"Qarabağ"ın uğurlarının sirri nədə gizlənir? - Qurban Qurbanovun "sağ əli" açıqladı

25 Fevral 20:00 Müsahibə 1 503
"Qarabağ"ın uğurlarının sirri nədə gizlənir? - Qurban Qurbanovun "sağ əli" açıqladı

Elçin Rəhmanov – “Qarabağ”ın gizli qəhrəmanlarından biri və ya Qurban Qurbanovun ən yaxın adamı.

O da 15 ildi “Qarabağ”ın Avropadakı zəfər yolunu Qurban Qurbanovla çiyin-çiyinə addımlayır.

Ötənlərin məşhur futbolçusu meydanda olduğu kimi, meydandan kənar - Qurbanovun məşqçilər korpusunda da sakit xarakteri ilə tanınır.

Amma Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə cavab görüşündə bolqarıstanlı hakim verdiyi qərarlarla hər kəs kimi onun da əsəblərini tarıma çəkməyi bacardı.

Və alışmadığmız emosionallıqla baş hakimin qərarına etiraz edən təcrübəli mütəxəssis qarşısında qırmızı vərəqə gördü.

Qarşılaşmadan sonra "mix-zona"da futbolçulardan çox, gözüm Rəhmanovu axtarırdı.

Meydanda sakitliyini pozan adam, bəlkə mətbuata danışmamaq kimi şakərindən də əl çəkər deyə.

Tarixi qələbə ilə bağlı qarşılıqlı təbrikləşmədən sonra danışmaq müraciətimə yenə alicənablıqla “yox, qalsın sonraya” – dedi.

Lakin müəyyən isrardan sonra qısaca da olsa danışa bildik.

- Nəfəsləri kəsən matçla bağlı nələri bizimlə bölüşə bilərsiniz?

- O qədər emosional oyun idi ki, danışmaq bir az çətindir. İlk öncə azarkeşləri, futbol ictimaiyyətini və bizə inanan hər kəsi təbrik edirəm. Möhtəşəm qələbə oldu. Azarkeşlər möhtəşəm idi. Bir də uğurun səbəbkarları olan futbolçulara minnətdaram. Hər birini bağrıma basıram, öpürəm. Nələri vardı bu gün meydanda artıqlaması ilə qoydular. Hər birinə halal olsun.

- Bolqarıstandan olan hakimlər briqadası sizin kimi sakit təbiətli birinin belə bu axşam əsəblərini tarıma çəkməyi bacardı…

- Hakimlərdən danışsaq bir az düzgün çıxmaz. Amma belə oyunlarda bəzən emosiyalara qapanırsan. Oyunun yükü çox böyük idi. İnsan özünü hərdən saxlaya bilmir və özündən çıxır. Olur belə şeylər də (gülür). Əsas odur ki, şükür olsun sonluq yaxşı oldu.

- Belə qələbəyə görə əsəbiləşməyə, hətta qırmızı vərəqə də almağa dəyərdimi?

- Mütləq. Əlbəttə ki, buna dəyərdi (gülür). Bunu bayaqdan hər kəs mənə deyir. Əslində biz məşqçilər hər nə olsa da səbrli olmalıyıq. Amma sonucda insanıq. Bəzən biz də özümüzdən çıxa bilirik.

- Hansısa məqamda hər şey bitdi deyə ağlınızdan bir fikir keçdimi?

- Futbolçulara sonsuz dərəcədə inamımız vardı. Son saniyəyə kimi inanırdıq ki, qələbə bu gün bizim olmalıdır. Hətta hər şeyin bitdiyi kimi görünən 0:2-də və əlavə vaxtda qapımıza vurulan penaldan sonra belə inanırdıq. Uşaqların hər biri meydanda bizim inamı doğrultdular.

- Qurban Qurbanovun “sağ əli”, ən güvənli adamı hesab olunursunuz. Bu qədər uğurların qazanılmasının sirrini də bilməmiş olmazsınız…

- Hər zaman maksimum çalışırıq ki, işimizə peşəkar yanaşaq. Maksimum dürüst olmağa çalışırıq. Daha çox işləmək, hətta daha çox öyrənmək... Öyrənmək heç vaxt gec deyil. Hər zaman ən yüksək səviyyədə çalışırıq ki, məşqçilərin üzərinə düşən işin hər bir detalının ən yaxşısını edək. Məncə, uğurların sirri bunda gizlənir.

- Azərbaycan çempionatından çıxan bir komandanı Avropa arenasında meydana belə top-klub səviyyəsində çıxarmağın ağırlığını illərdi necə daşıya bilirsiniz? Paltardəyişmə otağında futbolçulara belə oynamağın mümkünlüyünə necə inandıra bilirsiniz?

- Düzünü desəm, həqiqətən, ağır tərəfləri var. Amma Qurban müəllim bu şeyləri çox gözəl bilir. Lazım olan məqamlarda komandanı həm düzgün idarə edə bilir, həm də motivasiya verir. Çempionat və Avropada başqa olmaq psixologiyaya bağlıdır. Qurban müəllim də bu şeyləri hamıdan yaxşı bilir. Ona görə də hər zaman kollektivi düzgün idarə etmək, motivasiya vermək onun əlindədir (gülür).

- “Qarabağ” azarkeşləri əldə olunan uğurlara görə həm də Qurban Qurbanov və Elçin Rəhmanov tandeminə borcludur deyə bilərikmi?

- Yox, borc deməyək. Sadəcə hər addımda işimizə məsuliyyətli yanaşıb, daha yaxşı olmağa çalışırıq. Bu, bizim işimizdir. Həm komanda, həm azarkeşlər üçün ən yaxşısını etməyə çalışmışıq. Bundan sonra da eyni qalmağa davam edəcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 23:35 Çək və bizə göndər!