəllimin inamını doğruldum. Qarşımdakı əsas hədəfim hər keçən gün daha yaxşı futbolçu olmaq və klubumla milli komandaya faydalı olmaqdır.

- Ayxan, İngiltərədə təcrübə keçdin, qalmağı planlaşdırırdın, amma bura qayıtmalı oldun. Belədə psixoloji toparlanmaq sənə çətin olmadı?

- Xeyir, elə də çətinlik olmadı. Bunda koronavirusun olması da rol oynadı. Çünki istənilən halda hər kəs öz ölkəsinə qayıdırdı. Xeyirlisi Allahdan. Bəlkə də başqa cür olsaydı əziyyət çəkərdim.

- İngiltərədə futbolçuların təhsilinə ciddi önəm verildiyini bildirdin. Səndə bu baxımdan durum necədir?

- Təhsilə çox önəm verirəm. Çətin olsa da hər iki sahədə də geri qalmamağa çalışıram. Çünki heç nədən sığortalanmamışıq.

- Harada təhsil alırsan?

- İngiltərənin Esseks Universitetinin Təhsil-biznesin idarə edilməsi fakultəsində distant təhsil alıram

- Adətən ölkəmizdə futbolla məşğul olan uşaqlar təhsildən uzaq olur. Təhsilli olmağın meydançada yaşıdlarınla mübarizədə sənə hansısa üstünlükləri verir?

- Bəli, faydası var. Amma hər kəsə aid etmək olmaz. Komanda yoldaşlarım arasında da ali təhsil alanları var. Amma meydançada futbolun dili birdir. Hamı bir-birini anlaya bilir.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!