"Hər kəs əsəb içində, mən narazılıq edirəm, gülünc durumdur, bəs sən nəyə gülürsən?"

11 Mart 11:20 Müsahibə 887
"Hər kəs əsəb içində, mən narazılıq edirəm, gülünc durumdur, bəs sən nəyə gülürsən?"

“Araz Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev Premyer Liqanın 26-cı turunda “Turan Tovuz”a məğlub olduqları (0:2) oyundan sonra Sportinfo.az-a müsahibə verib.

- Qarşılaşma barədə nələr deyə bilərsən?

- Oyun barədə nə deyim? Biabırçılığı hər kəs gördü. Oyun cəhətdən rəqibdən iki baş üstün idik. "Turan"ın epiozdu yox idi. Sağ olsunlar 3 dəqiqədə oyunun taleyini həll etdilər. Bütün əsəblərimizlə oynadılar. Oyunun müqəddəratını hakim həll etdi. Matçın qəhrəmanı hakimdir.

- Başverənləri nə ilə bağlayardın?

- Mən həyatı boyu hakimlərdən danışan deyildim. İkinci oyundu artıq ağını çıxardıblar. Qayda pozuntularında VAR-a gedir, amma penalda yox. Çox qəribə şeylərdi. Emosiyalar ən yüksək həddədir, mən narazılıq edirəm, amma hakimlər gülür. Nəyə gülürsən? İşlərinə ciddi yanaşmırlar. Özlərinə də bildirdim ki, azarkeşlərin təzyiqinə dözə bilmirsiz. Hər dəfə əleyhimizə qərarlar verilir. Belə olmaz axı. Gül kimi oyunu aldılar əlimizdən.

- Bir neçə dəfə baş hakimə yaxınlaşıb, iradlarını bildirdin. Hansı cavabları aldın?

- Elə deyir görürəm. Nəyi görürsən? Oyundan sonra hamı telefonda təkrar baxırdı. Açıq-aydın görünür ki, ayağa vurublar. Rəqibin ikinci qolundan əvvəl 100%-lik qayda pozuntusu var. İki penaltimiz var, amma heç birində VAR-a baxmırlar. Gülünc durumdur.

- Hakimləri başa düşdük, bəs baş məşqçi oyun barədə sizə hansı iradları bildirdi?

- Azər müəllim heç bir irad bildirmədi.

- Bu şərtlər altında davam etmək çətin olmayacaq?

- Əlbəttə, çətindir. Həm nəticələr ürəkaçan deyil, həm də hakimlər mane olur. Amma heç bir oyunda meydanda zəif tərəf olmamışıq. Məsələn, üçüncü dövrə "Sumqayıt", "Səbail"lə görüşlərdə üstün olduğumuz halda bərabərliklər qeydə alınıb. Çox oyunlarda hakimlər önümüzü kəsib. Hakimlərdən ən az danışan biz olmuşuq. Görünən odur ki, danışmadıqca ağını çıxardırlar.

- Düşünmürsən ki, sakit qalmağınız da bir növ hakimlərin əl-qolunu açır?

- 100%. Bu sistemi kim gətirib bilmirəm. Barış Şimşək gələndən problemlər daha da çoxalıb. Bunu hər kəs görür. Bu oyun yox, konsert idi. Belə konsert olar? Tribunada azarkeş səs edən kimi fitin səsi gəlir. Biz meydanda ruhumuzu, bütün emosiyalarımızı qoyuruq. Gərək hakimlər də ədaləti qorusun. Bütün futbolçulara əsəb, stres yaşatdı. Sonda da 2 dəqiqədə oyunun taleyi həll olundu.

- İkinci qoldan əvvəl qayda pozuntusu vardı?

- 100%. Mən şokdayam ki, baxa-baxa niyə o epizodun üzərindən keçdi? Normalda həmin epizoda görə rəqibə sarı vərəqə verməli idi. Heç nə olmayıbmış kimi qolu qeydə aldı. Baxırlar, amma vermirlər.

- Komanda daxilindən mətbuata müəyyən neqativ xəbərlər sızır. Məsələn, maaşların gecikməsi, mükafatların az olması kimi. Bu da sizə mənfi təsir edirmi?

- Bu günə qədər udduğumuz bütün oyunların mükafatını almışıq. Ədalətli olmaq lazımdır.

- Qələbələrdə verilən mükafatın az olması da çox danışılır...

- Hər komandanın özünə görə büdcəsi, mükafatı var. Digər klublarla mükafatın müqayisə olunması düzgün deyil. Bizə öncədən deyilib ki, mükafat budur. Heç bizə mükafat verilməsə belə, futbolçunun işi meydana çıxıb oynamaqdır. Özümdən götürüm də, mükafat olmasa, oynamayacam? Təbii ki, elə deyil. Amma az-çox mükafat hər zaman olub.

- Yəni narazılıq varsa da, doğru deyil?

- Əlbəttə. Məncə, daha çox bəhanədir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"