
“Neftçi”nin braziliyalı legioneri Yuri Matias Sportinfo.az-a müsahibə verib.
29 yaşlı müdafiəçi Premyer Liqanın son turunda “Zirə” üzərində 1:0 hesablı qələbədən danışıb, həmçinin digər sualları cavablandırıb.
- Çempionatda ardıcıl iki məğlubiyyətdən sonra qələbə qazanmağı bacardınız. Rahat nəfəs almaq olar?
- Rahat heç nə yoxdur, mövsümün sonuna qədər olmayacaq. Xüsusən də rəqib “Zirə”dirsə. Müdafiədə sıx oynayırlar, qapanmağı yaxşı bacarırlar. Onların qapısına qol vurmaq bütün komandalar üçün çətindir. Çətinliklərə baxmayaraq, 3 xalı bayram etməyi bacardıq.
- 24-cü turda Tovuz səfərinə yollanacaqsınız. “Turan Tovuz” da müdafiə olunmağı bacaran rəqibdir.
- Hər şey özümüzdən asılıdır. Qələbəni lazımi qədər istəyəndə onu qazanmaq olur. Bu gün bunu sübut etdik. Həftəiçi məşqlərdə səylə çalışmaqla səfərdən 3 xalla qayıda bilərik. Əlbəttə, çətin olacaq, İstənilən halda komandamızın gücünə inanıram.
- Azarkeşlərlə problemin yoxdur ki? Araznızdakı əvvəlki istilik sanki indi yoxdur.
- Məni sevən insanlarla nə problem ola bilər ki? Heç bir problem yoxdur. Onları sevirəm və hər matçda bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Biz də bacardıqca qarşılığını verməyə çalışırıq.
- Miodraq Bojoviçlə 1 aydan artıqdır birlikdə çalışırsınız. Necə məşqçidir? Əsas özəllikləri nədir?
- Mənim üçün çox rahatdır. Bəlkə də ilk həftələrdə bizdən konkret nə istəməsi ilə bağlı suallar var idi. Lakin indi hər şey məlumdur. Baş məşqçi dəyişikliyi olanda istər-istəməz təzə-təzə çətin olur, zamanla uyğunlaşırsan. Bir neçə həftədən sonra indikindən də yaxşı olacağımızı düşünürəm.
- Söz verirsən?
- Söz vermirəm. Onu deyə bilərəm ki, “gümüş” üçün canımı və həyatımı verəcəyəm.
HƏBİB