Yeni baş məşqçi “Sportinfo”ya danışdı, and içdi, qaranlıq heç nə qoymadı

26 Fevral 19:00 Müsahibə 3 103
Yeni baş məşqçi “Sportinfo”ya danışdı, and içdi, qaranlıq heç nə qoymadı

Baş məşqçi postundan istefa verən “Qəbələ”də bundan sonra həmin səlahiyyətləri Kaxaber Tsxadadze yerinə yetirəcək.

Azərbaycanlı futbolsevərlərin yaxından tanıdığı gürcüstanlı mütəxəssis Sportinfo.az-a verdiyi müsahibədə hər kəsi maraqlandıran sualları cavablandırıb.

- Sizi təbrik edir, yeni işinizdə uğurlar arzulayıram.

- Diqqətiniz və təbrikiniz üçün təşəkkür edirəm. Yenidən sizinlə danışmaq, müsahibə vermək xoşdur. Hər şeyin arzuladığımız kimi olacağına ümid edirəm.

- “Qəbələ”dən nə vaxt təklif aldınız və bu, sizin üçün nə dərəcədə gözlənilməz oldu?

- “Qəbələ”nin sonuncu oyunundan sonra axşam saatlarında zəng gəldi. Mənə doğma olan Səbuhi Səfiyarlı əlaqə saxlamışdı. Dedi, vəziyyət bu cürdür, “Qəbələ”ni Premyer Liqada saxlamaq lazımdır və bu işdə sizin köməyinizə ehtiyac var. Vaxt istədim və köməkçi dostum Georgi Çixradze ilə danışdım. “Qəbələ”ni xilas etmək üçün razılıq verdik.

- Sizə indiyə qədər Azərbaycan klublarından bir neçə təklif olsa da, imtina etmişdiniz. Niyə məhz “Qəbələ”?

- İlk növbədə mənə zəng edən dostum Səbuhi idi. Onun sözünü və xahişini yerə sala bilməzdim. Digər səbəb “Qəbələ”nin böyük klub olmasıdır. İki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib, iki dəfə ölkə kubokunu qazanıb və daim medallar uğrunda mübarizə aparıb. Burada işləmiş məşqçilərin adlarına baxın: Toni Adams, Yuri Syomin, Roman Qriqorçuk... Bu fakt klubun səviyyəsindən xəbər verir. Şəhər möhtəşəmdir, insanları qonaqpərvərdirlər. Buradakı infrastrukturdan isə saatlarla danışmaq olar. Akademiya, möhtəşəm futbol meydançaları, məskunlaşma, qidalanma – hər şey əladır. Bütün bunlar mənə motivasiya verdi və bu gün buradayam.

- Hədəf təbii ki, “Qəbələ”ni elitada saxlamaqdır.

- Əlbəttə. “Qəbələ”nin Premyer Liqadan getməsi təkcə klub və bölgə yox, Azərbaycan futbolu adına faciə olacaq. Çox çətin vəziyyətdir. Siz, biz, hər kəs əlimizdən gələni etməliyik ki, “Qəbələ”ni qoruyaq. Əsas odur yad adamlar deyilik. Azərbaycan futbolunda təcrübəmiz var, mühitə bələdik. Ən vacibi məni və Georgini sevən insanların, azarkeşlərin sayı kifayət qədərdir. Bütün bunları nəzərə alıb çiyinlərimizi çox-çox ağır yükün altına qoyduq.

- “Qəbələ”nin maddi imkanları yüksək deyil. Bu məsələdə necə razılaşdınız?

- Gizlətməli heç nə yoxdur, açıq deyəcəyəm. Burada alacağım maaş məşqçilik karyeramın ən az məbləğli məvacibi olacaq. Heç kimlə razılaşmazdım, amma dostlarıma və məhz “Qəbələ”yə görə gəldim.

- Təyinatınızdan sonra sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri sizin “Qəbələ” rəhbərliyi ilə çoxdan razılaşmağınız və komandanın uğursuzluğunun planlı şəkildə təşkil olunması ilə bağlıdır. Ehtimallara görə, Elmar Baxşıyevin istefaya göndərilməsinin arxasında sizin komandaya gətirilməyiniz dayanırmış.

- Yox-yox, qətiyyən yox! Çox danışmayacağam. Bu həyatda mənə övladlarımdan və nəvələrimdən əziz heç kim ola bilməz. Onların canına and içirəm ki, iki gün əvvələ qədər heç vaxt “Qəbələ” rəsmiləri ilə söhbətim olmayıb. “Sumqayıt”dan təklif almağımı hamınız bilirsiniz, qış fasiləsinə qədər başqa bir klubla da söhbətimiz olmuşdu. Amma “Qəbələ” ilə heç vaxt. Bunu yazanlar, ya da iddia edənlər düşmənlərdir. Qeyri-ciddi, heç bir məntiqə söykənməyən ehtimaldır. Kim komandanı bu vəziyyətə salar ki, Elmar getsin, Kaxa gəlsin. Mən sizə and içdim, vəssalam.

- Bizdə məsəl var, şər deməsən xeyir gəlməz. Allah eləməsin, “Qəbələ” elitadakı yerini qoruya bilməsə, taleyiniz necə olacaq?

- Çempionatın durumu ilə demək olar tanışam. “Qarabağ”ı çıxmaq şərti ilə... “Qarabağ” demişkən, Azərbaycan futbolu və Qarabağ adına qızıl hərflərlə tarix yazan “Qarabağ”ı təbrik etmək istəyirəm. Qurban Qurbanovu, klubda çalışanları, futbolçuları, bu işdə əməyi olan hər kəsi “Braqa” səddini keçmələri münasibəti ilə təbrik edirəm.

- “Qarabağ”dan danışdıq, əsas sual cavabsız qaldı.

- Bu dəqiqə mən dediyinizi düşünsəm, heç nə alınmayacaq. Heç nə edə bilməyəcəyik. Çempionatda qala bilməmək, mövsümü axırıncı yerdə bitirmək mövzusu mənim və bizim üçün yoxdur, ola da bilməz! “Qəbələ”ylə xoş fikirlərlə gəlmişik, xoş əhval-ruhiyyə ilə işə başlayırıq və xoş sonluğa ümid edirik. Başqa heç nə düşünmürük.

- Yeri gəlmişkən, komandanı nə vaxt ilk məşqə çıxaracaqsınız?

- Bir saatda sonra (gülür).

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!