“Sevincdən havaya tullandıq, canı sağ olsun” – “11 nömrə” “Neftçi”dən danışdı

27 Fevral 20:40 Müsahibə 701
“Sevincdən havaya tullandıq, canı sağ olsun” – “11 nömrə” “Neftçi”dən danışdı

“Turan Tovuz”un hücumçusu Ayxan Hüseynov Sportinfo.az-a müsahibə verib.

“11 nömrə” komandasının “Neftçi” ilə bərabərə qaldığı (1:1) matç haqda sualları cavablandırıb.

- 1 xalı necə dəyərləndirirsən?

- Fikrimcə, çətin və maraqlı oyun oldu. “Neftçi”nin adı və gücü göz qabağındadır. Sürətli hücumlar qurmağı bacarırlar, yaxşı ifaçıları var. Rəqibin gücünü nəzərə alsaq, 1:1-i normal hesab edirəm. Sevindirici haldır ki, kuboku da saysaq, doğma meydanımızda ardıcıl yeddinci oyunda məğlub olmamaqla azarkeşlərimizi sevindirdik.

- Hesab oyuna görə idi demək istəyirsən?

- Məncə, hə.

- Son saniyələrdə Şəhriyar Əliyev real qol fürsətindən yararlana bilməyəndə nə hislər keçirdiniz?

- Həmin an hamımız sevincdən havaya tullandıq (gülür). Şəhriyarın qol vurduğunu düşünüb sevindik. Alınmadı, canı sağ olsun. Növbəti oyunlarda zərbəsi qol olar.

- Bu gün sanki oyunun istədiyin kimi alınmadı...

- Hər dəfə eyni tempdə oynamaq olmur. Üstəlik, rəqib “Neftçi”dirsə. Yarımmüdafiə və müdafiə xəttində kifayət qədər təcrübəli futbolçuları var. Amma yenə də boş zonalar tapırdım, yaxşı imkanlar yaranırdı. Sadəcə, bu dəfə dəyərləndirə bilmədim.

- Ötən mövsüm əsasən səfər komandası kimi tanınırdınız. Cari mövsümdə ev komandası hesab olunursunuz. Nə dəyişdi?

- Azarkeşlərimizi necə sevdiyimizi özləri yaxşı bilir. Onların da bizi necə sevdiklərini görürük, hiss edirik. Həqiqətən möhtəşəmdilər. Və mənə görə Premyer Liqanın ən səs-küylü tribunaları məhz bizdədir. Azarkeşlərimiz 90 dəqiqə dayanmırlar, çox aktiv olurlar. Bu cür dəstəyin qarşısında qələbə qazanmamaq mümkün deyil. Tovuzda uğur qazanmağımızın səbəbi möhtəşəm azarkeşlərimizdir. Hər birinə təşəkkür edirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!