Atası ağdamlı, anası alman olan futbolçunun "Qarabağ" sevgisi ilə tanış olun - MÜSAHİBƏ

14 Mart 11:20 Müsahibə 20 395
Atası ağdamlı, anası alman olan futbolçunun "Qarabağ" sevgisi ilə tanış olun - MÜSAHİBƏ

Budəfəki müsahibim Sübhan Bileşdir.

Adı zərbaycanlı, soyadı alman olan həmyerlimiz.

Atası ağdamlı, anası alman olan Sübhan dünyaya göz açdığı Almaniyada futbolun sirlərini öyrənir.

Avropanın mərkəzində idmanın şahı ilə məşğul olan yeniyetmə barədə uzun müddətdir məlumatlıyam.

Saytın oxucularından birinin vasitəçiliyi ilə tanış olduğum 14 yaşlı həmyerlimiz ilə bu dəfə söhbətləşməyimdə məqsəd onu həm də sizlərə tanıtmaq oldu.

- Sübhan, səni Azərbaycandan müsahibə üçün narahat edirəm.

- Təşəkkür edirəm. Şad oldum. Buyurun.

- İlk olaraq özün barədə "Sportinfo"nun oxucularına hansı bilgiləri verə bilərsən?

- Mən 28 oktyabr 2009-cu ildə Almaniyanın Oberhauzen bölgəsində anadan olmuşam. Atam azərbaycanlı, anam isə almaniyalıdır.

- Futbola nə vaxtdan gedirsən?

- Futbola başlayanda 5 yaşım vardı. Hazırda "Schwarz və Alstaden" klubunda çıxış edirəm.

- Hansı mövqedə çıxış edirsən?

- Əsasən sağ və ya sol müdafiəçi kimi oynayıram. Lakin bəzən mərkəz müdafiəçisi və ya yarımmüdafiəçi kimi də oynamışam.

- Klub hansı liqanı təmsil edir?

- Region Liqasının B qrupunda çıxış edir.

- Gələcəkdə harda oynamağı xəyal edirsən?

- "Qarabağ"da.

- "Qarabağ"ın oyunlarını izləyirsən?

- Bəli. Demək olar ki, davamlı oyunlarını izləyirəm. Bu klubun sadiq fanatıyam.

- Deməli, Almaniyada "Qarabağ"ı yaxşı tanıyırlar...

- Xeyr. Hətta deyərdim ki, burada heç kim "Qarabağ"ı tanımır.

- Bəs sənin bu kluba marağın necə yaranıb?

- Kiçik yaşlarımda atam "Qarabağ" haqqında mənə çox danışırdı. Və zaman irəlilədikcə "Qarabağ"la daha çox maraqlanmağa başladım. İndi isə bu futbol klubunu sevirəm və böyüyəndə bu klubda oynamaq istəyirəm.

- Sevimli klubunda sevimli oyunçun kimdir?

- Bu komandanın bütün oyunçularını sevirəm. Hər biri “Qarabağ”ın bir parçasıdır. Lakin seçim qarşısında qalsam Abdullah Zubiri seçərdim. Bir də komandanın baş məşqçisi
Qurban Qurbanov haqqında ancaq xoş sözlər deməliyəm. Parlaq məşqçidir, yəqin ki, “Qarabağ”ın indiyə qədər gördüyü ən yaxşı məşqçidir

- Almaniyada yaşayırsan. Bəs Bakıya qonaq kim gəlib-gedirsən?

- Bəli, zaman-zaman gəlib Bakıda qalıram. Burada atamgilin qohumları yaşayır. Azərbaycanda vaxt keçirməyi sevirəm.

- Həmin müddətdə "Qarabağ"ın oyunlarına getmək imkanın heç oldumu?

- Təbii ki. Komandanın bir çox oyunlarına getmişəm. Yalnız Bakıda yox, səfər oyunlarında da olmuşam. “Qarabağ”ın “Frayburq” və “Bayer”lə Almaniyada, “Nants”la isə Fransada baş tutmuş oyunlarını stadiondan canlı izləmişəm.

- Bu arada təmsilçimizi Avropa Liqasının 1/8 final mərhələsində Almaniya nəhəngi "Bayer"lə oyunlar gözləyir...

- Bəli, rəqib çox güclüdür. Amma hər zaman olduğu kimi "Qarabağ"a güvənməliyik. İnşallah, Leverkuzendəki matçı canlı izləyəcəm.

- "Qarabağ"a olan xüsusi simpatiyan ortadadır. Bəs Azərbaycan millisində oynamaq barədə düşünmürsən?

- Çox istərdim ki, Azərbaycan millisində oynayım. Bu, ən böyük xəyalımdır.

- AFFA-dan səninlə maraqlanan olub?

- Xeyr. Təəssüf ki, hələ yox.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"