“10 gün futbol haqda düşünə bilmirdim” – O, kimdən ehtiyat edir?

25 Fevral 14:00 Müsahibə 408
“10 gün futbol haqda düşünə bilmirdim” – O, kimdən ehtiyat edir?

“Zirə” Premyer Liqada ardıcıl 10-cu oyunda qələbəyə həsrət qaldı.

Ölkə kubokunda iki önəmli qələbə sayəsində yarımfinala adlayan “qartallar” bu dəfə “Neftçi”yə 0:1 hesabı ilə uduzdu.

Zirəlilərin üzgünlüyü anlaşılan idi. Buna baxmayaraq, kapitan Qismət Alıyev Sportinfo.az-ın suallarını cavablandırdı.

- Allah dünyasını dəyişən atana rəhmət etsin!

- Diqqətinizə görə çox sağ olun. Ölənlərinizə rəhmət!

- Məlum hadisədən sonra oyunlara necə hazırlaşırsan? Meydanda özünü necə hiss edirsən?

- Həyatdır, hamının başına gələ biləcək işdir. Hardasa 10 gün futbol haqda düşünə bilmirdim. Oturub fikirləşdim, öz-özümə dedim ki, bundan sonra heç nəyi dəyişə bilməyəcəyəm. Allahın işidir, qədəridir, barışmalıyam. Ondan sonra nisbətən özümə gəlməyə çalışıram.

- Meydandakı aqressivliyin, sərtliyin azalıb sanki. Ən azından hakimlərə münasibətdə kifayət qədər sakit görünürsən.

- Son matçlara 3 “sarı” ilə çıxıram. Daha bir vərəqə növbəti oyunda cəzalı duruma düşməyimə səbəb ola bilər. Özünüz də görürsünüz ki, hakimin üzərinə gedib bir söz deyən kimi vərəqə göstərirlər. Ona görə də təmkinli olmağa çalışıram. Elə dönəmdəyik ki, bu dəqiqə bütün oyunların nəticəsi ciddi önəm daşıyır.

- 10 oyunda qələbə qazana bilməməyinizi nəylə əlaqələndirirsən?

- İnanın, özüm də bunu başa düşə bilmirəm. Elə oyunlar olub ki, həqiqətən qələbəyə yaxın olmuşuq, qol vurmuşuq. Bizə bir qələbə lazımdır. Onu əldə etsək, davamı mütləq gələcək. Məşqlərdə səylə çalışırıq, təhlillər zamanı nə etməli olduğumuzu görürük, məşqçilər heyəti səhvlərimizi göstərir. Amma yenə də nəsə çatmır sanki.

- “Zirə”nin ən böyük problemi rəqibin cərimə meydançası daxilində təhlükə yarada bilməməsidir. Hər dəfə son anda nəsə çatmır.

- Məşqlərdə ən çox bunun üzərində çalışırıq. Rəqibin cərimə meydançasının daxilində, yaxud həndəvərində son ötürmə və ya son zərbə çatmır. “Neftçi”ylə oyuna baxaq. Rəqib bir təhlükəli vəziyyət yaratdı, o da qol oldu. Halbuki, bizim hücum sayımız daha çox idi.

- Eldar Quliyev, Rəhim Sadıxov, Valadislav Kulaç – hücum potensiallı rusdilli futbolçularınız “Zirə”ni arxasınca apara bilmirlər. Kapitan qismində onlarla söhbət edirsən? Səbəb kimi nəyi göstərirlər?

- Tək onlarla yox, ümumi komanda ilə söhbətlərimiz olur. Məşqçilərlə görüş öz yerində, futbolçularla söhbət edirik. Problem təkcə adlarını çəkdiklərinizdən asılı deyil. Hücumameyilli bütün futbolçular məsuliyyəti dərk etməlidir. Bu çempionatda cəmi 14 qol vurmuşuq, ən zəif məhsuldarlıq bizdədir. Baş məşqçimiz bu faktı tez-tez diqqətə çatdırmaqla izah etməyə çalışır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!